!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

14 ilin zəhməti: "Qəbələ"dən möhtəşəm təqdimat - VİDEO

!Reklam – Yazi

Qəbələyə vardığımızda yenə dağların üzərini qara buludlar almışdı. Səma da hansısa incə məqamdan kövrələn insan kimi idi. Sanki toxunsan, elə bu saat, bu dəqiqə hönkür-hönkür ağlayacaqdı… Əslində, bu, təbiətin hədə-qorxusu olsa da, mən nədənsə fərqli düşünürdüm. Mənə elə gəlirdi ki, buludlar da “Qəbələ”nin növbəti mövsümlə bağlı planlarından xəbərdar olmuşdu. Məyusluqdan “qanları” qaralmışdı…

Bu məqamda hər kəsin etdiyi yalnız bir dua var idi: “Bircə yağış yağmasın”…

Çünki tarixində ilkə imza atan “Qəbələ” qazandığı Azərbaycan kubokunu doğma meydanda azarkeşlərinə bayram tədbiri ilə təqdim edəcəkdi. Qəbələ şəhər stadionunda səhnə qurulmuş, hər kəs hazır vəziyyətdə idi.

Respublika Gününə təsadüf edən bayram tədbirindən öncə kubok futbolçular və azarkeşlərin iştirakı ilə şəhər turuna çıxdı. Klub rəhbərliyi tur üçün üstü açıq avtobus təşkil etsə də, yağışın hədə-qorxusu bu planı həyata keçirməyə imkan vermədi. Buna baxmayaraq, kubok “Qəbələ” və Azərbaycan bayraqlarıyla “silahlanmış” azarkeşlərin iştirakı ilə şəhər gəzintisinə çıxdı. Şəhər turunun son marşrutu isə Qəbələ şəhər stadionu oldu.

Kubok doğma meydana gələnə qədər artıq yerli azarkeşlər tribunalarda yerlərini almışdı. Az sonra isə bayram tədbiri başladı. Tədbirin aparıcısı, tanınmış jurnalist İlkin Xəlilov yerli publikanı salamlayaraq bayram şölənini açıq elan etdi.

Mərasimi giriş sözü ilə açan Qəbələ rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfov çıxış edərək klubun tarixi haqqında geniş məlumat verdi. Daha sonra səhnəyə azarkeşlərin alqış sədaları altında klubun məşqçisi Sənan Qurbanov və onun komanda üzvləri çıxdılar. Klub rəhbərliyi və futbolçular meydana daxil olaraq, kubok sevincini fanatlarla bölüşdülər. Ardınca isə incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramına start verildi.

2 saatdan çox davam edən bayram tədbiri rəngarəng görüntülərlə yadda qaldı. Tədbir başa çatar-çatmaz isə güclü yağış başladı. Hətta buludlar belə uzun illərdir çiyin-çiyinə çalışan bəzi klub əməkdaşlarının, aparıcı futbolçuların məcburiyyətdən “Qəbələ”dən ayrılması qarşısında özünü çox sıxıb, saxlaya bilmədi…

Emin SƏFƏROV
Bakı – Qəbələ – Bakı

 

www.yenicag.az

2321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv