“2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir. Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən, qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir”.
Bu, TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, əhalinin sağlamlığının qorunması və yoluxmaların, həmçinin xəstəliyin ağırlaşmalarının və ölüm hallarının qarşısının alınması məqsədilə əks-epidemik, profilaktik tədbirlər çərçivəsində 10 yaşadək uşaqların Milli Peyvənd Proqramına əsasən peyvəndlənməsi ilə yanaşı, 11-40 yaşlı əhali arasında da peyvəndlənmə tədbirləri aparılır:
“Vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında peyvəndlənmənin aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatlarının tətbiqinə ötən ilin 27 dekabr tarixindən başlanılıb.
Peyvəndlənmə prosesi Bakı şəhəri və regionlarda uşaq, böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır”.