Keçmişi bilmədən nə bu gün, nə də gələcəklə bağlı məsələləri düzgün oxumaq olar. Bu gün əksər mətbuat bir türk aktrisasının Azərbaycan təhsilini ələ salan açıqlamasını oxuduq. Əksəriyyətimiz bu açıqlamanın yataq səhnələri ilə məşhur Müjdə Ardan gəldiyinə təəccüb etsək də, incə ayrıntı gözdən qaçdı.
- Müsahibəni kimin götürdüyü.
- Nədən “Zaman”da da yayımlandığı.
Müsahibəni götürən bəllidir: Ahmet Hakan. Bu şəxsin Azərbaycana qarşı qərəzinin tarixçəsi Müjdə Arla başlamır. Hələ 2008-ci ildə Türkiyənin o zamankı mədəniyyət naziri və hazırda fətullahçıların yanında, Ərdoğanın qarşısında yer alan Ərtuğrul Günayın dəvəti ilə Bakıya gələn Ahmet Hakan Bakıdan getdikdən sonra bunları yazmışdı: “Professor Heydər Başın “professorluq” ünvanını aldığı Bakı Dövlət Universitetində diplomların “hörmət” yolu ilə alındığna dair dedi-qoduları öyrənincə, “əcəba, mən də buradan bir professorluq qapa bilərəmmi” deyə, araşdırdım. Ancaq qiymətlərin yüksəldiyini və mənə çox baha başa gələcəyini öyrəndim(Yazının orjinalı: Prof. Dr. Haydar Baş’ın “profesörlük” titrini aldığı Bakü Devlet Üniversitesi’nde diplomaların “hörmet” yoluyla kazanıldığına dair yaygın dedikoduyu öğrenince, “Acaba ben de buradan bir profesörlük kapabilir miyim?” diye arayışa geçtim… Ancak fiyatların yükseldiğini, olayın bana biraz tuzluya mal olacağını öğrendim)
Həmin yazıda (Yazının linki: http://www.hurriyet.com.tr/yazarlar/10370301.asp) Gülən ilə Azərbaycan iqtidarının çox yaxşı münasibətinin olduğuna diqqət çəkən Ahmet Hakan əslində o iftiranı kimlərin ona verdiyini də dolayısı ilə bildirir. Belə ki, o dönəmdə Gülənlə ciddi şəkildə mübarizə aparan, “Troya atı” disklərini Azərbaycanda və Türkiyədə yaydıran Heydər Baş və Camaatı idi. Ordu tərəfindən dəstəklənən bu camaat Gülənlə mübarizədə ciddi şəkildə fərqlənirdilər və Heydər Başın diplomunun saxta olması da Gülən camaatının o zaman ortaya atdığı iddia idi. Heydər Başın və adamlarının Azərbaycandan uzaqlaşdırılmasında, müavininin həbs olunmasında da Gülənin Azərbaycandakı şəbəkəsinin ciddi rolu var idi. Yəni, o zaman ona qarşı olan Heydər Başı gözdən salmaq üçün Azərbaycanın ən qədim təhsil müəssisəsinə ləkə yaxmaqdan çəkinmirdilər. Ahmet Hakan da bu planın bir parçası olmuşdu. Necə ki, bu gün Ahmet Hakanın ağası Aydın Doğan Gülən ilə ittifaqdadır.
Qısacası, bu gün Müjdə Arın adından yazılan “Azərbaycandan dandik diplom alaram” ifadəsi əslində Ahmet Hakanın bilincaltına Gülən Camaatı tərəfindən soxulan dedi-qodunun məhsuludur ki, aktrisanın adından servis edilib. İki universitetə daxil olub qovulan “islamçı” playboyun 16 aprel 2008-ci il tarixli o yazısında sadəcə təhsilimiz deyil, xanımlarımız da, məmurlarımız da, hətta manatımız belə ələ salınmışdı. Nə yazıq ki, o zaman da ona cavab verən bəndəniz idi(https://www.yenicag.az/old/wp-content/news/article.php?storyid=1256).
Gələk məsələnin ikinci tərəfinə. “Zaman” Ahmet Hakanın hər yazdığını yayınlayırmı? Xeyr. Üstəlik, Müjdə Ar kimi yataq səhnələri ilə məşhur aktrisanın fikirlərinə manşetdən yer vermək “Zaman”ın və Gülənin bu zamana qədər müdafiə etdikləri mühafizəkar prinsiplərlə uyğun gəlmir. Gülən həmişə buna diqqət etdiyi halda bu prinsipi pozması Müjdə Arın ümidinə qaldığının xəbərçisidir.
Eynilə 2008-ci ildə olduğu kimi bu dəfə də “Zaman” bununla əslində əsl rəqibini vurmağı planlaşdırır. Ancaq 2008-ci ildə olduğu kimi Azərbaycan “qurbanlıq” rolunu oynayır. Sanki Azərbaycana istənilən söz deyilə bilərmiş kimi, ölkəmiz bu şəkildə ələ salınır.
Nə üçün Uqanda və ya Qırğızıstan deyil də, Azərbaycan? Çünki Gülən Camaatı Azərbaycanda özlərini yenilməz sayır və ölkəmiz haqqında istənilən sözü söyləsələr belə, “gözün üstə qaşın var” deyilməyəcəyini gözəl anlayırlar. Çox zilə qalxdıqda, bir səhifə Azərbaycana yaltaqlanıb, könül alacaqlarını bilirlər. Necə də olsa, Azərbaycan dövləti içərisində ciddi dayaqları var və o dayaqlar Gülən Şəbəkəsi tərəfindən Azərbaycan milyon dəfə ələ salınsa belə, dövlətin bunlara qarşı tədbir görəcəyinə imkan verməyəcəyini bilirlər. Necə ki, Gülən məktəblərinin adı və guya sahibi dəyişsə də, o xeyirxah insanın adı altında Ənvər Özərənlər, Məsut Kurnazlar istədiklərini edirlər, məktəblərin nəzarəti də əllərindədir. Eyni zamanda Gülənin qurdurduğu bütün şirkətlər heç bir ölkədə olmayan şəraitdə inkişaf etməkdədirlər.
Bunun üçün də dilləri bu qədər uzundur və istədikləri zaman Azərbaycana həqarətlə yanaşa biləcəklərini sanırlar…
Bunun üçün bir playboyla baqqal sevdalısının müsahibəsini “Zaman”da yayımlamaqda bir problem görmürlər… Necə ki, “Today`s Zaman” qəzetində Azərbaycanda diktatura rejimi yazırdılar. Hətta o yazıya cavab olaraq, yazılan yazı internetdən silinir, həmin yazıya cavab yazmağa məcbur olan İxtiyar Hüseynli isə bu cümlələrlə günahını yuyurdu:
“Bir məqamı da vurğulayaq ki, zəmanəmizin böyük mütəfəkkiri, bütün varlığı ilə Azərbaycan sevdalısı olan Fətullah Gülən tərəfindən əsası qoyulan bu maarifçilik şəbəkəsi təmənnasız genişmiqyaslı fəaliyyəti nəticəsində haqlı olaraq Könüllülər Hərəkatı, Xidmət Hərəkatı kimi tanınır”.
Casus Şəbəkəsi Könüllülər Hərəkatı, əslən Pakraduni olan, erməniləri “əhli kitab” olaraq görən Güləni də Azərbaycan sevdalısı adlandırır. Gülən 90-cı ildə Azərbaycana göndrdiyi misyonerlərinə necə demişdi: “25 il Azərbaycandan meyvə gözləməyəcəksiniz”. Yəni, Gülən üçün Azərbaycan sevda yox, bar verəcək ağac idi ki, hazırda Elnur Aslanovların, Xalik və Kənan Məmmədovların, Fərhad Məmmədovların, İxtiyar Hüseynlilərin və dövlət içində özünü hələ də qoruyan “5-ci kalon”un sayəsində o ağacın meyvələrini yeməkdədir. Hər nə qədər Türkiyədə islamçı playboy ilə arsız Müjdəyə möhtac qalsa da…
Aqil ƏLƏSGƏR