“Meta” şirkətinin ən köhnə əməkdaşlarından biri olan Kelli Stounleyk cinsi qısnama, gender ayrı-seçkiliyi və qisas tədbirləri ilə bağlı iddialarla şirkətə qarşı məhkəmə iddiası qaldırıb.
Yenicag.az xəbər verir ki. Vaşinqton ştatında açılan iddiaya əsasən, Stounleyk 15 il ərzində “Meta”da çalışıb və son olaraq direktor vəzifəsinə qədər yüksəlib. Lakin onun sözlərinə görə, 2009-cu ildə işə başladığı andan 2024-cü ildə işdən çıxarılana qədər davamlı olaraq cinsi qısnama və ayrı-seçkiliyə məruz qalıb.
Stounleyk “Meta”nın cinsi qısnama və zorakılıq şikayətlərinə qarşı heç bir tədbir görmədiyini, rəhbərliyə təqdim etdiyi irqçilik və uşaq təhlükəsizliyi ilə bağlı narahatlıqlarına görə qisas tədbirləri ilə üzləşdiyini və kişi əməkdaşlar tez-tez vəzifədə yüksəldiyi halda özünün davamlı olaraq gözardı edildiyini iddia edir.
Məhkəmə iddiasına görə, işdən çıxarıldığı dövrdə Stounleyk iş mühitində qarşılaşdığı ayrı-seçkilik səbəbilə ciddi psixoloji sarsıntı keçirib və post-travmatik stress pozuntusuna görə müalicə alıb. “”Meta isə məhkəmə prosesi davam etdiyi üçün məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Stounleykin iddiaları “Meta”dakı daha geniş miqyaslı problemlərlə əlaqəli ola bilər. “TechCrunch” nəşrinə danışan keçmiş əməkdaş məhkəmə iddiası qaldırmağın “hesabatlılıq tələb etməyin yeganə, hətta ən yaxşı yolu” olduğunu bildirib.
Məhkəmə sənədlərinə görə, Stounleyk “Meta”ya qoşulduqdan qısa müddət sonra bir iş yoldaşı onu şirkət tədbiri zamanı razılığı olmadan təcavüzə məruz qoyub. O, işini yeni başladığı və karyerasına zərər vermək istəmədiyi üçün həmin dövrdə bu hadisəni rəhbərliyə bildirməkdən çəkinib. 2011-ci ildə isə bir işgüzar səfər zamanı rəhbərinin ona cinsi təcavüz etdiyini və vəzifədə irəliləməsi üçün onunla birlikdə olmalı olduğunu söylədiyini iddia edir. Stounleyk bu təklifi rədd etdikdə vəzifədə yüksəlməyib. Onun sözlərinə görə, həmin rəhbərini təcavüzə görə şikayət etsə də, “Meta” heç bir tədbir görməyib və həmin şəxs illərlə öz vəzifəsində qalmağa davam edib.
2012-ci ildə Palo-Alto ofisindən Sietldəki ofisə keçən Stounleyk burada direktor vəzifəsinə qədər yüksəlib. Lakin 2020-ci ildə, “Black Lives Matter” (BLM) etirazları zamanı bir rəhbərinin “Blue Lives Matter” simvolunu profil şəklinə çevirməsi ilə bağlı xəbərdarlıq etdikdə ayrı-seçkiliyə məruz qaldığını bildirir. Məhkəmə iddiasına görə, həmin rəhbər ona “Zənci uşaqlar günahsız başlayır, amma böyüdükcə dəstələrə qoşulub cinayətə bulaşırlar” deyib.
Stounleyk bu hadisədən sonra “Meta”nın insan resursları şöbəsinə müraciət etsə də, şikayətinin nəzərə alınmadığını iddia edir. Eyni dövrdə iki dəfə vəzifədə yüksəlmək üçün müraciət etsə də, kişi işçilərin ondan öncə vəzifəyə gətirildiyini qeyd edir.
2022-ci ildə “Meta”nın virtual reallıq platforması “Horizon Worlds”ün marketinq komandasına keçən Stounleyk burada irqçi ifadələrin artdığını və uşaqlar üçün kifayət qədər təhlükəsizlik tədbirlərinin olmadığını rəhbərliyə bildirdiyini, lakin buna görə qrup iclaslarından kənarlaşdırıldığını və ona daha az məsuliyyət verildiyini bildirir. Məhkəmə iddiasına əsasən, bir sınaq zamanı qaradərili avatar istifadə edən bir oyunçu platformaya daxil olduqdan cəmi 34 saniyə sonra irqçi təhqirlərə məruz qalıb.
“Meta”nın təhlükəsizlik tədbirlərini artırmasını tələb edən Stounleyk bu tələbindən sonra komanda görüşlərindən kənarlaşdırıldığını və ona daha az iş tapşırıldığını iddia edir. 2023-cü ildə vəzifədə irəliləmə tələbi yenidən rədd edildikdə isə psixoloji gərginliyə daha çox dözə bilməyərək təcili tibbi məzuniyyətə çıxıb və post-travmatik stress pozuntusuna görə müalicə alıb. 2024-cü ildə isə Meta-nın kütləvi ixtisarları çərçivəsində işdən çıxarıldığı bildirilib.
Keçmişdə “Meta”nın sosial məsələlərə həssas yanaşmasından təsirləndiyini deyən Stounleyk Mark Zukerberqin 2013-cü ildə “Pride” yürüşünə qatılmasını və 2017-ci ildə Harvard Universitetindəki çıxışını ilhamverici hesab etdiyini bildirib. Lakin indi bunların səmimi deyil, sadəcə nümayiş məqsədilə edildiyinə inandığını söyləyir.
“Vəzifədə irəlilədikcə daha çox insanı qoruya biləcəyimi və şirkət mədəniyyətini dəyişdirə biləcəyimi düşünürdüm. Amma reallıq budur ki, rəhbər vəzifələrdə olan kişilər vəzifədə yüksəldikcə, tənqidə dözümsüzlükləri də artırdı”, deyə Stounleyk bildirib.
Onun sözlərinə görə, “Meta” təkcə bir texnologiya şirkəti deyil, eyni zamanda qlobal təsirə malik olduğu üçün böyük bir məsuliyyət daşıyır. “Meta”nın zərər vermə potensialı yalnız texnologiya şirkətlərinin çata biləcəyi bir səviyyədədir” deyən keçmiş əməkdaş məhkəmə iddiasının yalnız öz təcrübəsi ilə bağlı olmadığını, eyni zamanda şirkətin ümumi mədəniyyəti haqqında daha böyük bir mesaj verməli olduğunu vurğulayıb./qaynarinfo