!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

10 noyabr 2020-ci il: Həmin gün döyüş postlarında nə yaşanıb? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Sonucu dəfə saata baxanda saat 1-ə 20 dəqiqə işləmişdi. Ağdamdakı postların birindəyəm. Erməni mövqeləri ilə məsafəmiz çox azdır.

Gecəgörmə işləmir, qulağımızı torpağa dirəyib səs dinləyirik. Arada uzanıqlı vəziyyətdə bir əsgərlə xısın-xısın söhbət edirik. Ailəsindən danışır. Ailəsinə əsəbləşmişdi. Telefonla danışanda hətta onları hədələmişdi ki, şəhid olacaq. Bir qədər danışandan sonra əsəbi şəkildə dedim, bilirsən də, etdiyinin adı eşşəklikdir! Artıq özü də səhv etdiyini anlamışdı. Telefonu verdim ki, zəng elə, danış, ürəkləri rahat olsun. Yanımda asta-asta danışdı. Hiss elədim ki, artıq anlaşmazlıq aradan qalxıb. Gülə-gülə dedi, hələ bir-ikisini öldürüm, şəhidliyə sonra baxarıq. Cavabı heç nə, qədər… Bu anda zəng gəldi. Yeri gəlmişkən, həmin gecə dəhşət sakitlik idi.

Zəng edən dostum Kənan Kərimov idi. Harada olduğumu soruşdu. Dedim, Ağdamda, uşaqların yanında. Dedi, xəbərin var ki, Putinlə İlham Əliyev müharibənin dayanmasını elan edir. Haradan xəbərim olsun, postdayam, internet də yoxdur. Kənan televizorun səsini açdı, telefonu da qoydu televizorun qabağına. Dinləyirik. Digər uşaqlara da dedim ki, məsələ bitdi. Hamımız telefonun başına yığışıb danışıqlara qulaq asırıq. Sonda məlum oldu ki, Ağdam, Kəlbəcər və Laçın kapitulyasiya ilə Azərbaycana verilir. Posta sevinc qışqırıqları ucaldı. Udduq deyən kim, “ura” deyən kim, “yes” edib havaya bir-iki güllə buraxan kim.

Əsgərlərdən biri dedi ki, o tərəfdə də qışqırıq səsləri gəlir. Sakitləşib, dinləyirik. Səsli düşünürəm, bizimkiləri anladım, qalibdir, udublar, üç rayon da əməliyyatsız geri qayıdır, bəs onlara nə düşüb, onlar nəyə sevinir? Bəlkə, ilk dəfədir ki, erməni əsgəri də mövqelərimizə doğru yox, havaya güllə atırdı. Zəif də olsa, erməni dilini bilən bir hərbçi dedi ki, sevinirlər, yaşayacaqları, ölməyəcəkləri üçün sevinirlər. Müharibə budur, kim üçünsə vətən, kim üçün namus, kim üçünsə sadəcə həyatda qalmaq üçün döyüşməkdir, mübarizə aparmaqdır. O tərəf bir şeyə görə sevinib göyə güllə atır, bu tərəf də qalib gəldiyinə görə…

Artıq tapşırıq verildi ki, qarşı tərəfə güllə atmaq olmaz, ancaq diqqətli olmaq da dönə-dönə vurğulandı. Kənarda olsam, bəlkə, daha çox diqqətli olmağı düşünərdim, ancaq qarşı tərəfdəki reaksiyalar da onu deməyə əsas verirdi ki, başlarına silah da dirəsələr, bu axşam postlarından bir addım da kənara atmayacaqlar. Olmadı da.

Məsələ ondadır ki, Ağdamla Tərtərin arasında iki post üçün bəyanatın imzalanması keçərli deyildi. Bəyanatın imzalanmasından saat yarım sonra onlar da sakitləşdilər. Bu barədə növbəti yazıların birində geniş qeyd edəcəm. Bu hadisə müharibənin komediyalarından biri idi…

Səhər açılır. Günəş parıldayır. İstisi olmasa da, günəşin görünməsi belə adamı isidir. Əsgərlərdən biri qışqırır:

– Samovar qaynadı, çay içirsiniz?

– Əsgər bala, ayıb olsun, adam adama belə sual verər?

Hər kəsin üzü gülür. Hər nə qədər əsgərlər döyüşməyə, ölüb-öldürməyə hazır olsalar da, bəyanatın gətirdiyi bir rahatlıq var idi. Artıq arzular da başlamışdı. Dünən bura gələndə döyüşə girsələr, nə edəcəklərindən danışanlar, indi işə gedəndə necə davranacaqlarından danışırdılar. Bir əsgər gəldi ki, telefonu verin zəng edim də. Telefonu verdim, zəng etdiyi əmisi oğlu imiş. Deyir, əmioğlu, mən müharibədə iştirak etdim, döyüşdüm, sən də evdə yatırdın, gələndə dilin olmasın haa, qarşı tərəfdəki hər nə dedisə, bərkdən gülməyə başladı. Qəribə anlar idi. Deyə-gülə çay içərkən, müşahidə postundakı əsgər qışqırdı ki, başınızı qaldırıb, qarşı tərəfə baxın. Başqa vaxt səngərdən baş çıxarmaq ölümə bərabər idi. Bu dəfə heç buna məhəl də qoylmadı. Əsgərlərdən biri başın çıxarıb, baxdı, sonra dedi, gəlin baxın, bir erməni əsgəri torpaq istehkamın üstündə oturub yemək yeyir. Əsgərlərdən biri durbinlə baxdı, deyir, xoren “tuşonka” yeyir. Elə mən də əsgərlərə qoşulub baxıram. Heç bizim baxmağımız erməni əsgərinin vecinə də deyil. Hər yerdə olur axı, özün göstərən, mən də varam deyən, bizim əsgərlərdən biri də şokaladı götürüb, oturdu torpaq istehkamın üstündə, başladı çay içməyə. Təbii ki, bu acıqvermə prosesi bir neçə dəqiqə çəkdi. Komandirlər tapşırıq verdilər ki, hər an hər şey ola bilər, ona görə də bu qədər rahat davranmasınlar.

Dostum Vasif Qurbanzadə zəng edir. Onunla görüşüb Təzəkənd istiqamətindən səngərə giririk. Çıraqlı kəndinə qədər bir-bir postları gəzirik. Bir neçə gün əvvəl o əsgərləri görmək üçün gedəndə başımıza gələ biləcəkləri hesablayırdıq. İndi tam fərqli, rahat, əlimizi-qolumuzu sallaya-sallaya, uşaqlara 50 metr qalmış: “Çayınız var, əsgər?” – deyərək gedirik. Tankların mövqe tutduğu yerə gəlirik. Əsgər çayla yanaşı, şokoladlar da gətirir, gülə-gülə deyir, yeyin, öz gətirdiyinizdəndir. Həqiqətən, qəribə hisslərdir. Müharibə gedə-gedə əsgərlər hətta tankın üzərini yazmağa da vaxt tapıblar. Tankın lüləsinin üstünə “Təbriz”, “Wolf”, və qurd şəkli çəkilib. Vasif Qurbanzadə deyir, qaqa, qələbə belə bir şey imiş, Qarabağı bitirməmiş, Təbriz düşünür uşaqlar…

Səxavət Məmməd

www.yenicag.az

24879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv