Yeni “Qarabağ" klubu yarandı – Özəl

Müəllif: Redaktor

Editor

Xəbər vermişdik ki, Azərbaycan Həndbol Federasiyasında dəyişikliklər olacaq. Yeni komanda yaradılacaq və təzə təyinatlar baş tutacaq. Həmçinin bildirmişdik ki, ABU voleybol klubunun adı da dəyişdirilə bilər.

Yeniçağ.az-ın xəbəri təsdiqini tapıb. Bunu AHF-in idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov da təsdiqləyib. O, saytımıza danışarkən milliləşmələrin də olacağını deyib:

“Vitse-prezidentlər, baş katib, şöbə müdirləri, yığmaların baş məşqçiləri seçilib. Qurumun prezidenti Saleh Məmmədov Rəfiqə Şabanova ilə söhbət etdi. Müzakirələrdən sonra qərara alındı ki, bundan sonra Şabanova fəaliyyətini vitse-prezident kimi davam etdirsin.

Qadınlardan ibarət yığma komandamızda baş məşqçi funksiyasını Voronov yerinə yetirəcək. Bundan əlavə Polşada baş tutacaq “Çağırış” kubokundan sonra ABU klubunun adı dəyişdiriləcək. Klubun yeni adı “Azəryol” olaraq düşünülüb. Həmin komandaya yeni baş məşqçi seçiləcək. Artıq qadınlardan ibarət 4 yeni klubun formalaşdırılması işinə start verilib. Bunlardan biri bölgə klubu olan Mingəçevirin “Nur” komandasıdır. “Nur” da daxili yarışlarda iştirak edəcək.

“Qaradağ” adlı klubumuz artıq fəaliyyət göstərmir. Amma bizim yeni “Qarabağ” klubumuz yaranıb. Bundan əlavə “Gənclər birliyi” təsis edilib. Fevralın sonlarında “Azəryol” və bu 3 klub arasında mini-turnir baş tutacaq. Fevralın 17-də başlayacaq çempionat 2 dövrədən ibarət olacaq. Yarışa mart ayında yekun vurulacaq”.

Kişi komandasının yaradılmasından da danışan qurum rəsmisi artıq bu yöndə işlərin getdiyini deyib:
“Kişilərdən ibarət yığma komandalar İslam Həmrəyliyi Oyunlarından sonra formalaşdırılmağa başlanacaq. Bu yöndə işlər gedir. Seleksiyalar aparılır. Sentyabr ayında kişilərdən ibarət 8, qadınlardan ibarət 6 komanda ilə ölkə çempionatına start verməyi düşünürük. Yeni mövsüm yaz aylarına kimi davam edəcək.

Həmçinin yığma üçün bir neçə əcnəbi idmançı da milliləşdirəcəyik. Qadınlar gündə iki dəfə ölkə daxilində hazırlıq keçirlər. Xaricdə çıxış edən həndbolçularımızı da ölkəyə dəvət edəcəyik. Çalışacağıq ki, mayda hər iki yığmamız oyunlarda yüksək səviyyədə çıxış etsin, böyük irəliləyiş olsun. Qadınlardan ibarət yığma üçün də milliləşdirmə işini planlaşdırmışıq.

Qadınlarımızın İslam Həmrəylik Oyunlarına hazırlıq prosesi davam edir. Belə rəhbərliklə Azərbaycan həndbolunda bizi böyük uğurların gözlədiyinə əminik”.

Xatırladaq ki, bu yaxınlarda AHF-yə yeni rəhbər təyin edilib. “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov Heydər Babayevi əvəz edib.

Aygün İlqarqızı

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır