11 sentyabr: Qlobal təhlükəsizliyin yeni dizaynı – ABŞ kimləri “hədəf taxtası”na gətirdi?

11 sentyabr 2001-ci il hadisələri dünya tarixində qlobal təhlükəsizlik sistemini köklü şəkildə dəyişən, ABŞ və onun müttəfiqlərinin xarici siyasət strategiyalarını yenidən formalaşdıran unikal bir dönüm nöqtəsi olub.

Qısa xatırlatma edək. Həmin gün dörd sərnişin təyyarəsinin qaçırılması, eləcə də nəticədə Nyu-York və Vaşinqtonda böyük dağıntıların baş verməsi ABŞ-ni terrorizmə qarşı mübarizədə yeni bir mərhələyə yönəltdi. Bu hadisələr isə yalnız təhlükəsizlik sahəsində deyil, həm də ölkənin Yaxın Şərq siyasətində böyük iz buraxdı.

11 sentyabr hadisələrindən sonra ABŞ-nin ilk hərbi müdaxiləsi də Əfqanıstana oldu. Terror aktını törədən “Əl-Qaidə” terror qruplaşmasının bu ölkədəki “Taliban” rejimi tərəfindən dəstəklənməsi, heç şübhəsiz ki, ABŞ-nin Əfqanıstana hərbi müdaxiləsinin əsas səbəbi idi. Vaşinqtonun bölgədəki məqsədi terrorizmlə əlaqəli qüvvələri məhv etmək və “Taliban” rejimini devirmək idi. “Sonsuz Azadlıq” əməliyyatı adı altında aparılan bu mübarizə ABŞ-nin Əfqanıstanla uzunmüddətli münasibətlərini formalaşdırdı və 2021-ci ildə ABŞ qüvvələrinin çıxmasına qədər davam etdi.

Sözügedən terror aktından sonra ABŞ-nin xarici siyasətində ikinci ən böyük dəyişiklik İraqla bağlı oldu. 2003-cü ildə ABŞ Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarına sahib olduğunu iddia edərək, İraqa müdaxilə etdi. Bu müharibə Birləşmiş Ştarların Yaxın Şərqdəki strateji maraqlarına uyğun olaraq, yalnız terrorizmə qarşı mübarizə deyil, həm də bölgədə yeni rejimlərin formalaşdırılması məqsədini daşıyırdı. Bununla belə, ABŞ-nin İraq müharibəsi beynəlxalq aləmdə çoxlu tənqidlərə məruz qaldı və regionda uzunmüddətli qeyri-sabitliyə səbəb oldu.

Vaşinqtonun “9/11” proseslərindən (amerikanlar belə adlandırır – red.) Əfqanıstan və İraq siyasətləri ABŞ-nin qlobal liderliyini yenidən müəyyən etdi və bu hadisələr terrorizmə qarşı mübarizəni, habelə qlobal təhlükəsizlik məsələlərini ölkənin xarici siyasətinin mərkəzinə qoydu. Lakin bu siyasətlər həm daxili, həm də xarici arenada bir xeyli tənqidlərə səbəb oldu desək, yanılmarıq. Xüsusilə də İraq müharibəsi bölgədə uzunmüddətli stabillik problemini yaradan amillərdən biri oldu və 2015-ci ildə İŞİD kimi terror təşkilatının meydana çıxmasına və bölgəni qan gölünə çevirməsinə şərait yaratdı.

Qısacası, 11 sentyabr ABŞ xarici siyasətində dönüş nöqtəsi olaraq, ölkənin Yaxın Şərq siyasətini və terrorizmə qarşı mübarizəsini formalaşdıran əsas amillərdən biridir. Vaşinqtonun həm Əfqanıstan, həm də İraq siyasətləri uzun illər ərzində qlobal güc dinamikalarına təsir etdi və bugünkü regional münaqişələrin əsas səbəblərindən biri olaraq qalır. Bu geosiyasi durum ABŞ-nin dünyadakı rolunu və bölgədəki maraqlarını yenidən nəzərdən keçirməsinə səbəb oldu, eyni zamanda, terrorizmlə mübarizənin qlobal təhlükəsizlik gündəmində prioritet mövqe tutmasını təmin etdi.

Sözsüz ki, bu məsələdə Birləşmiş Ştatların Yaxın Şərq və Əfqanıstan planlarının həyata keçirilməsi üçün hansısa fitilin alovlanması məsələsi də zaman-zaman dilə gətirilir. 2.977 adamın həlak olduğu 11 sentyabr hadisələrinin pərdəarxasında ovaxtkı Corc Buş administrasiyasını “hədəf taxtası”na qoyanlar da çoxluq təşkil edir. Lakin reallıq budur ki, ABŞ üçün “demokratiya”nın yayılması baxımından bu terror aktı bir növ fürsət oldu və Vaşinqton bundan öz məqsədləri üçün lazımi şəkildə yararlandı.

Rafi Müslümov

COP29