“Zəlimxan Məmmədlinin Gürcüstana buraxılması ilə şəxsən məşğul olacam” – Kərəm Məmmədov

“Zəlimxan Məmmədlinin Gürcüstana buraxılması ilə şəxsən məşğul olacam” – Kərəm Məmmədov

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

kerem mememdov ms“Borçalı” Cəmiyyəti yenidən qaynayır.  Təşkilatın təsisçiləri yeni sədr seçdiklərini bildirir, Zəlimxan Məmmədli isə buna etiraz edir. Bir neçə gün öncə “Borçalı” Cəmiyyəti təsisçilərinin köhnə sədr elan etdikləri Zəlimxan Məmmədlinin bəyanatını oxucularımıza təqdim etmişdik. Bu dəfə isə “Borçalı” Cəmiyyətinin yeni sədri, tarix elmləri doktoru Kərəm Məmmədovun fikirlərini yayımlayırıq. Yenicag.az-a danışan Kərəm müəllim maraqlı açıqlamalar verdi. 

– “Borçalı”da nə baş verir? Zəlimxan Məmmədlini niyə çıxardınız?

– Onu mən çıxartmadım.  Niyə bizim insanlar belə fikirləşir? Gah yazırlar o qovuldu, gah da yazırlar ki, çıxarıldı.  “Borçalı” Cəmiyyətinin  6 nəfər təsisçisi olub.  Zahid Qaralov,  Arif Əmrahoğlu, Şamil Qurbanov, Eyvaz Borçalı, Hidayət Nuriyev, Şərif Kərimli.  Onlardan 3-ü rəhmətə gedib.  Yerdə qalan insanlar borçalılardan gələn şikayətləri nəzərə alaraq konfrans çağırdılar.  Çünki “Borçalı” Cəmiyətinin son 4-5 ildə çağırdığı  konfranslara təsisçilər dəvət edilməmişdi.  İdarə Heyətinin tərkibində olanlar da tədricən oradan uzaqlaşırdı.  Sual olunurdu, niyə cəmiyyət siyasətlə məşğul olur, nədən orada tək müxalifət təmsil olunur, nədən cəmiyyətin İdarə Heyətində Borçalının özündən olan ziyalılar yox idi?  Hər halda İH-də bəzən elə adamlar təmsil olunurdu ki, xəritə bir yana,  Borçalının 10 kəndinin adını ardıcıl olaraq sadalayıb deyə bilməzdi.  Konfransda 250-yə yaxın adam iştirak edirdi.  Əvvəlki rəhbərliyin keçirdiyi yığıncaqlarda isə 60-70 nəfərdən çox adam iştirak etmirdi.  Bu konfransda iştirak edənlərin hamısı da cəmiyyətin fəaliyyətindən narazılığını bildirdilər.  Belədə qərar verildi ki, cəmiyyətin fəaliyyətinə xitam verilsin, yeni sədr, İH və Nəzarət Təftiş Komissiyası  seçilsin. Sədrliyə 5 namizəd irəli sürüldü.  Onlardan 3-ü namizədliyini mənim xeyrimə geri götürdü.  Vahid  Qurbanovla mən qaldım.  Mən alim adamam, ona görə də ictimai  işlərlə məşğul olmağa çox zaman vaxtım olmur.  Heç bir siyasi partiyanın üzvü də deyiləm.  Mən də namizədliyimi geri götürmək istəyəndə ağsaqqallardan biri  qayıdıb dedi ki, Kərəm müəllim Borçalının qədim və orta əsrlər dövrünü araşdırmaq hünər deyil, hünər Borçalının ən yeni tarixini yaratmaqdır.  Bu söz mənə şillə kimi dəydi. Ondan sonra səsvermə ilə mən seçildim. İndi söhbət gəzir ki, cəmiyyət parçalandı.  Tribunaya çıxıb  nümayəndələrdən xahiş etdim ki, rəqiblərimin hamısı İH-də təmsil olunsun.  Eyni zamanda Vahid Qurbanov özünün birinci müavin olmasına razılıq istədi. Belə olan halda hansı parçalanmadan söhbət gedə bilər?  Yazırlar ki, həmin tədbirə toplaşanlar qeyri-qanunidirlər.  Necə ola bilər ki, Borçalıdan olanların “Borçalı” Cəmiyyətində olması qeyri-qanuni olsun?

– Zəlimxan Məmmədli isə bu iclasın legitim olmadığını deyir.

– Bunu onun özündən soruşmaq lazımdır ki, niyə legitim saymır. Təsisçilərin təşəbbüsü ilə çağırılan və 250 nümayəndənin iştirak etdiyi, əksəriyyətinin də 1993-cü ildən oranın üzvü olduğu iclas necə qeyri-legitim olur ki?  Qeyri-legitim o halda olardı ki, orada təsisçilər və Borçalıdan olanlar  iştirak etməsin, İH-də Borçalıdan olanlar təmsil olunmasın.  Rəyasət Heyətində də Borçalının tanınmış ziyalıları, Həmid Vəliyev, Teymur müəllim, Adıgözəlli, cəmiyyətin keçmiş birinci müavini, keçmiş İH-nin əksər üzvləri təmsil olunub.  Hökumətin ayrı-ayrı dairələrinin təsiri burada olsaydı heç bir partiyanın üzvü olmayan ora necə sədr seçilərdi?

– Siz necə sədr olmağı düşünürsünüz?

– Mənim bir prinsipim var. Deyirəm ki, Borçalıya xidmət etmək üçün hökmən “Borçalı” Cəmiyyətinin sədri olmaq lazım deyil.  51 illik ömrümün 20 ilə yaxınını Borçalı tarixinin öyrənilməsinə həsr etmiş və bunun qarşılığını ömrü boyu gözləməmişəm.  Ona görə də eloğlular yığılıb yəqin belə məsləhət gördülər. Ancaq mən kiminsə o kreslodan iki əlli yapışmaması üçün təklif  etdim ki, sədrin ildə bir dəfə fəaliyyəti müzakirə olunsun, sədrin fəaliyyətindən razı olduqda belə, o, iki dəfədən artıq bu postda olmasın. Konfrans isə qərara gəldi ki, bir nəfərin 3 dəfəyədək sədr olması mümkündür. Amma 3 dəfədən artıq ora seçilmək olmaz.

-Zəlimxan bəy deyib ki, bir aya yeni iclas keçirəcək. Olmazdımı həmin iclası gözləmək?

– Bunu haçan, harda elan etdi ki? Kimə dəvətnamə göndərib?  Qurultay keçirmək istəyən ən azından təsisçilərə məlumat verməlidir.  Bu siyasi partiya deyil, ictimai təşkilatdır, onları bir-birinə qatmaq lazım deyil.  Zəlimxan Məmmədli ilə 10 gün əvvəlki görüşümdə dedim ki, sizin siyasi fəaliyyətiniz cəmiyyətə sığışmır. “Borçalı” Cəmiyyətinin “Dərbənd gecəsi” və s. bu kimi gecələrin keçirməsi özünü nə dərəcədə doğruldur ki?

– İctimaiyyətdə  belə fikir var ki, təşkilatı inkişaf etdirən Zəlimxan Məmmədli olub.  Niyə ona qarşı belə etdiniz?

– Hansı inkişafdan söhbət gedir?  Bu qurum qeyri-hökumət təşkilatı olaraq mədəni əlaqələr üzrə istiqamətlənməlidir. Gürcüstandakı soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyası  gücləndirilməlidir.  Bu istiqamətdə mədəni tədbirlər keçirilməlidir. Bir gün Sadaxlı, o biri dəfə Faxralı, Kəpənəkli, Sarvan gecələri keçirilməli idi.  Azərbaycan ədiblərinin əsərləri gürcü dilinə tərcümə edilib gürcü məktəblərinə verilsin ki, onlar bizi tanısın.  Eyni zamanda tanınmış gürcü ədiblərinin əsərləri tərcümə edilsin ki, azərbaycanlı uşaqları öyrənsinlər.

– Sadaladığınız bu istiqamətlər üzrə əvvəlki sədrin fəaliyyəti olmayıb?

–  Mən bunları görmədim.

– Z. Məmmədli cəmiyyəti bölüb ikinci belə bir qurum yaratsa ona necə baxacaqsınız?

– Borçalılar onun yanında olacaqsa bunu da çox hörmətlə qarşılayaram.

– Bəs sizcə, borçalılar bu saatdan sonra onun yanında ola bilərlərmi?

– Hər şey baxır onun fəaliyyətinə.  Seçilmək üçün gərək cəmiyyətdə seviləsən, istəniləsən. Zəlimxan Məmmədli eloğlumuzdur, düşmənimiz deyil ki.  Məmuniyyətlə gəlib cəmiyyətin fəaliyyətində iştirak etsin, birgə hərəkət edək.  Burada fəaliyyət göstərmək üçün cəmiyyətin sədri olmağa ehtiyac yoxdur. Ən azından borçalıların seçiminə hörmətlə yanaşmaq lazımdır.  Orada olanlar ziyalı insanlardır, onların münasibətlərinə hörmətlə yanaşmaq lazımdır.

– Bundan sonra təşkilatın fəaliyyətində nə kimi yeniliklər olacaq?

– Ən əsas yenilik o olacaq ki,  Zəlimxan Məmmədlinin Gürcüstana buraxılması uğrunda şəxsən bu ölkənin hökumət orqanları ilə danışıqlar aparacağam. O hansı günahın sahibidir ki, buraxmırlar?  Habelə bir sıra sosial-mədəni tədbirlər, Azərbaycanın ayrı-ayrı şəhərlərilə Gürcüstanın ayrı-ayrı şəhərlərinin qardaşlaşması, Kutaisi ilə Gəncə, Bakı ilə Tiflis, Şəki ilə Telavinin qardaşlaşması yolunda qarşılıqlı tədbirlər keçirmək niyyətindəyik. Qoy belə tədbirlərdə Azərbaycan ziyalıları ilə yanaşı, gürcü ziyalıları da iştirak etsin. Ziyalılar öz millətlərinə qonşularını tanıtmasa, qonşular arasında mütləq  ziddiyyət toxumu səpilə bilər.

ELÇİN

Müsahibə, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti