Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi gigiyenik vasitə hesab edilən etil spirtinin apteklərdə əldən satılması məsələsinə münasibət bildirib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, istehsalçı Səbuhi Xanhüseynova rektifikasiya olunmuş birinci növ etil spirti məhsuluna və əllərin təmizlənməsi üçün gigiyenik vasitələrə verilən gigiyenik sertifikatlarda onların içməli olmaması və əllərin təmizlənməsi, eləcə də məişətdə istifadə edilməsi barədə məlumat qeyd edilib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, fevralın 22-23-də Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
Qeyd edək ki, etil spirtini apteklərdən əldə etmək mümkündür.