Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyinin, regional ədliyyə idarələri rəislərinin və aidiyyəti məsul işçilərinin iştirakı ilə keçirilən videokonfrans formatında müşavirədə bildirilib.
Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov çıxış edərək nazirlik tərəfindən 2019-cu ildə 80 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarətin həyata keçirildiyini, 2.800-ə yaxın aktın nazirliyin təklifləri əsasında ləğv edildiyini və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 7.000 hektardan çox torpaq sahəsinin geri qaytarıldığını deyib.
Qeyd olunub ki, pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib. İnzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınmasına önəm verilərək bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 9.200-dən artıq tövsiyə göndərilib.
Müşavirədə inzibati nəzarətlə bağlı nazirlik tərəfindən təqdim olunmuş illik məruzənin Milli Məclisin iclasında dinlənildiyi qeyd olunaraq, bələdiyyələrin fəaliyyəti ilə bağlı deputatların irəli sürdükləri təkliflər diqqətə çatdırılıb, bu sahədə inzibati nəzarətin səmərəliliyinin artırılmasının, yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsinin, şəffaflığın, hesabatlılığın və aşkarlığın təmin edilməsinin, o cümlədən yerli büdcənin qəbulu və icrasının qanunvericiliyin tələblərinə uyğun şəffaf həyata keçirilməsinin, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitindən və yerli büdcə vəsaitlərindən qanunauyğun və səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.
İclasda həmçinin “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində bələdiyyələrin fəaliyyətində elektron sənəd dövriyyəsinin tətbiqi, onların internetə çıxışının artırılmasına və internet səhifələrinin açılmasına kömək edilməsi, bələdiyyələrlə iş portalının yaradılması işinin sürətləndirilməsi, kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından istifadə etməklə yerli büdcənin hesabatlılığının təmin edilməsi ilə bağlı bələdiyyələrlə iş aparılması barədə və digər məsələlər müzakirə olunub./Trend/