“Azərbaycanda fətullahçıları həbs və deport gözləyir”


Aqil Ələsgər Gülən-Doğan kirli ittifaqı ilə bağlı şok faktlar açıqladı

Azərbaycan yenidən hədəfdədir. Öncə “Vaşinqton Post”, daha sonra isə “Hürriyyət” qəzeti ölkəmizə qarşı hücuma başladı. Bu məsələ ilə bağlı ən ilginc iddia isə bu günlərdə “Terrorun GÜLƏN üzü” adlı kitabı ilə türk mediasında gündəmə gələn “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərdən gəldi. İllərdən bəri fətullahçılarla bağlı araşdırmaları ilə tanınan yazar Azərbaycana qarşı Aydın Doğan-Fətullah Gülən ittifaqından bəhs edən yazı qələmə aldı. Azərbaycanın şantaj edildiyini bildirən A.Ələsgər vətəninfo.az-a müsahibə verib.

Yenicag.az həmin müsahibəni təqdim edir.

– Aqil bəy, nə baş verir? Nə üçün Azərbaycan hədəf seçilib?

– Əslində bütün oyunlar açıq oynanılır. Sadəcə, parçaları yerinə oturtmaq lazımdır ki, baş verənlər dəqiq təhlil edilsin. Əks halda riyazi teorem kimi səhv sonuclara gətirib çıxaracaqdır. Azərbaycan və Türkiyə ciddi təhdidlə üz-üzədir. Buna Rusiyaya qarşı sanksiyaları da əlavə etsək, ABŞ-ın dərin güclərinin Əliyev-Ərdoğan-Putin üçlüyünə qarşı düyməyə basdıqlarını rahatlıqla söyləmək olar. Son illərdə Azərbaycanın həm Türkiyə, həm də Rusiyanın ciddi strateji ortağına çevrilməsi, hədəf nöqtəsinə gətirilməsinə səbəb olur. İstər Wikileaks, istərsə də digər SIZINTI materiallarını diqqətlə izlədikdə, açıq şəkildə hədəfin ancaq ABŞ-dakı neoconların düşmən siyahısında olanlar olduğunu görmək olur.

ABŞ-ın “paralel dövləti” sayılan neoconlar (neo conservative-yeni mühafizəkarlar) soyuq savaşdan sonra dövlətin ən ciddi beyin mərkəzlərini əllərində saxlayırlar. Dünyada baş verən çevrilişlərin, savaşların və digər problemli məsələlərin altında imzası olan neoconlar zamanında komunizmə qarşı yaradılan Gladionun xələfidirlər. Bir çoxlarının xəyalət olduğunu iddia etdikləri neoconların ABŞ-ın siyasətinə təsiri Obamadan daha çoxdur. Dünyadakı bütün paralel quruluşları dəstəkləyən neoconların başlıca hədəfi bölgələrdə amerikan maraqlarının təmin olunmasıdır. Buna mane ola biləcək hər fərd və quruluş potensial neocon düşməni sayılır. İstər Putinə, istər Ərdoğana, istərsə də Əliyevə qarşı hücumlar da bu aspektdən dəyərləndirilməlidir. Dövlətinin milli marağını qoruyan hər dövlət adamı onların “qara siyahısı”ndadır. Bu gün Aydın Doğan və Fətullah Gülənin Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətlərində də bu faktor özünü qabarıq şəkildə göstərməkdədir. Öncə bu kirli ittifaqın keçmişinə nəzər salaq.

– Yəni, Gülən ilə Doğan ittifaq içindədir?

– Bəli. Ümumiyyətlə, Türkiyədə ABŞ-ın “paralel dövləti”nin daim dəyişməyən iki təmsilçisi olub. Aydın Doğan və Fətullah Gülən. Amerikada istər respublikaçılar, istərsə də demokratların iqtidara gəlməsindən asılı olmayaraq, hər iki şəxs ABŞ-ın bölgədəki önəmli adamları olublar. Zamanında baş nazirləri “penjama” ilə qəbul edən Aydın Doğanla Pensilvaniyadakı villasında heç bir məcburiyyət olmadığı halda ABŞ bayrağı asan Gülənin ilk ortaq hərəkəti 28 fevral hərbi çevrilişi zamanı üzə çıxıb. ABŞ-dan verilən təlimatla çevriliş edən amerikapərəst general Çevik Birə ən böyük dəstəyi o zaman Aydın Doğan və Gülən verdi.

Zamanında İstanbulda “sivil general” olaraq anılan Aydın Doğan o qədər güclü idi ki, paşaların sevmədiyi gülənçi Taha Akyola sahib çıxırdı. Gülən isə 17 aprel 1997-ci ildə Doğanın sahib olduğu Kanal D efirindən çevriliş edən amerikanpərəst hərbçiləri dəstəkləyirdi: “28 fevral bəyanatını verən əsgərlər savab qazanıblar”.

– Aydın Doğan tam olaraq nə zaman Gülənin tərəfinə keçdi?

– Doğan ilə Gülən ayrı-ayrılıqda neocon amerikanlılarının maraqlarına xidmət etsələr də, ilk izdivac 2,5 milyard dollar vergi cəzasından sonra quruldu. Belə ki, cəzanın dayandırılması üçün müxtəlif yollara baş vuran Doğana ən böyük dəstək fətullahçı polislərdən gəldi. Hazırda Fətullahçı Terror Örgütü üzvü olduğu üçün həbsdə olan İstanbul Polis Təşkilatı Terrorla Mübarizə Şöbəsinin sabiq müdiri Ali Fuad Yılmazer vergi qaçaqçılığından mühakimə olunan Aydın Doğanın işinə baxan İstanbul Altıncı Vergi Məhkəməsinin başqanı, hakim Həsən Ərdəmi “Həsən” və “Həsən Yalçın” saxta isimləri ilə dinlədib. Hətta hakimin həyat yoldaşı Sevinc Taş Ərdəm belə başqa adla dinlənilib. Nəticədə 11 noyabr 2009-cu ildə Həsən Ərdəm çox şübhəli qərarla Doğanın vergi borcunu sildi.

Yəni, 11 noyabr 2009-cu il tarixindən sonra Gülən ilə ittifaqın da əsasları qoyuldu. Hakim partiyanın tələbi ilə bir çox yazarını “Hürriyyət”dən göndərən Aydın Doğan bu gün də Camaat mövzusunda Ərdoğana qarşı dirənir.
Azərbaycan əleyhinə fəaliyyətləri ilə seçilən “CNN Türk”ü fətullahçıların nəzarətinə verən Aydın Doğan bir yazısında Gülənə “sizə qarşı olanlar yerindədir” yazdığı üçün qocaman yazarı Yılmaz Özdili qovdu.

– Aydın Doğan-Fətullah Gülən ittifaqına dair konkret faktlar varmı?

– Əlbəttə. Bu gün Gülən-Doğan ortaqlığından danışarkən iqtisadi ortaqlığı yaddan çıxarmamaq lazımdır. Bunun ən bariz nümunələrindən biri “Zaman” qəzetini “Doğan” Holdinqə məxsus yayım firmasının paylamasıdır. 1 milyona yaxın tirajı olan və hər işini özü görən qəzet nədənsə, öz yayım firmasını qurmayaraq, xeyri Aydın Doğana verməkdədir. Burada ciddi kardan söhbət gedir ki, Gülən bu boyda xeyiri qardaşına verməz, ancaq Doğana verir.

Son illərdə Gülənlə bağlı çıxan müsbət kitabların əksəriyyəti “Doğan” Holdinqə bağlı yayın evlərində çıxıb. Faruk Mercan, Nazlı Ilıcak, Helen Rose Ebaugh kimi gülənist yazarlar “Doğan Kitab”da öz imamlarını tərifləyən kitablara imza atdılar.
Üçüncüsü, Gülənin polis və məhkəmə sistemindəki gücü Aydın Doğanın da işinə yarayır.
Ən önəmlisi isə Gülən və Doğanın ikisinin də eyni qlobal şəbəkənin əmrində olmalarıdır.
Doğana bağlı mediada fətullahçılara gəlincə, Kanal D-nin başındakı İrfan Şahin sabiq polisdir və Pensilvaniyaya bağlıdır. “CNN-Türk”-ün rəhbəri Ferhat Boratavın hələ bir neçə il öncə Güləni gizli ziyarət etdiyi üzə çıxmış və bu görüşü etiraf etməyə məcbur olmuşdu. Doğanın kürəkəni Əli Sabançı Gülənin ən yaxın adamlarından biridir. Türkiyədə 30 aprel 2014-cü il bələdiyyə seçkiləri öncəsi sahibi olduğu “Pegasus” firmasının adından verdiyi reklamla Camaatın yanında olduğunu bildirmişdi. Afişaya AKP-nin loqosu olan lampa şəklini qoyaraq, “Gələcəyimiz üçün artıq işıqları söndürək” yazdıran Əli Sabançı ayrıca Mühsin Yazıçıoğlunun şəhid olmasına səbəb olan helicopter firmasının da sahibidir.

– Gülənin “Hürriyyət”lə hansı bağlılığı var?

– “Hürriyyət” kimindir? Aydın Doğana dəstək demək, bu qəzet də daxil Doğan Holdinqə dəstəkdir. Mən yeni olmuş bir fakta diqqət çəkim.
Doğanın iqtidarın təzyiqinə rəğmən Güləndən vaz keçməməsinə qarşılıq olaraq da Camaat ABŞ-dan dəstək verdi. “Bizim Gülənlə əlaqəmiz yoxdur” deyən “Hürriyyət”i gülənist senatorlar müdafiə etdilər. Türkiyədə söz azadlığının olmadığına dair bəyannaməni ABŞ Konqresinə təqdim edərək, “Hürriyyət”i müdafiə edənlərə nəzər salaq:
ABŞ Konqresinin üzvləri Alan Grayson və Steve İsrael Güləndən qonorar alaraq, fətullahçıların turist proqramlarında iştirak ediblər. ABŞ xarici işlər naziri Con Kerriyə Türkiyədə Gülənə qarşı əməliyyatlarla bağlı məktub yazan senatorların başında gəlirlər. ABŞ Konqresinin üzvü Daniel Lipinski də Doğanı müdafiə edənlərdəndir. Lipinski Pensilvaniyaya yaxın isimlərin başında gəlir. Gülən Şəbəkəsi 2010-cu ildə onun hesabına rəsmi olaraq 1800 dollar köçürüb. 2013-cü ildə isə fətullahçıların təşkil etdiyi “İstanbul gəzinti”sinə qatılıb. ABŞ Konqresinin üzvü Bobby L. Rush: Paralel Şəbəkəyə bağlı Türk Amerikan Birliyi təmsilçiləri tərəfindən 2014-cü ildə ABŞ-da ilk ziyarət edilən şəxslərdən biridir.

– Son yazınızda Doğanın bir yazarını Pensilvaniya bülbülü adlandırmısınız…

– Gülən-Doğan əlaqələrindən bəhs edərkən, “Hürriyyət”in Vaşinqton təmsilçisi Tolqa Tanışa toxunmamaq olmaz. Davamlı olaraq, Gülənə müsbət münasibəti ilə seçilən Tolqa Tanışın “Doğan Kitab” tərəfindən nəşr oluna “Potus və Bəyəfəndi” kitabı Əkrəm Dumanlı başda olmaqla əksər fətullahçıların rəğbətini qazanan kitablardandır. Ərdoğan əleyhinə yazılan kita Tolqa Tanışın ilk işi deyil. Gülənlə savaşa başladıqdan sonra davamlı olaraq, Ərdoğan əleyhinə yazan Tolqa Tanış son olaraq, Camaatın hökuməti vurmaq üçün ortaya atdığı “MİT Tırları” və “nüvə stansiyası” ilə bağlı xəbərlərə imza atdı. Bu səbəbdən “Pensilvaniya bülbülü” adlandırılan Tolqa Tanış eyni zamanda “Xədicə üçün” Azərbaycana böhtan atan CIA jurnalistlərindən biridir. CIA, Doğan, Gülən… Oxucunun fikri qarışmasın. Zatən, son ikisi hər zaman CIA-nın kontrolunda oldu. Gülənin ABŞ-da qalmasına zamin olanlar CIA-nin sabiq İstanbul və Orta Şərq masası şefləri Graham Fuller və Paul Henze deyildimi?..
Bu arada Azərbaycana qarşı sadəcə Tolqa Tanış çirkin iftira atmayıb. Dağlıq Qarabağdakı separatçı rejimə “dövlət” statusu verən də Doğan mediası idi. Azərbaycan prezidentini “Gülənin məktəblərini bağlayır” deyə, CNN Türk efirindən təhqir edən Mustafa Akyol fətullahçı Taha Akyolun oğludur və sırf Gülənə bağlı olduğu üçün “Star”dan qovulub. Mustafa Akyol 2007-ci ildə AXCP sədri Əli Kərimlinin də yaxın dostu olan Lord Əhmədin Gülənin şərəfinə təşkil etdiyi konfransda çıxış edən azsaylı türk yazarlardan biridir.

– Azərbaycanın birdən birə “Hürriyyət” və “Vaşinqton Post”un “yadına düşməsi nə ilə bağlıdır?

– Doğan və Gülənin Ərdoğanla savaşı heç də vergi və ya dərsxanaların bağlanması deyil. Məsələ öz istehsal gücünü artıran və ABŞ-ın 51-ci ştatı olmaq istəməyən Türkiyədir. Bunun qarşısını kəsmək üçün “neocon”ların türk emissarları meydandadır. Bəs Azərbaycan? Azərbaycanın getdikcə güclənməsi və onun da ABŞ-ın arzulamadığı Türkiyə-Rusiya strateji ittifaqında mühim rol oynaması amerikanların maraqların istəmədiyi siyasətdir. Eyni zamandan burada Gülənin 7 iyun sonrakı qorxusu da öz sözünü deməkdədir. Belə ki, artıq Türkiyənin üst dairələrində seçkilərdən güclü çıxacaq AKP-nin “Paralel Şəbəkə”ni bitirmək üçün daxildə və xaricdə əməliyyatlara başlayacağından bəhs edilir. Hər nə qədər Doğan-Gülən mediası Ərdoğanın bu seçkidən məğlub çıxması üçün çalışsalar da, nəticənin istədikləri kimi olmayacağını təxmin edirlər. PKK-nın siyasi qanadı olan HDP-yə dəstək verərək, AKP-nin təkbaşına iqtidar olmasının qarşısını kəsmək istəsələr də, bu imtahandan necə çıxacaqları məchuldur. Bu səbəbdən də, “ən yaxşı müdafiə hücumdur” taktikasına üstünlük verirlər. Diqqətlə araşdırılsa, istər Azərbaycanın, istərsə də Türkiyənin əleyhinə çıxış edən senator və qəzet yazarlarının eyni şəxslər olduğunu görmək mümkündür. Tolqa Tanış bunlardan sadəcə birisidir.

Psixoloji təzyiqdən insafsızcasına bəhrələnən Gülən və Doğan hər zamakı kimi şantajla gələcək hücumlardan qorunmaq istəyirlər. Türkiyədə ciddi sarsıdıcı zərbə alan ikili Azərbaycanda Gülən vasitəsi ilə qurulan şəbəkənin sıradan çıxarılmasını istəmir. Buna görə də, dörd bir tərəfdən hücum təşkil olunur ki, sonra Kamal Öksüz, Türk Amerikan Alyansı kimi fətullahçı şəxs və quruluşlar üçün “iş çıxsın”. Yəni, bir tərəfdən Azərbaycan əleyhinə fəaliyyət göstərib, digər qolla da “gərginləşən münasibətləri yoluna qoyaraq”, Azərbaycana “xidmət göstərirlər”. Beləliklə də, həm Azərbaycanın büdcəsi soyulur, həm də Azərbaycandan istədikləri xahişi edirlər və dövlət içindəki kadrlarını qoruyurlar. Sadəcə adamlarınımı? Bu gün amerikançı neoconların beyin mərkəzinə çevrilən, ABŞ-lı qonaqların əksik olmadığı Qafqaz Universitetini, TUSİAB və “İpəkyolu”nda birləşdirdikləri şirkətləri də bu şantaj vasitəsi ilə qoruyurlar. Doğanın Türkiyə iqtidarına qarşı həyata keçirdiyi şantajı Gülən həm də bir az da onun dəstəyi ilə Azərbaycana qarşı həyata keçirməkdədir. Hazırki məqsəd isə seçkilərdən sonrakı dayaqlarına qarşı olacağı gözlənilən prosseslərin önünü kəsməkdir və yenidən Azərbaycan üzərindən Rusiya və Orta Asiyadakı mövcudiyyətlərini qorumaqdadırlar.

– Dəfələrlə yazılarınızda Gülənə bağlı azərbaycanlı şəxslərin adlarını çəkirsiniz. Ancaq adı çəkilənlərin çoxu dindar deyil.

– Bilirsiniz, ən böyük yanlış fətullahçı şəbəkənin zahiri görünüşünə inanmaqdır. Gülənist şəbəkə üçün əsas olan dindarlıq deyil, ABŞ-a sədaqətdir. Tolqa Tanışa 2013-cü ildə informasiya ötürdüyündən şübhələndiyimiz Elşad İskəndərov məzhəb baxımından dostu Elnur Aslanovdan fərqli idi. Və ya Xalik Məmmədovla ciddi-cəhdlə qoruduğu Ənvər Özərən və Məsut Kurnaz ayrı məzhəblərə məxsusdur. Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, “Azərbaycan” qəzetinin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması- Beynəlxalq Təşkilatlarla Əlaqələndirici Ayaz Salmanov, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş Sektorunun müdiri Fuad Babayev, ASAİF –in keçmiş baş katibi Vusal Qurbanov, Xəzər Dənizi Gənc mühəndislər İB-nin rəhbəri Rüfət Əzizov, İDEA İB-dən Raul Gülməmmədov, ASAİF-dən Nəcibə Mustafayeva və Xalik Məmmədovun oğlu Kənan Məmmədov da yaşamları ilə bir-birlərindən fərqli insanlardır. Fəqət bunları bir məsələ birləşdirir: Gülənə və ABŞ-a sədaqət. Baxın bu adamların əksəriyyəti ABŞ-a simpatiya bəsləyirlər. Məsələn Elşad İskəndərov şiə olduğu halda Amerikanın maraqlarını qoruyurdu. Bu gün təmsil etdiyi təşkilat da ABŞ tərəfindən qurulub. O təşkilatın sabiq sədri Ekmələddin İhsanoğlunun Gülən tərəfindən Ərdoğana alternativ kimi irəli sürdüyünü deməyə ehtiyac yoxdur.

– Ancaq görünən odur ki, bunlarla mübarizə çox çətindir.

– Bilirsiniz, ən böyük problem bir təşkilatın və şəbəkənin kodlarını çözənə qədərdir. Gülən Şəbəkəsi ilə bağlı problem də bundan qaynaqlanır. Xüsusilə Türkiyədə terror qarşı mütəxəssislər daha çox “Hizbullah”, PKK üzərində çalışdığından Gülən Şəbəkəsinin kodlarını çözə bilmirlər. Ancaq bir jurnalist kimi deyə bilərəm ki, Azərbaycan bu məsələdə Türkiyədən öndədir. Çünki Wikileaks sənədlərində də deyilir ki, Azərbaycan bu təhlükəni 2006-cı ildə görüb və liseyləri bağlamaq istəyib. Lakin türk hökuməti xahiş edərək, prossesi dayandırıb.

Bu o deməkdir ki, Gülən Şəbəkəsi ilə bağlı Azərbaycan Türkiyədən on il öndədir. Heç şübhəsiz onların ABŞ vasitəsiylə Azərbaycanı şantaj etmələri də bu səbəbdəndir. Öz mövcudiyyətlərini qorumaq, Azərbaycandakı ömürlərini uzatmaq istəyirlər. Lakin nə qədər cəhd etsələr də, dövlətdən güclü ola bilməzlər. Hökumət içindəki amerikanpərəst məmurlarla özlərini nə qədər qorusalar da, sonunda Türkiyədə də, Azərbaycanda da dövlət zəfər çalacaq. Mən şəxsən yaxın zamanlarda bu məsələ ilə bağlı ciddi hadisələr gözləyirəm.

– Necə ciddi hadisələr?

– Türkiyədə aparılan Gülən Örgütünə qarşı mübarizə onun xaricdəki qollarına-ayaqlarına qarşı da şamil ediləcək. Bu örgütə xidmət edənlər əvvəl-axır cəzalandırılacaqlar. Elə olacaq ki, onları müdafiə edənlərin özləri müdafiəyə ehtiyac duyacaq. Türk vətəndaşı olan imamlar bəzi məmurların sayəsində ölkədə qalırdılar. Əhməd Sanıc, Bahri Topuz, Mustafa Saatçı, Məsut Kurnaz, Yasin Goral və digərləri iki dövlət münasibətlərinə zərbə vururlar. Bu və digər fətullahçılar sonunda Obamanı belə köməyə çağırsalar, deport olunacaqlar. Onlara dəstək verən,yaxalarına ABŞ-ın bayrağını taxıb, özlərini ABŞ-ın qeyr-rəsmi səfiri sayan azərbaycanlı fətullahçıların da bir çoxu vəzifəsini itirməklə qalmayacaq, həbs olunacaqlar. Əmin olun ki, bu gün uzaqda deyil.