Fazil Məmmədov iqtisadi dəyişikliklər haqqinda danışdı

Müəllif: resul

Editor

fazil-mammedovDünya maliyyə və kapital bazarlarında hökm sürən mürəkkəb iqtisadi şəraitdə Azərbaycanda genişmiqyaslı islahatlar həyata keçirilir və bu, özünü vergi sistemində də aydın göstərir. Azərbaycan Respublikasının vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov AZƏRTAC-a məxsusi müsahibəsində vergi sistemindəki yeniliklər barədə söhbət açıb.

-Ölkəmizin vergi sistemində aparılan islahatların əsas istiqamətlərini necə səciyyələndirmək mümkündür?

-Son dövrlər istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin azalması, dünya iqtisadiyyatında mövcud olan qeyri-müəyyənlik, mürəkkəb xarici iqtisadi mühit ölkəmizin makroiqtisadi və maliyyə sabitliyinə təsirsiz ötüşməyib. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü və uzaqgörən siyasi kursu qətiyyətlə davam etdirməsi sayəsində, eləcə də ölkədə struktur və institusional islahatların sürətləndirilməsi, fəal fiskal siyasətin həyata keçirilməsi, əhalinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması və sənayenin artım sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycan qlobal proseslərin təsirindən qorunmağa, itkilərini minimuma endirməyə və əhalinin sosial müdafiəsinin təmin edilməsinə nail ola bilib.

Dövlət başçısının fərmanı ilə təsdiqlənmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya, postneft iqtisadi inkişaf modelinin dəstəklənməsinə yönəlmiş yeni strateji hədəflər və prioritetlər öz əksini tapıb.

Bu hədəflərə çatmaq və yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək üçün vergi orqanları da bütün səylərini səfərbər ediblər. Dövlət büdcəsinin gəlirlərinin artırılması üçün Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi potensialının düzgün müəyyənləşdirilməsi və yeni vergi mənbələri hesabına vergitutma bazasının genişləndirilməsi, vergilərin tam həcmdə və vaxtında ödənilməsinə nəzarətin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə “risklərin idarə edilməsi” kimi innovativ alətlərin uğurla tətbiqinə başlanılıb, iri vergiödəyicilərində elektron auditin tətbiq dairəsi genişləndirilib.

Ölkədə sahibkarlığın və investisiyaların təşviqi, ixracın stimullaşdırılması, biznesin dəstəklənməsi, iqtisadiyyatın rəqabətə davamlığının artırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə 2016-cı ilin birinci yarısında vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyev tərəfindən bu il avqustun 4-də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncam imzalanıb.

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə nazirliyin kollegiyasının qərarı ilə bəyannamələrin kameral vergi yoxlamalarının, səyyar vergi yoxlamalarının və elektron auditin keçirilməsi və s. ilə bağlı qaydalar sərəncamdan irəli gələn müasir tələblər nəzərə alınmaqla yenilənib və təsdiq edilib. Bu qaydaların hazırlanmasında əsas məqsəd vergi yoxlamalarının aparılması qaydalarının təkmilləşdirilməsi, vergiödəyicilərinin hüquqlarının qorunmasına yönəldilmiş daha şəffaf vergi sisteminin qurulması, mütərəqqi informasiya texnologiyalarının tətbiqi yolu ilə onun səmərəliliyinin yüksəldilməsidir.

Ölkəmizə turist axınının artımında mühüm rol oynayan “Tax Free” sisteminin tətbiqinə başlanılıb. Cari ilin sentyabr ayında isə Qlobal Forumun Qiymətləndirmə Qrupu Azərbaycan Respublikasının vergi sistemində şəffaflığın və məlumat mübadiləsi sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı ölkə hesabatını qəbul edərək ölkəmizə yüksək reytinq verib.

Vergiödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə 2017-ci ilin yanvarından intizamlı vergiödəyicilərinə xidmətin “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçirilməsi üçün hazırlıq işləri başa çatdırılıb. Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyiciləri üçün fərdi və sürətli innovativ texnologiyalara söykənən xidmətlərin göstərilməsi vergi orqanları və sahibkarlar arasında münasibətlərin yeni müstəviyə qaldırılması istiqamətində çox mühüm addım hesab edilə bilər.

Dövlət başçısının sərəncamından irəli gələn məsələlərin həlli, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin səmərəli icrası, vergiödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan partnyorluq münasibətlərin qurulması və geniş vergi xidmətlərinin göstərilməsi məqsədilə nazirliyin strukturu və menecmenti müasir idarəetmənin tələblərinə uyğun olaraq yenidən qurulub. Son aylar qarşıda duran əsas məsələlərdən biri də “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun layihəsinin hazırlanması idi. Layihə artıq Milli Məclis tərəfindən qəbul olunub və qanun dövlət başçısı tərəfindən imzalanıb.

-Vergi Məcəlləsinə əsas dəyişikliklər nədən ibarətdir?

-Hər şeydən əvvəl deyim ki, vergi orqanları dövlətin vergi siyasətini həyata keçirən qurumdur və əlbəttə, dövlət büdcəsinin gəlirlərinin formalaşmasına məsul orqan olaraq vergi gəlirlərinin artırılmasında maraqlı tərəfdir. Lakin ölkəmizdə həyata keçirilən vergi siyasətinin ən vacib elementlərindən biri əlverişli biznes mühitinin yaradılması, biznesin iqtisadi inkişafa yönümlü olması, dövlətin iqtisadi maraqları ilə yanaşı, sahibkarların və vətəndaşların maraqlarına cavab verməsidir.

Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edilib. Son dəyişikliklərin əsas məqsədi və hədəfi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır. Dəyişikliklər zərfi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində, qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi, biznesi təmsil edən təşkilatların və sahibkarların ictimai birliklərinin təkliflərinin müzakirəsi əsasında hazırlanıb.

Qanunvericiliyə dəyişikliklər Milli Məclisin komitələrində çox ciddi müzakirələrdən keçib və millət vəkilləri tərəfindən də müsbət qarşılanıb.

Bütövlükdə Vergi Məcəlləsinə 201 dəyişiklik edilib. Məcəlləyə 115 yeni maddə əlavə edilib, 83 maddəyə dəyişiklik edilib, 3 maddə isə ləğv olunub. Dəyişiklikləri qruplaşdırsaq, 123 maddə vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34 maddə vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə isə vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.

Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə yaradılan icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışı, buğda unu və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətində ƏDV-dən azad edilib.

Bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.

Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 7 ilə qədər – 2023-cü ilin fevral ayınadək uzadılıb.

Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddətləri də qısaldılıb.

Bu azadolmalar və dəyişikliklər vergiödəyicilərinin vergi yükünün azaldılmasına, dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacaq, sahibkarlığın inkişafına dəstək verəcək və nəticələr son istehlakçıya yönəldiyindən sosial əhəmiyyət daşıyacaq.

Məcəlləyə edilmiş dəyişikliklərdən biri də kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları vergilərdən azad edilsə də, onların məhsulları ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olurdu. Qeyd edilənləri nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq.

Məcəlləyə edilmiş dəyişikliklərin bir hissəsi vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. Araşdırmalar göstərir ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində vergidən yayınma hallarına hələ də rast gəlinir. Bu, özünü bəzi sahibkarların vergi orqanlarında qeydiyyatdan keçməməsində, uçot-məlumat bazasının düzgün aparılmaması və yaranmış vergi öhdəliklərinin düzgün göstərilməməsində, vergiödəyicilərinin mənfəətinin minimallaşdırılması məqsədilə müxtəlif metodların tətbiqində, vergi yükü aşağı olan ofşor zonalarda qeydiyyatdan keçməklə vergilərin yayındırılmasında, büdcəyə vergilərin tam və vaxtında ödənilməməsində və s. formalarda göstərir. Vergi islahatlarına dair yeni istiqamətlər məhz bu sahələrdə vergi nəzarətinin gücləndirilməsini, bəzi hallarda isə (məsələn, elektron ticarətdə) vergi nəzarətinin yenidən qurulmasını nəzərdə tutur. Rezident vergiödəyicilərinin ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən ərazilərdə təsis edilmiş vergiödəyiciləri ilə apardıqları əməliyyatlara nəzarətin təmin edilməsi məqsədilə belə gəlirlərə transfer qiymətlərinin tətbiq edilməsi nəzərdə tutulur.

-Vergiödəyiciləri tərəfindən aparılan əməliyyatların uçotunun şəffaflaşdırılması ilə bağlı qanunvericilikdə nə kimi dəyişikliklər edilib?

-Ölkəmizdə mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi sahəsində mövcud vəziyyətin təhlili göstərir ki, qaimə-fakturaların kağız formasında tətbiqi bəzən bir sıra problemlərə və nəticə etibarilə vergidən yayınma hallarına şərait yaradır.

Bunun qarşısını almaq məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər edilib və sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunması tələb ediləcək.

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il aprelin 1-dən, bütün digər vergiödəyiciləri isə 2018-ci il yanvarın 1-dən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Bu dəyişiklik sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmininə xidmət edir.

Uçot sisteminin şəffaflaşdırılması ilə bağlı Vergi Məcəlləsinə daha bir dəyişiklik iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Bu, uçot sisteminin təkmilləşdirilməsi, malların alqı-satqı prosesində hərəkət zənciri boyu sənədləşmənin aparılması, son nəticədə vergidən yayınmanın qarşısının alınması istiqamətində mühüm bir dəyişiklik hesab edilə bilər.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də topdan və pərakəndə ticarətlə məşğul olan vergiödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsidir ki, bu da sahibkarlar ilə vergi orqanları arasında yarana biləcək fikir ayrılıqlarının qarşısının alınmasına və vergiödəyicilərinin maliyyə sanksiyalarına məruz qalmamalarına imkan yaradacaq.

Vergi Məcəlləsinə dəyişikliklər sırasında şəffaflığın təmin edilməsi ilə bağlı müddəalar da mühüm yer tutur. Azərbaycan Respublikası rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə (ofşor zonalarda) yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin yaradılması bu sahədə şəffaflığın təmin edilməsinə yönəldilib. Bu məqsədlə Məcəlləyə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlirlərə aid edilməsini və həmin ödənişlərdən ödəmə mənbəyində əlavə 10 faiz dərəcə ilə verginin tutulmasını nəzərdə tutan müddəalar daxil edilib.

Daha bir mühüm məsələ rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb olunmasının işlək mexanizminin müəyyən edilməsidir. Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə əsasən, elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV alıcının olduğu yerdə tətbiq ediləcək. Bir daha qeyd etmək istərdim ki, burada söhbət qeyri-rezidentlərdən, internet üzərindən xaricdən alınmış mallardan deyil, iş və xidmətlərdən gedir. Bu dəyişikliyin əsas məqsədi elektron və pərakəndə ticarət sektorunda rəqabət şərtlərini eyniləşdirmək və uçot sistemi qurmaqdır.

-Məcəllədəki dəyişikliklərin bir qismi də vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə bağlıdır…

-Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərdə də vergiödəyicilərinin hüquqlarının qorunması və genişləndirilməsi başlıca prinsiplərdəndir.

Bəzi hallarda sahibkarlar tərəfindən vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi vergiödəyicilərinin əlavə maliyyə sanksiyalarına məruz qalması ilə nəticələnir. Bu məqsədlə vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması qaydasının (“Advance tax ruling”) müəyyən edilməsi nəzərdə tutulur. Bu sistem inkişaf etmiş ölkələrdə istər fərdi sahibkarlar, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən səmərəli alətlərdəndir. Bu zaman vergiödəyicilərinin müraciəti əsasında vergi orqanları qanunuvericilikdə nəzərdə tutulmuş qaydada həmin sahibkarlıq subyektinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi barədə məlumat hazırlayaraq ona təqdim edirlər. Bu isə sahibkarı maliyyə itkilərindən sığortalayır, risklərini minimallaşdırır, dövriyyə vəsaitindən səmərəli istifadə etməyə və biznesi planlaşdırmağa imkan verir.

Digər dəyişiklik kameral vergi yoxlamaları ilə bağlıdır. Ölkə başçısı tərəfindən kameral vergi yoxlamalarının konkret olaraq verilmiş bəyannamələr əsasında 30 gün ərzində başa çatdırılması tapşırılıb və bu məqsədlə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, kameral vergi yoxlamasının vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilməsi və müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsi qadağan edilib.

Vergiödəyicilərinin hüquqlarının qorunmasına xidmət edən yeniliklərdən biri də “Könüllü vergi açıqlaması” (“Voluntary tax disclosure”) sisteminin tətbiqidir.

Məlum olduğu kimi, sahibkarlıq subyektlərində aparılan səyyar vergi yoxlamalarının başa çatmasından asılı olmayaraq, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergiödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda növbədənkənar vergi yoxlaması keçirilə bilərdi. Bu zaman keçirilən vergi yoxlaması ilə büdcədən yayındırılmış vergi məbləğləri dövlət büdcəsinə bərpa edilməklə, həmin yayındırılmış məbləğə 50 faiz miqdarında maliyyə sanksiyası tətbiq edilirdi. Məcəlləyə edilmiş dəyişikliklərlə könüllü vergi açıqlamasına razılaşmış vergiödəyiciləri sanksiyalardan azad olacaqlar. Vergiödəyicisinə könüllü vergi açıqlaması barədə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlərə görə bəyannamə təqdim etmək hüququ verilir. Həmin bəyannamə ilə könüllü olaraq açıqlanmış vergi məbləğlərinə görə vergiödəyicisinə faiz hesablanmır və maliyyə sanksiyası tətbiq edilmir.

-Geniş müzakirələrə səbəb olmuş sabit verginin tətbiqi ilə bağlı sizin fikrinizi bilmək maraqlıdır…

-Qeyd etmək lazımdır ki, sabit vergi fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə tətbiq ediləcək. Bu ödəyicilər kiçik həcmdə gəlirlərə malik olan, məsələn, fərdi foto, audio-video xidmətləri göstərən, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan, fərdi yaşayış evlərində qulluqçuluq, sürücülük edən və s. analoji işlərlə məşğul olan şəxslərdir.

Sabit verginin tətbiq olunması nəzərdə tutulan fiziki şəxslər mövcud qanunvericiliyə görə də vergi uçotuna alınmalı, bəyannamə təqdim etməli və vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər.

Bəzi fəaliyyət növlərinin sadələşdirilmiş vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin əsas məqsədi isə bu fəaliyyətlə məşğul olan şəxslərdən vergilərin toplanmasından daha çox bu sahədəki uçotun sadələşdirilməsi və həmin şəxslərdə inzibati yükün minimuma endirilməsi məqsədini daşıyır.

Sabit vergi mexanizmi, ilk növbədə, belə fəaliyyətin və fərdi qaydada iş (xidmət) göstərən şəxslərin uçotunu düzgün aparmağa imkan verəcək. Bu isə, öz növbəsində, müvafiq dövlət qurumları tərəfindən işsizliyin səviyyəsinin dəqiq müəyyən edilməsinə yardım edəcək.

Bu cür fəaliyyətlə məşğul olan fiziki şəxslər vergi öhdəliklərini bəyannamə təqdim etmədən, kiçik sabit məbləğ ödəməklə həyata keçirəcəklər. Məcəlləyə həmin fəaliyyət növlərinin siyahısı və verginin dərəcələri də daxil edilib.

-Vergiödəyicilərinin marağına səbəb olan mühüm yeniliklərdən biri də nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı yeni qanundur. Bu qanunun mahiyyəti nədən ibarətdir?

-“Nağdsız hesablaşmalar haqqında” qanun layihəsi ölkə başçısının 4 avqust tarixli sərəncamı ilə verilmiş tapşırığa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və nağdsız ödənişlərin tətbiq dairəsinin genişlənməsinə şərait yaradır.

Etiraf etmək lazımdır ki, bu sahədə biz hələ də dünyanın əksər ölkələrindən, o cümlədən qonşu Türkiyədən, hətta bir sıra MDB ölkələrindən geri qalırıq. Nağdsız ödənişlərin həcminin artırılması, ilk növbədə, pul dövriyyəsinin tənzimlənməsinə müsbət təsir göstərməklə yanaşı, maliyyə sektorunda kifayət qədər canlanma yaradacaq, vergidən yayınma hallarının azalmasına gətirəcək və təbii ki, həm də vergi daxilolmalarının artmasına birbaşa təsir edəcək.

Burada bir neçə mühüm məqamı qeyd etmək istərdim.

Qanuna əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hesablaşmaların nağd qaydada aparılması ay ərzində 30 min manatadək, digər vergiödəyiciləri tərəfindən isə ay ərzində 15 min manatadək məhdudlaşdırılır.

Vergiödəyiciləri tərəfindən bəzi hallarda, məsələn, kənd təsərrüfatı məhsullarının istehsalçılarından məhsulların alınması və s. kimi hallarda vergiödəyicisi olmayan fiziki şəxslərdən malların nağd qaydada satın alınmasına icazə verilir.

Qanunla bir sıra ödəmələrin, xüsusilə müxtəlif vergi və rüsumların, sosial ödəmələrin, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqlarının və digər ödəmələrin nağdsız qaydada həyata keçirilməsinə dair tələblər müəyyən edilib. Əməliyyatlarının həcmi ardıcıl 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əməkhaqlarının da nağdsız qaydada həyata keçirilməsinə yol verilir.

Nağd hesablaşmalarla bağlı məhdudiyyətlər Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə də yer alır. Banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulacaq. Burada xüsusilə vurğulamaq lazımdır ki, qanunda nağd pul vəsaitlərinin bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə tətbiq olunacaq.

Bu dəyişikliklər bütövlükdə ölkədə nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, maliyyə sektorunun likvidliyinin və büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsinə, əməkhaqlarının və digər ödənişlərin leqallaşmasına şərait yaradacaq, eyni zamanda, ölkəmizin beynəlxalq imicinə müsbət təsir edəcəkdir.

-Bu günlərdə Milli Məclisdə “Vergiödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarıldı. Bu məsələyə şərh vermənizi xahiş edirik.

-Hər şeydən əvvəl qeyd edim ki, bu Qanun layihəsi Milli Məclisə dövlət başçısının şəxsi təşəbbüsü ilə göndərilib və Prezidentin ölkə sahibkarlarına göstərdiyi dəstəyin daha bir növbəti nümunəsidir. Qanun, ilk növbədə, vergiödəyicilərinin iqtisadi fəallığının artırılmasına xidmət edir.

Qanun layihəsinə əsasən, vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin və Vergi Məcəlləsinin 58.7-ci maddəsində nəzərdə tutulan nağd əməliyyatların aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyalarının 2017-ci ilin 1 yanvar vəziyyətinə istisnasız olaraq silinməsi, eləcə də Vergi Məcəlləsində nəzərdə tutulan digər maliyyə sanksiyalarının müəyyən ardıcıllıqla və şərtlər daxilində silinməsi təklif edilir.

Əminəm ki, bu qanun layihəsinin qəbulu vergiödəyicilərinin sərəncamlarında kifayət qədər vəsaitin qalmasına, borc məbləğlərinin azalmasına təsir edəcək, sahibkarların iqtisadi fəallığının artmasına və vergi yükünün optimallaşdırılmasına xidmət edəcək. Digər tərəfdən nəzərə almaq lazımdır ki, sahibkarların sərəncamında qalacaq vəsait də iqtisadi dövriyyəyə daxil olacaq və multiplikasiya effektini nəzərə alsaq, bunun iqtisadi səmərəsi bir neçə dəfə artacaq.

Bütövlükdə bu qanunların, eləcə də Vergi Məcəlləsinə dəyişikliklərin qəbulu ölkəmizdə vergi mühitinin cəlbediciliyinin artmasına, dövlət-biznes münasibətlərinin partnyorluq müstəvisinə keçidinin sürətlənməsinə təkan verməklə bərabər, iqtisadi fəallığın və fiskal dayanıqlılığın təmin olunmasına da müsbət təsir göstərəcək.

Vergilər Nazirliyi 2017-ci ildə və sonrakı dövrlərdə öz fəaliyyətini kiçik və orta sahibkarlığın dəstəklənməsinə, dövlət büdcəsinin gəlirlərinin artırılmasına, vergiödəyiciləri ilə şəffaf partnyorluq münasibətlərinin genişlənməsinə xüsusi diqqət yetirəcək. Bu məqsədlə artıq nazirliyin strukturunda müvafiq dəyişikliklər aparılıb, Bakı şəhərində kiçik sahibkarlarla iş üzrə ayrıca departament və iki mövcud departamentin tərkibində şəffaf vergi partnyorluğu idarələri yaradılıb. Vergilər Nazirliyi insan resurslarının peşəkarlığının artırılması məsələsinə də xüsusi önəm verir. Artıq Avropa İttifaqı ilə birlikdə Vergilər Nazirliyinin insan resurslarının təkmilləşdirilməsi istiqamətində Tvinninq proqramı başa çatdırılıb. Biz qarşıdakı dövrdə də kadrların hazırlığı, müasir tələblərə cavab verən peşəkar vergi əməkdaşlarının yetişdirilməsi məsələlərini diqqət mərkəzində saxlayacağıq. Düşünürük ki, zamanın çağırışlarından irəli gələn bu dəyişikliklər, bütövlükdə, həm sahibkarların, həm də vergi orqanlarının maraqlarına xidmət edəcək.

Sonda mən bütün xalqımızı qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, hər birimizə xoşbəxtlik, əmin-amanlıq, firavanlıq və uğur arzulayıram.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır