!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ziyarətçiləri qapıdan qaytaran “Qız Qalası” və “Şirvanşahlar” muzeyi – Gecikən özündən küssün?

!Reklam – Yazi

Bakıdakı tarixi abidələrin “dövlət kontoru” rejimində işləmələri narazılıq doğurur.

Yeniçağ.Az xəbər verir ki, paytaxtın tarixi-memarlıq komplekslərinin işlədilməsində heç olmasa, Türkiyə təcrübəsindən istifadə edilməsinə ehtiyac var.

Son dövrlərdə Azərbaycana, xüsusilə də Bakıya turist axınının əhəmiyyətli dərəcədə güclənməsi paytaxtın onsuz da qaynayan həyatına əlavə rəng qatıb. Artıq adi vaxtlarda da xarici qonaqlar sarıdan qətiyyən korluq çəkməyən Bakıda IV İslam Həmrəylik Oyunlarının keçirildiyi günlərdə turist əlindən tərpənmək olmur. Əsasən, müsəlman ölkələrindən gələn çoxsaylı turistlərlə paytaxtın hər yerində rastlaşmaq mümkündür.

Təbii ki, Bakı modern şəhər kimi, qonaqların gəzintisi və istirahətləri üçün tələb olunan bütün imkanlara malikdir. Eyni zamanda, sözügedən nəhəng idman tədbirinin davam etdiyi bu ərəfədə təşkil olunan müxtəlif festivallar da daha çox turistlərin əyləncəsinə hesablanıb. Bununla belə, razılaşaq ki, istənilən ölkəyə səfər edən turist getdiyi yerlərdə onu bir neçə əsr əvvələ “aparacaq” tarixi-mədəni abidələri ziyarət etməyi düşünür.

O baxımdan, Azərbaycana gələn turistlərin əksəriyyəti istər Bakıda, istərsə də bölgələrimizdəki tarixi məkanları görməyə çox can atırlar. Etiraf olunmalıdır ki, Bakıda turistlərin diqqətini cəlb edən tarixi memarlıq nümunələri o qədər də çox deyil: İçərişəhər, Qız Qalası, şəhərdən xeyli kənarda yerləşən Atəşgah… Ona görə də, Bakıdakı turistlərin əksəriyyəti ilə məhz bu ərazilərdə qarşılaşmaq təəccüblü deyil.

Ancaq təəssüf ki, bu azsaylı tarixi məkanlar da tələblərə cavab verən rejimdə işləmədikləri üçün müəyyən problemlər yaranır. Konkret desək, Bakının rəmzi sayılan Qız Qalası və Şirvanşahlar sarayı ziyarətçilərin üzünə sadəcə, 18:30-a qədər açıq olur, hər nə qədər 19:00-a qədər işlədikləri yazılsa da. Həmin saatdan sonra o məşhur məkanı görməyə gələn turist və ya yerli sakin Qız Qalasını və ya Şirvanşahlar sarayını kənardan seyr etmək məcburiyyətində qalacaq. Qız Qalası üçün belə bir ziyarət qrafikinin hansı məntiqlə seçildiyini söyləmək çətindir.

Aydındır ki, Bakıda istilərin düşməsi ilə əlaqədar günün böyük hissəsində əhalinin də, turistlərin də hərəkət fəallığı xeyli azalır. Həyat günün axşam saatlarında yenidən canlanır. Bu səbəbdən, Qiz Qalası və turistlərin maraqlandığı digər məkanların da iş saatının heç olmasa, 2-3 saat uzadılması qonaqların işini xeyli asanlaşdırar.

Ümumiyyətlə, xarici təcrübə göstərir ki, Azərbaycanda tarixi abidələrə baş çəkənlər belə deyək, “quru ziyarət”lə kifayətlənməli olurlar. Ancaq İstanbuldakı tarixi abidələrdə turistlərə yaradılan şəraitdən danışsaq, bizim əlaqədar dövlət qurumlarının öyrənəcəkləri çox işin olduğunu görərik. Həm də bir çox tarixi abidə gec saatlara qədər ziyarətçilərin üzünə açıq olur. Bundan əlavə, ziyarətçilərə təklif olunan müəyyən rəqəmsal əyləncə vasitələri qonaqlara İstanbulun çoxəsrlik tarixinə virtual səyahət imkanı yaradır, onlara real emosiyalar bəxş edir.

Mövzu ilə bağlı Yenicag.Az-a danışan “Şirvanşahlar” Qoruq-muzeyinin direktoru Rəna Rzayeva bildirib ki, bu məsələ onların da diqqətindədir. Lakin muzeyin iş rejiminin uzadılması göründüyü qədər sadə məsələ deyil:

“Əlbəttə, biz də istərdik ki, xüsusilə yaz-yay aylarında muzeyimiz gün ərzində daha uzun müddət ziyarətçilərin üzünə açıq olsun. Ancaq bunun öz çətinlikləri var. İş saatının uzadılması o deməkdir ki, muzey əməkdaşlarını – təmizlik içşilərindən tutmuş bələdçilərə qədər bütün personalı axşam saat 9-a, 10-a qədər işdə saxlamalıyıq. Bu isə indiki imkanlarımızla uyğun gəlmir. Özünüz başa düşürsünüz, əlavə iş saatı həm də əlavə ödəniş deməkdir… Yəni asan deyil. Ancaq ola bilsin ki, bu məsələ də nə vaxtsa öz həllini tapsın. Biz də istərdik ki, muzey həm daha çox qonaq qəbul etsin və onların məmnun qalmaları üçün daha maraqlı proqramlar olsun.

Deyim ki, bəzi hallarda biz onsuz da nəzərdə tutulan müddətdən daha çox işləyirik və muzey də ziyarət üçün açıq olur. O zaman mən də, əməkdaşlarımız da burada oluruq. Yenə deyirəm, ola bilər ki, bu məsələ həll edilsin və yay mövsümündə muzeyin iş saatı uzadılsın”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

5909
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv