106 yaşlı Azərbaycan ədliyyəsinin dünəni və bu günü – PRİORİTETLƏR NƏLƏRDİR?

Hüquqi dövlətçilik prinsiplərinə sadiq olan ədliyyə orqanları respublikamızın yeni inkişafmərhələsində fəallıq nümayiş etdirəcəklər.

Respublikamızda ədliyyə orqanlarının təşəkkül tapmasının tarixi Azərbaycan Xalq Cümhuriyyətin yaranması ilə başlanır.

Təsadüfi deyil ki, xalqımızın milli dirçəlişi prosesinin məntiqi nəticəsi və tarixi zərurət kimi 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi dövlət quruculuğunun mühüm səhifələrindən biri Ədliyyə Nazirliyinin təsis edilməsidir.

Bu nazirliyin məhz Azərbaycanın müstəqilliyinin elan edildiyi tarixdə – may ayının 28-də təsis olunması Cümhuriyyətin qurucularının İstiqlal Bəyannaməsində öz əksini tapmış hüquqi və demokratik dövlət quruculuğu prinsiplərinə nə qədər böyük önəm vermələrinin göstəricisidir.

1918-ci il noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, onun funksiya və səlahiyyətləri, həmçinin ştatları müəyyənləşdirilmişdi. Məhz bu tarix Azərbaycanda dövlət quruculuğunda dövlətçilik irsinin yaşadılmasına və varislik ənənələrinə böyük diqqətlə yanaşan xalqımızın Ulu Öndəri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunmuşdur. Artıq 24 ildir ki, noyabr ayının 22-si respublikamızda Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Tarixə nəzər salanda görürük ki, Azərbaycan ədliyyəsi yarandığı ilk gündən şərəfli, eyni zamanda enişli və yoxuşlu bir yol keçmişdir. mhuriyyətin tarixindən də bəlli olduğu kimi 106 il əvvəl Ədliyyə Nazirliyi yaranarkən, Azərbaycanda ədliyyə və ümumilikdə məhkəmə-hüquq sistemi dağınıq vəziyyətdə olmuşdur. O cümlədən vaxtilə çarizmin həyata keçirdiyi diskriminasiya siyasətinin nəticəsi olaraq azərbaycanlı hüquqşünas kadrların sayı olduqca az idi, müstəntiq və hakim çatışmazlığı problemi var idi. Belə bir vəziyyətdə hüquqi dövlət quruculuğunu həyata keçirən Xalq Cümhüriyyətinin üzərinə böyük məsuliyyət düşmüşdü. Bütün bunlara rəğmən Azərbaycan Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyətinin bərpa olunması, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin və daha sonra Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiqlənməsi Xalq Cümhuriyyətinin həyata keçirdiyi hüquqi dövlət quruculuğunun və ölkədə yeni məhkəmə-hüquq sisteminin təşəkkül tapmasının mühüm göstəriciləri idi. Tezliklə respublikada hüquq qaydalarının yaradılması ilə əlaqədar müvafiq qanunlarhüquqi aktlar qəbul olunmuşdu. O dövrdə parlamentə təqdim olunmuş qanun layihələrindən 32-si məhz Ədliyyə Nazirliyi tərəfindən hazırlanmışdı.

1920-ci il aprel ayında Azərbaycanda hakimiyyəti bolşeviklər ələ keçirdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilmiş, yerində Xalq Ədliyyə Komissarlığı yaradılmışdı. Onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil idi. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdi. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığı növbəti dəfə təşkil edilmiş, amma 1959-cu ildə yenidən ləğv olunmuşdu.  

Azərbaycanda ədliyyə sisteminin yenidən və əsaslı surətdə formalaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sovet illərində respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edildi. Ədliyyə Nazirliyinin yenidən yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı həyata keçirdiyi islahatlardan  irəli gəlirdi. Respublikada hüquq sisteminin və bura daxil olan ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi də bu islahatların tərkib hissəsi idi. Yenidən təsis edilən Ədliyyə Nazirliyi həmin dövrdə məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmişdi. Ümumiyyətlə, o dövrdə ədliyyə işi daha datəkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdı.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də ədliyyənin inkişafına xüsusi diqqətlə yanaşmışdır. Ulu Öndərin həyata keçirdiyi hüquqi dövlət quruculuğunun mühüm istiqamətlərindən birini məhz ədliyyə orqanlarının yenidən təşkili, onların fəaliyyətinin müasir dövrün tələb və çağırışlarına uyğunlaşdırılması olmuşdur. Bu sahədə görülən işlər kompleks məzmun daşımış, 1995-ci ildə Konstitusiyanın qüvvəyə minməsi ilə hüquqi çərçivələr müəyyən olunmuş, parlamentdə müvafiq qanunlər qəbul edilmiş, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. Ədliyyə sisteminin ənənəvi fəaliyyət istiqamətlərinin, o cümlədən məhkəmələrin, penitensiar müəssisələrin, notariatların fəaliyyətinin tamamilə yenidən qurulması ilə yanaşı, Ədliyyə Nazirliyində icra xidməti, istintaq aparatı, bələdiyyələrlə iş və məhkəmə ekspertizası mərkəzləri yaradılmış, bir sıra hüquqi məsələlərlə bağlı səlahiyyətlər məhz Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Bütün bunların nəticəsində ədliyyə orqanlarının hüquq sistemində rolu artmış, cəmiyyətdəki nüfuzu yüksəlmişdir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 22 noyabr tarixinin Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunması isə ədliyyə sistemində çalışan hər bir məmur tərəfindən böyük minnətdarlıq və iftixar hissi ilə qarşılanmış, onların dövlət və cəmiyyət qarşısında məsuliyyətlərini daha da artırmışdır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən və onu zamanın çağırışlarından irəli gələrək yeni keyfiyyət mərhələsinə yüksəldən möhtərəm Prezident İlham Əliyev respublikada hüquq sisteminin davamlı şəkildə təkmilləşdirilməsini, onun fəaliyyətinin ən müasir standartlar səviyyəsində təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Bu baxımdan möhtəşəm uğurlarla zəngin olan ötən 21 illik zaman kəsiyi həm də hüquqi müstəvidə davamlı islahatların həyata keçirilməsi ilə əlamətdardır. Bu islahatlar respublikamızın sürətli sosial-iqtisadi inkişafını tamamlamış, onun hüquqi bazasını daha da möhkəmləndirmişdir.

Mütərəqqi hüquqi islahatlar ədliyyə orqanlarını da əhatə etmiş, bu sahənin fəaliyyətinin daha modernləşdirilməsi, xidmətlərin elektronlaşdırılması və şəffalaşdırılması, bu məqsədlə rəqəmsal innovasiyaların tətbiqi ilə bağlı həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan mühüm islahatlar, müxtəlif tədbirlər həyata keçirilmişdir. İslahatlar və modernləşmə tədbirləri demək olar ki, ədliyyənin bütün sahələrini əhatə etmişdir. Onların bəzilərinə nəzər yetirməklə ədliyyə sistemindəki keyfiyyət dəyişikliklərinin real nəticələrini görə bilərik. Məsələn, respublikamızda hüquqi islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin tamamiləyenilənməsi, hakimlərin şəffaf seçiminin həyatakeçirilməsi, yeni hakim korpusununformalaşdırılması, paytaxtda və bölgələrdə müasir məhkəmə bina və komplekslərinin inşa olunması, məhkəməyə müraciət edilməsi anından qərarın icrasına qədər bütün prosesi əhatə edən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunmasına başlanılması, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə təsisatlarının yaradılması, ədalət mühakiməsinin daha effektiv həyata keçirilməsinəgətirib çıxarmışdır. Bütün bunlar vətəndaşların ədalət mühakiməsinə əlçatanlığını asanlaşdırmış, onlara daha keyfiyyətli xidmətlərin göstərilməsinə və şəffaflığın təmin edilməsinə müsbət təsirini göstərmişdir.

Açıq hökumət prinsiplərinin geniş tətbiqi, 2006-cı ildən milli qanunvericiliyin e-qanun.az elektron resursunun istifadəyə verilərək vətəndaşlara hüquqi aktlarla birbaşa, sərbəst və təmənnasız tanış olmaq imkanının təmin olunması, Ədliyyə Akademiyasının, regional ədliyyə idarələrinin, probasiya xidmətinin, müxtəlif reyestrlərin yaradılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, ekspertiza növlərinin genişləndirilməsi müasir Azərbaycan ədliyyəsinin fəaliyyətinin yeni mərhələyə yüksəldilməsinin bariz nümunələridir.

Bu dövrdə ədliyyə fəaliyyətinin ənənəvi sahələrindən olan notariat xidmətlərin göstərilməsi də müasirləşdirilmiş və yeni keyfiyyət mərhələsinə yüksəldilmişdir. Azərbaycan həm də “Elektron notariat” informasiya sistemini tətbiq edən ilk ölkələr sırasında yer alır. “Mobil notariat” tətbiqi vasitəsilə müxtəlif notariat hərəkətlərinin elektron qaydada rəsmiləşdirilməsi təmin edilir.

Vətəndaşlara müxtəlif ədliyyə xidmətlərinin eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidmət platforması yaradılması bir daha təsdiq edir ki, ədliyyə sistemində ən müasir innovasiyalar tətbiq olunmaqla əlçatanlıq genişləndirilir.

Ədliyyə orqanları qanun yaradıcılığı prosesində də fəal iştirak edir, hüquqi aktların layihələrini beynəlxalq hüquqi sənədlərin uyğunluğuna xüsusi diqqət yetirilməklə hazırlayır, layihələr üzrə rəy verir, normativ-hüquqi və normativ xarakterli aktların hüquqi ekspertizasını aparırlar. Bütün bunlarla yanaşı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının, hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsi, penitensiar müəssisələrin fəaliyyətinin təşkili, məhkəmə qərarlarının icrasının təmin olunması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət ədliyyə orqanlarının respublikamızın hüquq sistemindəki çoxşaxəli fəaliyyətindən xəbər verir. Qeyd edilənlər bir daha göstərir ki, geniş səlahiyyətlərə malik olan ədliyyə sistemi olduqca mühüm vəzifə və funksiyaları yerinə yetirir.

Əlbəttə ki, istənilən mütərəqqi fəaliyyətin  təməlində ilk növbədə onun təkmil hüquqi bazaya malik olması dayanır. Təsadüfi deyil ki, ötən dövr ərzində ədliyyə ilə bağlı qanunvericilik bazası təkmilləşdirilmiş, yeni qanunlar qəbul edilərək qüvvəyə minmişdir. Belə ki, müstəqillik dövründə ilk dəfə olaraq möhtərəm Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş, həmçinin ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır. Dövlət başçısının 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilmişdir.

4 il əvvəl torpaqlarımızın işğaldan azadedilməsindən ötən il Qarabağda erməniseparatizminə son qoyulması ilə bütün ərazilərimizüzərində milli suverenliyimizin təmin olunmasındansonra Azərbaycan xalqı tarixinin ən şərəfli və şöhrətli günlərini yaşayır. Yalnız müasir müstəqillikdeyil, bütün dövlətçilik tariximizə işıq salan buzəfərlərin yaratdığı reallıqların nəticəsi olaraqQarabağ Şərqi Zəngəzurda Azərbaycandövlətinin konstitusion əsasları bərpa olunmuş, dövlət idarəçiliyi təmin edilmişdir.

Torpaqlarımızın işğaldan azad edilməsi ədliyyə orqanlarının qarşısında yeni çağırışlar formalaşdırmışdır. Belə ki, hazırda ədliyyə orqanlarının qarşısında dayanan əsas vəzifələrdən biri azad edilmiş ərazilərimizdə məskunlaşmış vətəndaşlarımızıın ədliyyə xidmətlərinə əlçatanlığının təmin olunması, Qarabağ və Şərqi Zəngəzurda ədliyyə və məhkəmə fəaliyyətinin təmin edilməsi, bu sahədə müvafiq infrastrukturların yaradılmasıdır. Bu istiqamətdə atılan addımlardanbiri Vətən müharibəsindəki Zəfərdən sonra Qarabağ regional ədliyyə idarəsinin yaradılmasıdır. İdarəninyurisdiksiyasına işğaldan azad edilmiş ərazilərimizdə ədliyyə fəaliyyətinin təşkili və əlaqələndirilməsi daxildir.

Torpaqlarımızın işğaldan azad edilməsindən, bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpa olunmasından sonra Azərbaycan dövləti həm də öz tarixinin və inkişafının yeni dövrünə qədəm qoymuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə tariximiz hər gün yeni uğurlarla zənginləşir. Buna misal olaraq Bakıda  keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını göstərə bilərik. COP29 dünyanın diqqətini iqlim problemləmlərinə yönəltməklə yanaşı, Azərbaycanın uğurlarının qlobal təqdimatına çevrildi.

Qarşıda isə dövlətimizi və xalqımızı növbəti nailiyyətlər, yeni inkişaf nümunələri gözləyir. İnanırıq ki, hüquqi dövlətçilik prinsiplərinə sadiq olan ədliyyə orqanları bu dövrdə də fəallıq göstərəcək, öz vəzifələrini uğurla icra edəcək, fəaliyyətləri ilə respublikamızın inkişafına layiqli töhfələr verəcəklər. 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı münasibətilə bütün ədliyyəişçilərini təbrik edir, şərəfli missiyalarında onlara yeni uğurlar diləyirik.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Bakı şəhəri 46 saylı notariat ofisinin

xüsusi notariusu Tamilla Kərimova

COP29