15592216_842531672556804_1771862494_nBanklar girovla (ipoteka ilə) yanaşı verdikləri kreditləri zaminliklə də təmin edir.

Bu halda bankla zamin arasında zaminlik müqaviləsi bağlanır. Həmin müqavilənin mahiyyəti ondan ibarətdir ki, zamin də borclu ilə birgə bank qarşısında kreditin qaytarılmasına görə məsuliyyət daşıyır (subsidiyalar məsuliyyət növü də var, amma bizim banklar onu tətbiq etmir). Yəni kredit qaytarılmadıqda bank onu zamindən də tələb edir. Zamin kreditə görə bütün əmlakı (!) ilə məsuliyyət daşıyır (təəssüf ki, zaminlərin çoxu bunu bilmir və zaminlik müqaviləsini imzalayanda məsuliyyətini tam dərk etmir). Krediti borclu deyil, zamin ödədikdə, borclu artıq banka deyil, zaminə borclu hesab olunur. Yəni bankın kredit üzrə tələbləri zaminə keçir.

Təcrübədə adətən banklar zamindən borcu yalnız o halda tələb edir ki, kredit üzrə dəyərli girov (ipoteka) mövcud deyil. Amma bu heç də o demək deyil ki, girov (ipoteka) ola-ola bank borcun ödənilməsini zamindən tələb edə bilməz. Bilər! Girov (ipoteka) olmadıqda isə bank təbii, borcu zamindən də tələb edir (o cümlədən məhkəmə qaydasında).

Beləliklə, borc qaytarılmayanda zamin də çox çətin vəziyyətə düşür. Aşağıda zaminlər üçün bəzi ümumi faydalı məlumat və məsləhətlərim qeyd olunub.

1. Əvvəla, bundan sonra kredit üzrə zamin durmayın. Dərs olsun sizə!

2. Bank borclunu və sizi (zamini) məhkəməyə verənədək vaxtınızı və əsəblərinizi qoruyun. Yəni bankın müraciətlərinə heç bir reaksiya verməyin. Uzağı bank sizi dəng edirsə, bir dəfə ona mövqeyinizi (aşağıda yazdıqlarıma uyğun) bildirin və tələb edin ki, sizi daha narahat etməsin. Ola bilsin ki, nəticədə bank yalnız borclunu məhkəməyə verəcək və sizə qarşı heç bir tələb irəli sürməyəcək.

3. Bank borclu ilə bərabər sizi də məhkəməyə veribsə, prosesə qoşulun və mövqeyinizi bildirin. Borclunun mövqeyindən asılı olmayaraq!

4. Mülki Məcəllənin 474-cü maddəsinə əsasən zamin banka qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər, hətta borclu onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da. Bu isə o deməkdir ki, mənim indiyədək kredit müqaviləsi üzrə borclulara verdiyim məsləhətlərin hamısı zaminlərə də aiddir və onlardan yararlanmağı məsləhət görürəm. Məsələn, qanuna görə kredit üzrə faizlər ildə bir dəfə tutulmalıdır. Banklar isə ayda bir dəfə tutur. Buna görə də kredit müqaviləsi qanunsuz və etibarsızdır. Deməli, bütün zaminlik müqavilələri də eyni ilə qanunsuz və etibarsızdır. Borclu banka qarşı bu tələbi irəli sürməsə belə, zamin irəli sürüb məsuliyyətdən tam azad ola bilər. Buna görə də bank borclunu və sizi məhkəməyə verən kimi banka qarşı bütün etirazlarınızı məhkəməyə bildirin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsini tələb edin.

5. Bu məsələyə xüsusi diqqət yetirin! Devalvasiydan sonra bankların çoxu xarici valyutada olan kredit müqavilələrinin müddətini uzadıb. Amma, bir qayda olaraq, zaminlik müqaviləsində bunu əks etdirməyiblər. Başqa sözlə, zaminin razılığını almayıblar. Bu isə o deməkdir ki, həmin andan etibarən zaminlik müqaviləsi qüvvəsini itirib. Çünki Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminin razılığı olmadan kredit öhdəliyi dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Bu müddəa Rusiya Mülki Məcəlləsinin 367-ci maddəsinin 1-ci bəndini olduğu kimi təkrarlayır. Rusiya məhkəmələri isə hesab edir ki, kreditin müddətinin uzadılması zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olur. Çünki ən azı faiz ödənişlərinin cəmi məbləği artır. Buna görə də diqqətli olun: kredit müqaviləsinin müddəti sizin (zaminin) razılığınız olmadan uzadılıbsa, siz artıq zamin deyilsiniz və məhkəmə prosesi başlayanda bunu məhkəməyə təqdim etdiyiniz etirazda bildirin.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 57
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."