!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-ın seçki siyahısı: blef yoxsa gerçək

!Reklam – Yazi

timthumb (1)Hakim partiyanın boş saxladığı 7 dairənin sahibləri bəlli oldu; Ziya Məmmədovun qardaşı tərəddüddə; müxalifət liderləri rəqibləri barədə danışdılar

Hakim partiyanın deputatlığa namizədlərinin siyahısı ətrafında ciddi müzakirələr gedir. Qeyd edək ki, YAP qarşıdan gələn parlament seçkilərində 125 dairədən 117-si üzrə namizədlərini irəli sürdüyünü açıqlayıb. Xankəndi seçki dairəsi üzrə YAP-ın partiya təşkilatı olmadığına görə, nə namizəd irəli sürülməyib, nə də hansısa kənar namizədin dəstəklənəcəyi barədə hələlik qərar qəbul edilməyib. YAP rəhbərliyi 117 deputat yerinə iddialı olduğunu bildirib.

Müşahidələr və gələn informasiyalar göstərir ki, YAP-ın siyahısının açıqlanmasından sonra da sürprizlər olacaq. Hər halda, hakim partiyanın namizəd irəli sürdüyü, ancaq daha vacib personalara “yaşıl işıq” yandırdığı dairələr də az deyil. Bitərəf olaraq seçkilərə qatılan şəxslərin dairələrinin yerdəyişməsi də xeyli maraq doğurur.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin hansı dairədən namizəd olacağı dəqiqləşib. Aznews.az-ın məlumatına görə, şura sədri bu dəfə 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürəcək. Xatırladaq ki, keçən çağırış seçkilərdə 8 saylı dairədən spiker Oqtay Əsədov seçilmişdi. A.Quliyevin deputat olduğu 46 saylı Şirvan seçki dairəsindən isə deputat Rəfael Cəbrayılovun namizəd olacağı deyilir.

Bu arada YAP-ın namizəd irəli sürmədiyi seçki dairələrində dəstəkləyəcəyi şəxslərin adları məlum olub. “Trend” xəbər verir ki, qarşıdan gələn parlament seçkilərində hakim partiya namizədlərini irəli sürmədiyi 7 seçki dairəsində digər siyasi partiyalardan Xanhüseyn Kazımlının (Sosial Rifah Partiyasının sədri), Fəzail Ağamalının (Ana Vətən Partiyasının sədri), Qüdrət Həsənquliyevin (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri), bitərəflərdən isə Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyevin və Zahid Orucun namizədliklərini dəstəkləyəcək.

Ötən seçkilərdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinə mandat uğrunda mübarizədə qalib gələn Hacı Salayev bu dəfə həmin dairədən namizəd olmayacaq.

Siyahıda xeyli yeni və maraqlı adlar var. Onlardan biri də 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülən, 1983-cü il təvəllüdlü Həmzəyev Naqif Ələşrəf oğludur. Deputatlığa namizəd olan bu gənc Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin birinci müavinidir. YAP 2010-cu ildə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Asəf Hacıyevin namizədliyini irəli sürmüşdü.

YAP-ın açıqladığı siyahıda da dəyişikliyin edildiyi barədə xəbər yayılıb. Məlumata görə, 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Əhmədli Orxan Nofəl oğlunun namizədliyi açıqlansa da, bir neçə saat sonra eyni dairədən Qarayev Elçin Müzəkkir oğlunun namizədliyi irəli sürülüb və birincinin adı siyahıdan çıxarılıb. YAP-ın icra katibininin müavini Siyavuş Novruzov isə “Yeni Müsavat”a dedi ki, bu, siyahının hazırlanması zamanı baş verən texniki səhvin nəticəsidir və başqa səbəb yoxdur.

Artıq namizədliyin irəli sürülməsi üçün qısa zaman qalsa da, tərəddüddə olanların da sayı kifayət qədərdir. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov hələ seçkidə iştirak edib-etməməsi ilə bağlı qərar verməyib. Bu barədə məlumatı aznews.az-a özü deyib. O bildirib ki, hansı dairədən namizəd ola biləcəyini də düşünməyib. Onun 2010-cu ildə mandat qazandığı 91 saylı Ucar seçki dairəsindən isə YAP-ın namizədi Vüsal Hüseynovdur.

94 saylı Bərdə kənd seçki dairəsinin deputatı Gövhər Baxşəliyeva bu seçkilərdə 93 saylı Bərdə seçki dairəsindən namizəd olacaq. Bu haqda modern.az saytına onun özü məlumat verib.

93 saylı Bərdə şəhər seçki dairəsinin deputatı Zahid Oruc bu gün öz namizədliyini irəli sürəcək: “Deputatlıq fəaliyyətim müddətində dairə fərqi qoymadan bütün Bərdə əhlinə xidmət göstərməyə çalışmışam. YAP-ın da hər zaman siyasi dəstəyi üzərimizdə olub. Bu dəfə 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyimi verəcəyəm”.

Qeyd edək ki, YAP 94 saylı Bərdə kənd seçki dairəsindən Xəlilov Sadiq Vaqif oğlunun namizədliyini irəli sürüb. YAP 93 saylı dairədən namizəd göstərməyib.

YAP-ın siyahıya adı salınmayan komitə sədri Rəbiyyət Aslanova “Qafqazinfo”ya “Partiyamız necə məsləhət bilir elə də olur. Mən bu partiyanın üzvüyəm və YAP-ın qərarına da hörmətlə yanaşıram. Həmin dairədən namizədliyini irəli sürmüş şəxsə uğurlar arzu edirəm. Hər şey dövlətimiz, ölkəmiz üçün” deyib. “Müstəqil olaraq namizədliyinizi irəli sürmək haqqında düşünürsünüzmü?” sualına isə Rəbiyyət Aslanova belə cavab verib: “Yox, elə bir şey düşünmürəm…” Xatırladaq ki, 109 saylı Balakən seçki dairəsindən R.Aslanovanın yerinə icra başçısı vəzifəsindən azad edilən Nəsib Məhməliyevin namizədliyi irəli sürülüb.
***
Bəs müxalifət liderlərinin rəqibləri kimlərdir? Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin namizəd olduğu 15 saylı Yasamal 1-ci seçki dairəsindən YAP-ın namizədi Bayram Aslanovdur.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyubun 30 saylı Suraxanı 1-ci seçki dairəsində rəqibi YAP-ın namizədi, hazırkı deputat Sevinc Fətəliyevadır.

33 saylı Xətai 1-ci seçki dairəsindən Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı indiki deputat, YAP üzvü Hüseynbala Mirələmovla mübarizə aparacaq.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə Gəncə şəhərindəki 38 saylı seçki dairəsindən namizəddir. YAP bu dairədən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Naqif Həmzəyevin namizədliyini irəli sürüb.
Azərbaycan Milli Demokrat Partiyasının sədri (AMDP) İsgəndər Həmidov 123 saylı Kəlbəcər seçki dairəsində YAP-ın irəli sürdüyü, indiki deputat, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla yarışacaq.
43 saylı Sumqayıt seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildirən KXCP sədri Mirmahmud Mirəlioğlunun YAP-çı rəqibi hazırkı deputat Muxtar Babayevdir.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 22 saylı Nəsimi ikinci seçki dairəsində hakim partiyanın namizədi Rahib Hacıyevlə mübarizə aparacaq.

26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyini verən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın əsas rəqibi YAP-ın namizədi Kamran Qədirovdur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hakim partiyanın namizədi Zərnişan Abidova ilə 31 saylı Suraxanı ikinci seçki dairəsində rəqibdir.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin namizəd olduğu Xətai üçüncü seçki dairəsindən isə YAP-ın namizədi Ağrılı Aliyə Reyman qızıdır. Onun YAP-ın Mərkəzi Aparatında çalışdığı deyilir.

İ.Ağazadə “Yeni Müsavat”a açıqlamasında rəqibi haqqında yalnız bunları bildirdi: “Bütün namizədlər bərabərdir. Müxtəlif partiyalardan namizəd irəli sürülüb, o cümlədən də YAP-dan. Bizim seçkiyə qatılmağımızda əsas məqsəd seçkini udmaqdır. Çalışacağıq ki, seçkini udaq”.

M.Mirəlioğlu “Yeni Müsavat”a dedi ki, seçki mühiti onları boykot variantı üzərində düşünməyə vadar edir:“20-dən artıq dairədə bizim blokun namizədlərini qeydə almırlar. Hələ YAP-ın siyahısı açıqlanmazdan qabaq rayon icra başçıları çox möhkəm əl-ayağa düşüblər, dairələr üzrə təhdidlər edirlər, təhsil şöbəsinin müdirləri, direktorlar, müəllim işləyən namizədlərimizə təzyiq göstərirlər”. KXCP sədri bütün bu hallara qarşı etirazını bildirməklə bərabər növbəti addımların da anonsunu verdi: “Hakimiyyətdə güclü bir xətt var. Bu xətt bütövlükdə Rusiya xəttidir. Hazırkı Avropa-Azərbaycan münasibətlərini bütün istiqamətlərdə daha da pisləşdirmək, ziddiyyətləri dərinləşdirmək, həm də seçkidə boykot yolunu tutanların sayını artırmaq istəyirlər. Biz də heç bir çətinlik çəkmədən istədiklərini onlara verə bilərik”.

“Turan” Agentliyinin direktoru Mehman Əliyev YAP-ın siyahısı ilə bağlı dedi ki, bu cür nəticəni gözləyirdi:“Siyahıya tam baxmasam da, təxmini parametrləri bilirəm. Əslində başqa cür də gözləmək olmazdı. Mən əvvəlcədən də məlumatlıydım. Keçən dəfəki seçkilərdən fərqli nəsə olacağını gözləmirəm. 3-5 nəfərin dəyişməsi heç nə demək deyil”. Ancaq M.Əliyev müxalifətdən bir neçə nəfərin parlamentə düşəcəyini proqnozlaşdırır. Hesab edir ki, hakimiyyət bir neçə müxalifət liderinin mandatını tanıya bilər.

YAP-dan deputatlığa namizədliyi irəli sürülən rektorlardan deputat seçilənlər avtomatik rektor vəzifələrini itirəcəklər.

Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də əksini tapıb.

S.Novruzovun sözlərinə görə, qəbul olunmuş son qərar belədir ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçildiyi təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər. Qeyd edək ki, YAP-ın ötən gün açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abıyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var. Artıq S.Seyidovun rektorluqdan getməyə hazırlaşdığı, 14 ildir çalışdığı universitetdə təhvil-təslim işlərinə başladığı bildirilir.

YAP-ın 29 saylı Səbayel seçki dairəsi üzrə Şəmsəddin Hacıyevi namizəd göstərməsi də maraqla qarşılanıb. Xatırladaq ki, keçən seçkidə bu dairədən deputat Fuad Muradov seçilib. “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, F.Muradovun 34 saylı Xətai seçki dairəsindən namizəd olması razılaşdırılıb.

Milli Məclisin deputatı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə YAP-ın açıqladığı siyahıda adının olmaması məsələsinə münasibət bildirib. Deputat publika.az-a açıqlamasında deyib ki, o, partiyanın bu qərarına hörmətlə yanaşır: “YAP necə məsləhət bilibsə, elə də olmalıdır. Mənim bu qərara heç bir etirazım yoxdur. Hazırda Məkkədə Allahın evində ziyarətdəyəm. Mənim üçün bundan böyük məsuliyyətli vəzifə ola bilməz. Azərbaycan xalqı, dövləti üçün və Qarabağın azad olunması üçün dualar edirəm”.

Onu da qeyd edək ki, YAP İdarə Heyətinin yeddi üzvünün deputatlığa namizədliyi irəli sürülüb.
“Report”un məlumatına görə, YAP-ın açıqladığı deputatlığa namizədlər siyahısında partiyanın İdarə Heyətinə daxil olan 7 nəfərin adı var.

Hakim partiya 14 saylı Xəzər seçki dairəsindən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, 1 saylı Şərur-Sədərək seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun, 5 saylı Şahbuz-Babək seçki dairəsindən YAP icra katibinin müavini, hazırda Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş Novruzovun, 61 saylı Neftçala seçki dairəsindən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin, 84 saylı Füzuli seçki dairəsindən Milli Məclisin sədr müavini Bahar Muradovanın, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun və Azərbaycanın rus icmasının rəhbəri, deputat Mixail Zabelinin namizədliyini irəli sürüb.

Deputat Çingiz Qənizadə də noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak etmək üçün namizədliyini yenidən irəli sürüb. O bildirib ki, artıq seçki ilə bağlı sənədlərini seçki dairə komissiyasına təqdim edib: “Hesab edirəm ki, rəqiblərimi çox böyük səs fərqi ilə udub seçkilərdə qalib olacağam”.

Yenicag.az

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv