Zərdüşt Əlizadə: “Zənnimcə, bu müharibə hələ davam edəcək”

Müəllif: Qafqaz Omarov

Editor

Dekabrın 20-də Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri Moskvada Suriya məsələsini müzakirə ediblər.

Görüşün yekunu olaraq Suriyadakı böhranın həll edilməsi üçün siyasi proseslərin sürətləndirilməsi ilə bağlı ortaq bəyannamə qəbul edilib. Tərəflər Suriya hökuməti ilə müxaliflər arasında razılıq əldə edilməsi üçün fəaliyyətə başlamağa hazır olduqlarını bildiriblər.

Qəbul olunan bəyannamələrə əsasən, Suriya məsələsi tez bir zamanda cözüləcəkmi?

Məsələ ilə bağlı millət vəkili Əli Məsimli Yeniçağ.Az-a danışarkən bildirib ki, Suriya çox mürəkkəb məsələdir:

“Orada dünyanın əsas ölkələrinin əksəriyyətinin maraqları toqquşur. Ona görə də Suriyada sülh-əminamanlığın, sabitliyin təmin edilməsi istiqamətində atılan hər bir addımı alqışlamaq, o cümlədən də Türkiyə, Rusiya, İranın səylərini müsbət qiymətləndirmək lazımdır. Eyni zamanda bu problemi etibarlı şəkildə həll etməkdən ötrü Suriyada maraqları toqquşan bütün tərəflər razılığa gəlməlidirlər. Suriya məsələsi də mürəkkəb olduğu üçün buna müddət təyin etmək çətindir”.

Politoloq Zərdüşt Əlizadə deyib ki, gerçək maraqlar həddən artıq ziddiyyətlidir:

“Suriya münaqişəsində o qədər çoxlu sayda qüvvələr iştirak edir ki, onların hərəsinin xaricdə bir ağası var və o ağaların da mənafeləri bir-birindən çox fərqlənir. Düşünürəm ki, Suriya məsələsində hər hansı bir tərəfin marağı nəzərə alınmasa, heç bir nəticə əldə olunmayacaq. Bütün bu bəyanatlara, barışıq cəhdlərinə baxmayaraq, hazırkı vəziyyət üçün sülhün əldə edilməsini qaçılmaz hesab edirəm. Suriyada 5 ilə yaxındır müharibə gedir. Zənnimcə, bu müharibə hələ ki, davam edəcək”.

Gülnarə Eynullaqızı
Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır