Yarmarka satıcıları fəryad etdi: “Xərcimiz borcumuzu ödəmir…” – Reportaj+FOTOLAR

Yarmarka satıcıları fəryad etdi: “Xərcimiz borcumuzu ödəmir…” – Reportaj+FOTOLAR

Müəllif: Redaktor

Editor


yarmarkayeniYeni ilin gəlişinə bir gün qalıb. Hər bayramın özünəməxsus keçirilmə qaydası və adət-ənənəsi var. Bayramda ilk öncə süfrələr mövsümə uyğun naz-nemətlə bəzədilir. Süfrənin bəzədilməsi üçün mütləqdir ki, bazarlıq edəsən.

Öncə Respublika Kənd Təsərrüfatı Nazirliyinin bayramla əlaqədar təşkil etdiyi yarmarkalarda durumu öyrənmək üçün yolumuzu Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nın yanındakı yarmarkadan saldıq. Burada paytaxt sakinlərinin bayrama necə hazırlaşmalarını müşahidə etdik və yeni qiymətlərdən razı olub-olmadıqları ilə maraqlanmağa çalışdıq. Daha çox satıcı vardı, arada tək-tük alıcı da görə bildik. Müştəri az olsa da, meyvə-tərəvəzin qiyməti sabit idi. Demək olar ki, yarmarkada daha çox rayonlardan gələn satıcılar vardı. Biz də yaxınlaşıb, qiymətlərlə maraqlanmaq istədik. Bizi kənardan müşahidə edən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Arzu Hüseynov xoş ovqat, gülərüz və səmimili davranışla yaxınlaşdı. Onunla qısaca həmsöhbət olduq. Hətta bazara nəzarətin güclü olmasını da gördük. Arzu Hüseynov bazarı gəzir və qiymətlərin stabil qalmasına ciddi nəzarət edirdi:

-Bazarda satılan meyvə-tərəvəz haradan gətirilib?

– Xaçmaz, Beyləqan, Tərtər, Qusar, Salyan, və Astara rayonlarından…

– Qiymətlər nazirlik tərəfindən müəyyənləşdirilib, yoxsa?

– Bəli, nazirlik müəyyənləşdirir.

– Bazara nazirliyin nümayəndəsi kimi siz nəzarət edirsiniz. Alıcıların fikrini öyrənmisiniz heç, razıdırlarmı?

– Son iş günləri olduğu üçün bazara gəlib-gedən azdır. Demək olar ki, alıcı yoxdur, ancaq satıcılardır. Bazarda qiymətlər münasibdir, çox ucuzluqdur. “Keşlə bazarı” ilə yanaşı olduğumuza görə müqayisəni də real edirik. Təəssüf ki, bazarda alıcı tapmaq çətindir.

Qusar rayonunda alma gətirən Hüseyn adlı satıcı ayın 24-dən yarmarkada olduğunu və “alverin” zəifliyindən gileyləndi:

– Keçən il belə deyildi. Bu il çox zəifdi. Baxın bazara… adam yoxdu (əlini bazara uzadır-red). Neçə gündür burdayam, heç 500 kilo alma sata bilməmişəm. Bazara alıcı girəndə az qala qabağına qaçıb yalvarırıq ki, gəl, bizdən nəsə al. Belə də dərd olar, bu nə bəladı düşmüşük. Xərcimiz borcumuzu ödəmir. Gün ərzində ancaq qazandığımızı yeməyə veririk. Bu il bayramı gözləyirdik ki, yaxşı olar. Bu da bayram… (üzünü öz piştaxtasına tutub, deyinmyə davam edir-red)

Tərtər rayonundan gələn satıcı Vidadi Məmmədov da bazardakı gedişatdan narazı idi:

– Bizim bu yarmarkanın bazarın içində olması heç də sərf eləmir. Alıcılar yox dərəcəsindədir. Bu il “alver” çox zəifdir. Builki devolvasiyadan sonra təxmini bilirdim ki, vəziyyət bu cür olacaq, amma inanmağım gəlmirdi. Həm də bazara gələnlər, gəlib bazarlığını edir, bu tərəfə gəlib çıxanda ancaq elə qiymətlə maraqlanırlar. Səhərdən axşama kimi boş-bekar oturur, burda gün yubadırıq. Alıcıların çoxu bazara qaçır, yarmarkaya az-az gəlirlər. Elə bil onlara yarmarka maraqlı deyil.

Vidadi bizimlə həmsöhbət olduğu bir nəfər göyərtinin qiymətini soruşur. O da sözünü yarımçıq kəsib, “20 qəpikdir” deyir. Alıcı isə almayıb gedir…

-Görürsüz, bax, belə soruşub gedirlər. Heç almırlar da…

Vidadidən uzaqlaşıb, alıcılardan birinə yaxınlaşıram.

Münasib Həsənov adlı alıcı bazardan alış-veriş etdiyini, yarmarakada isə qiymətlərlə maraqlandığını deyir:

– Burdan kələm alacam. Qiymətlərdən hələ ki, xəbərim yoxdur. Yavaş-yavaş gəzib baxacam. Onu da deyim ki, yarmarkada çeşid qıtlığı var. İstədiyin hər şeyi tapmaq olmur.

– Əlinizdəkilərə baxdım: meyvə-tərəvəz almısız. Aldıqlarınızdan burda da var, elə burdan ala bilərdiniz…

– Nə bilim vallah… Elə girən kimi bazardan aldım deyə, bura girmək axıra qaldı.

Yeniçağ.Az yarmarkada olan kənd təsərrüfatı məhsullarının qiymətlərini təqdim edir:

Ət və qida məhsulları:

Toyuq – 1kq. – 3.40 qəpik
Hinduşka – 8-9 manat
Yumurta – 1 ədəd- 0.16 qəpik
Pendir – 1kq. – 4.50 qəpik

Meyvə:

Alma – 1kq. – 0.60 qəpik
Qızıl əhməd alması – 1kq. – 2 manat
Armud -1kq. – 1.70 qəpik
Naringi – 1kq. – 1.30 qəpik
Nar – 1 kq. – 1.30 qəpik
Xurma -1 kq. – 0.50 qəpik
Heyva – 1 kq. – 1.30 qəpik
Portağal -1 kq. – 1.70 qəpik
Ananas – 1 ədəd – 5 manat
Banan – 1 kq. – 2 manat

Tərəvəz:

Göyərti – 1 ədəd – 0.20 qəpik
Soğan – 1kq. – 0.70 qəpik
Turp, çuğundur – 1kq. – 0.80 qəpik
Kök -1 kq. – 1 manat

Apardığımız kiçik hesablamadan məlum oldu ki, bayram bazarlığı üçün ən azı 150-200 manat xərcləməlisən. Bu da çoxlarının bir aylıq maaşı deməkdir…

Nə deyək… Biz də “Allah bazar versin”, deyib bazardan çıxaq…

 

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Cəmiyyət, Manşet, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti