11 ildən sonra Ronaldo və Messisiz ilk “El Klasiko”

Bu gün İspaniya La Liqasının 10-cu turunda əzəli rəqiblər – “Barselona” və “Real Madrid” qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, 2007-ci ildən bu yana “El Klasiko”da ilk dəfə Lionel Messi və Kriştianu Ronaldodan hər hansı biri olmayacaq.

Robaldo Real Madriddən ayrılması səbəbiylə oyunda iştirak edə bilmədiyi halda, Messi zədə səbəbindən bu oyunda iştirak edə bilməyəcək. Kataloniya təmsilçisində Samüel Yumtiti və Tomas Vermalen, “Kral klubu”nda isə Daniel Karvaxal və Mariano Diasın oyunda iştirak edib-etməyəcəyi matç saatlarında dəqiqləşəcək.

“Nou Kamp” stadionunda Bakı vaxtı ilə saat 19:15-də başlanacaq “El Klasiko”nu Xose Mariya Sançes Martines idarə edəcək.

1916-cı ildən etibarən iki komanda arasında 237 rəsmi oyun keçirilib. “El Klasiko”da 95 dəfə “Real Madrid”, 93 dəfə “Barselona” qələbə qazanıb. Daha 49 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də “Kral klubu”nun xeyrinədir – 401:387.