www.sinerjipro.net

SinerjiProWide
Reklam

Son bir həftə ərzində mediada yol polisi ilə bağlı müxtəlif videolar yayımlanıb. Bu videogörüntülərin hamısında yol polisi əməkdaşlarının qeyri-etik davranışları, yol hərəkəti qaydalarını bilməyən vətəndaşlara hədə-qorxu gəlməsi öz əksini tapıb. Bir sıra yol polisi əməkdaşlarının qanunazidd hərəkətləri cəmiyyətdə birmənalı qarşılanmır. Onların cəzalanıb-cəzalanmayacağını bilmirik, çünki belə məsələlər çox az hallarda ictimaiyyətə açıqlanır.

“Ölkədə bəzi məmurlar vətəndaşa nökər kimi baxır”

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan hüquqşünas Aslan İsmayılovun fikrincə, məsələnin kökündə başqa nüansların
durduğunu deyir:

“Yol polisi hakimiyyətin bir hissəsidir. Hansı dövlət qurumunda insanlara hörmət, qayğı var ki, biz bunu yol polisindən də tələb edək? Bu ölkədə bəzi məmurlar vətəndaşa nökər kimi baxır və baş verən hadisələr də bundan qaynaqlanır”.

A.İsmayılov deyib ki, yol polisi əməkdaşlarının cəzalandırılması üçün xeyli sayda cəza mexanizmi var:

“Gün ərzində hakimlərlə bağlı korrupsiya halları aşkar olunur. İndiyə qədər hansı hakim cəzalanıb? Ayrı bir dövlət qurumunda xüsusi olaraq nə isə axtarmaq lazım deyil. Bu xəstəlik ayrı-ayrılıqda deyil, bütün cəmiyyətdə metastaz veribdir”.

“Hamısı pis ola bilməz, bu, mümkün deyil”

“106.3 FM” radiosunun “Avtostop” verilişinin müəllifi və aparıcısı Tural Yusifov isə deyir ki, video görüntüsü yayılan yol polisi işindən azad edilib:

“Təbii ki, bizim bilmədiyimiz bir neçə fakt var. İddia edə bilmərik ki, qanun pozuntusuna yol vermiş polis əməkdaşı cəzalandırılmır. Efir vasitəsilə deyilən hər bir tənqidin nəticəsi var. Sadəcə, ola bilər ki, biz onu görmürük, hər gün hesabat vermirlər. Bəyəm başqa sahələrdə hamı yaxşı işləyir? Yol polisində də belədir: biri yaxşı işləyir, digəri pis. Bu, dünyanın hər yerində belədir. ABŞ-da, Avropada, hətta Rusiyada belə bir polis yaxşı olduğu halda, digəri pis işləyir. Bəli, neqativ hallar var, şükürlər olsun ki, o da aradan qaldırılır”.

Aparıcı onu da bildirir ki, cəzalandırılan yol polisləri ilə bağlı siyahı adətən, ilin sonunda açıqlanır:

“Hətta yol polisi əməkdaşlarının hansı səbəbdən cəzalandırılması da həmin hesabatda öz əksini tapır. Sadəcə, bizə elə gəlir ki, cəzalandırılmır. Bizim gördüyümüz sadəcə, bir video görüntüdür və bunun əsasında 300 yol polisi əməkdaşı haqqında qərar veririk. Bu, bir nəfərlə bağlı faktdır. Amma biz qərar verə bilmərik ki, yerdə qalan 299 yol polisinin hamısı belədir. Hamısı pis ola bilməz, bu, mümkün deyil”.

“Yol polisi sistemində problemlər hələ də qalmaqdadır”

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımovun sözlərinə görə, yol polisi ilə bağlı sonuncu video onu göstərdi ki, daxili işlər orqanlarında, xüsusilə yol polisi sistemində problemlər hələ də qalmaqdadır:

“Ümumilikdə, daxili işlər orqanlarına edilən müraciətlərin tez və vaxtında cavablandırılmasını təqdir etmək lazımdır. Lakin yol polisi sistemi Daxili İşlər Nazirliyində bəlkə də yeganə qurumlardan biridir ki, orada şəffaflıq və hesabatlılığın təmin edilməsində ciddi problemlər var. Əgər Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşlarla işləyən şöbələrinə baş çəksək, görəcəyik ki, bütün qapılar arxadan kilidlənmiş vəziyyətdədir. Bu, Azərbaycan dövlətinin yeritdiyi siyasətə birbaşa ziddir. Çünki hökumətin ən yuxarı təbəqəsində bəyan edilib ki, şəffaflığın təmin edilməsi üçün lazımi addımlar atılmalıdır. Elektron hökumət çərçivəsində vətəndaşlarla məmurların birbaşa təmaslarının azaldılması üçün islahatlar həyata keçirilir. Dövlət yol polisi sistemi bəlkə də yeganə qurumlardandır ki, vətəndaşlarla işləyən məmurların əksəriyyətinin qapısı bağlı olur və qarşısında bir nəfər mülki şəxs dayanır. Bu fakt onu göstərir ki, yol polisində ciddi problemlər var. Yol polisinin maliyyə hesabatları ictimaiyyətdən gizlədilir. Şəxsi təcrübəmdən deyə bilərəm ki, bununla bağlı məlumatı məhkəmə vasitəsilə əldə etmişəm, özü də alayarımçıq. Bir neçə ilə əvvəl ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumlar polis əməkdaşlarına vətəndaşlarla davranış qaydaları ilə bağlı seminarlar keçirirdi. Zamanında yol polisi bu seminarlardan kənarda qaldı və bugünki neqativ hallar ona görə baş verir. Sonuncu videodan göründü ki, diqqət daha çox vətəndaşla davranışa deyil, bu hərəkətin lentə alınıb, sosial şəbəkədə yayılmasına yönəldildi. Buradan belə nəticəyə gəlinir ki, polis vətəndaşla istənilən formada rəftar edə bilər, amma videoya çəkib yaya bilməz. Yəni bu görüntüləri yayanda problem meydana çıxır, yaymasalar, o şəkildə də davam edə bilərlər.

Baxmayaraq ki, yol polisi avtomobillərinə videoregistrlər quraşdıraraq, görüntüləri qeydə alır, amma kifayət qədər qanun pozuntusuna yol verirlər. Düşünürəm ki, bu məsələlərə ən yüksək səviyyədə reaksiya olmasa, problem elə bu şəkildə də davam edəcək. Yol polisi sistemində köklü islahatların aparılmasına ehtiyac var. Avtomobillərə verilən dövlət nömrə nişanlarının elektron qaydada satışı ilə bağlı 3 ildən artıqdır ki, qanunvericilikdə maddə təsbit edilib. Amma bu günə qədər buna əməl olunmur. Elektron hökumət portalına dövlət qurumlarının xidmətləri əlavə edildiyi halda, bunu yol polisi ilə bağlı deyə bilmərik. Daxili İşlər Nazirliyinin mövqeyi də onu göstərir ki, nazirlik islahatlara açıqdır. Amma bu sahəni niyə belə saxlayırlar, ona mən də cavab tapa bilmirəm”.

Mövzu ilə bağlı Respublika Baş Dövlət Yol Polisi İdarəsinin “Yol hərəkəti təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr” şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlamağa cəhd etsək də, açıqlama ala bilmədik.

P.S. Adətən, mətbuat xidmətləri təmsil etdikləri dövlət qurumlarının güzgüsü rolunu oynayır. Yəni dövlət qurumunda baş verənlər elə özünü mətbuat xidmətinin fəaliyyətində də göstərir. Ancaq televiziya və bir sıra agentliklərlə çalışmaq heç də bütün media ilə işin yüksək təşkilindən xəbər vermir.

 

Bəxtiyar
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."