Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Qəmbərov Cəbrayıl Rafael oğlu və Mustafayev Zaur Zakir oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
“Unikal”ın məlumatına görə, təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Cəbrayıl Qəmbərov həbs edilənə kimi Bakı Biznes Universitetində metodist- müəllim, digər təqsirləndirilən şəxs Zaur Mustafayev isə Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib. Sonra cinayət işində olan 10 nəfər zərərçəkən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, cinayət işi ilkin olaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Ancaq məlum olub ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yuridiksiyasına aiddir və baxılması üçün aidiyyatlı məhkəmə orqanına göndərilib.
Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib və 1 oktyabr tarixinə kimi təxirə salınıb.
Cinayət işində ümumi ziyanın miqdarı 200 mindən çoxdur. Təqsirləndirilən şəxslər zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək.