“Füyuzat” jurnalının Bakı Atatürk Liseyinin şagirdləri arasında keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.
Yenicag.az xəbər verir ki, “Füyuzat” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında keçirdiyi “100 yaşlı Cümhuriyyətim” inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Füyuzat” jurnalının və Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun rəhbərliyi, ictimai xadimlər, şair və yazıçılar, KİV təmsilçiləri, müəllimlər, şagirdlər və ali məktəb tələbələrinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan “Füyuzat” jurnalının təsisçisi, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov bildirib ki, belə tədbirlərin keçirilməsi gənc nəsildə vətənpərvərlik ruhunu yüksəltməklə bərabər, onlarda milli dövlətçilik tariximizə dərin ehtiram hissi də yaradır.
“Füyuzat” jurnalının məsul katibi Mübariz Yunus isə qeyd edib ki, şagirdlər arasında vətənpərvərlik hissinin yüksəldilməsi üçün keçirilən bu müsabiqəyə ümumilikdə 45 inşa yazısı təqdim olunub. Bildirilib ki, müsabiqə 5–7 və 8–10-cu siniflər olmaqla, 2 kateqoriyada keçirilib.
Daha sonra çıxış edən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin müdiri Hüseyn Dəmirəl, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Arzu Həsənzadə, tarixçi-alimlər Nigar Gözəlova və Elmar Həsənli, şairə-publisist Gülarə Munis və başqaları müsabiqənin təşkilini yüksək qiymətləndiriblər. Bildirilib ki, “Füyuzat” jurnalının zaman-zaman təşkil etdiyi belə müsabiqələr gənc nəsildə vətən sevgisini, Azərbaycançılıq ideologiyasını formalaşdırır, onların qəlbində Cümhuriyyət qurucularına dərin ehtiram hissi yaradır.
Tədbirdə, eyni zamanda, tələbələrin və şagirdlərin ifasında vətən sevgisi, müasir Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olma missiyası, Cümhuriyyət qurucularının sözləri və s. mövzularda müxtəlif bədii qiraət nümunələri dinlənilib, musiqili-şeirli çıxışlar, səhnəciklər təqdim edilib.
Daha sonra müsabiqənin qalibi olan Bakı Atatürk Liseyinin şagirdləri “Füyuzat” jurnalı tərəfindən fəxri diplomlarla və mükafatlarla təltif olunublar, bütün yaradıcı iştirakçılara da müxtəlif hədiyyələr təqdim edilib. Beləliklə, birinci yerə müvafiq olaraq Fidan Əliyeva və Zəhra Şabili, ikinci yerə Rafət Baxşıyev, Şəmsiyyə İsmayıllı, Məhəmməd Bayramlı və Məhəmməd İsmayılbəyli, üçüncü yerə isə Hüseyn Əlili, Fidan Abbasova, Fidan Allahyarova, Ayan Camal, Həsən Şiriyev və Banu Rüstəmli layiq görülüblər.