15 yaşında əsir düşən Zabil Azərbaycan bayrağını ermənilərdən necə qorudu? – FOTO

Ermənilərə əsir düşəndə Zabilin cəmi 15 yaşı var. Erməni əsgərləri indi də Kəlbəcərə soxulub dinc əhalini atəşə tutur, evləri talayır, yandırıb yerlə-yeksan edirdilər. Valideyinləri, qonşuları pərən-pərən düşmüşdü. O, nənəsi ilə birlikdə qaçıb canını qurtarmaq istəyəndə erməni əsgərləri onların qarşısını kəsmişdi.

Ermənilər nənəsinin yalvarışlarına, fəryadına məhəl qoymadan onu tankın üstünə qoyaraq özləri ilə aparmaq istəyirdilər. Aldığı zərbələrdən üz gözü al qan içində olan nənəsi “gectez bizim əsgərlərimiz gələcək,sizdən qisasımızı alacaq, torpaqlarımızı geri qaytaracaqlar”- deyəndə yazıq arvadı qəddarcasına güllələmişdilər.

Ermənilərin 80-ci illərin sonundan etibarən başladığı torpaq iddiası getdikcə şiddətlənmiş xarici havadarlarının köməkliyi sayəsində 1992-ci ildə Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdu. Erməni silahlı birləşmələri Azərbaycan ərazilərinə qarşı işğalçı hücuma keçmişdi. 1993-cü il martın 27-dən aprelin 3-nə kimi gedən növbəti döyüş Azərbaycanın Kəlbəcər rayonunun işğal etməsi ilə nəticələnmişdi. Elə həmin günlərdən də 15 yaşlı Zabilin işgəncələrlə dolu əsirlik həyatı başlamışdı.Xankəndində və Ağdərədəki əsir düşərgələrində, eləcə də Şuşa həbsxanasında saxlanılan yeniyetmə oğlan heç vaxt yaddaşından silinməyəcək sarsıntılar keçirir.Şuşa həbsxanasında olarkən bir gün yaşlı həmyerlisi olan Cabir kişi ilə rastlaşır.

Döyülməkdən, işgəncələrdən kişinin əlləri, başı əsir,qızarmış gözləri bərəlirdi. Qoynunda gizlətdiyi balaca, üçrəngli Azərbaycan bayrağını çıxarıb xəlvətcə öpəndə Zabilbayrağı ondan istəyir. Elə bu zaman erməni əsgərləri Cabir kişini aparırlar. Onlar bir də heç vaxt görüşmürlər. Üçrəngli bayraq isə həmişəlik Zabildə qalır. Zaman keçir, 1996-cı ilin yanvarında əsir Zabil erməni əsiri ilə dəyişdirilir. 18 yaşlı gənc nəhayət öz azadlığına qovuşur.

Zabil Xaçmaz rayonunun Nabran qəsəbəsindəki turizm mərkəzlərındən birində məskunlaşır. İndi onunla bərabər burada Kəlbəcər və Füzuli rayonundan olan 40-dək məcburi köçkün ailəsi yaşayır. Zabil ailə qurub, iki övladı var. Balaca bayrağını isə öz otağından asıb. Tez-tez bayrağa baxıb acılı-şirinli xatirələrə dalır.

Qeyd edək ki, işğaldan əvvəl Kəlbəcərdə 147 yaşayış məntəqəsi olub. İşğal nəticəsində 53 min 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və yaxud itkin düşüb. 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən  otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm fər tariximizə qızıl həriflərlə yazıldı.

İkinci Qarabağ müharibəsinin bitməsinə səbəb olan Azərbaycan Respublikası,Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabr ayının 25-də Kəlbəcər işğaldan azad edilib.

Kəlbəcər! Onu Azərbaycanın İsveçrəsi adlandırırlar. Möhtəşəm dağların, qayaların arasında  yerləşən Kəlbəcər yerüstü və yeraltı  təbii sərvətlərlə zəngindir. Təbiəti ilə insanı valeh edən bu diyar qış turizminin mərkəzinə çevriləcək. Minlərlə metr yüksəklikdən xizəklə sürüş, qaynar, isti sudan dad,nadir ağacların olduğu meşələri gəz,Tərtər çayının şırıltısında ətrafı seyr et, yenidən qurulan Kəlbəcərə qürurla tamaşa et, bu diyarda yaşa, qur-yarat!

İşğaldan azad edilən digər rayonlarda olduğu kimi Kəlbəcərdə də möhtəşəm quruculuq və abadlıq işləri həyata keçirilir. Beləki, düşmən qüvvələri Kəlbəcəritərk edərkən binaları, tikililəri yandırmış, dağıtmış, bu qədim yaşayış yerini, eləcə də işğal altında saxladıqları digər rayonlarımızı tanınmaz hala salıblar. İndi doğma Qarabağımızda, o sümlədən Kəlbəcərdə hansı istiqamətə baxsan yeni yolların çəkildiyinin, yeni binalar, evlər inşa edildiyinin, istehsal müəssisələri, təhsil ocaqları tikildiyinin şahidi olarsan. Əvvələr yolun ancaq Murov dağından olması tikinti materiallarının gətirilməsi üçün çətinliklər yaradırdı. Amma indi yeni çəkilən Ağdarə yolu ilə rahat və sürətli şəkildə zəruri tikinti materialları daşınır.1200 şagird yerlik Kəlbəcər şəhər tam orta məktəbində inşaat işləri 2023-cü ilin oktyabrında başlayıb. İşlər sürətlə davam etdirilir. Tikinti sahəsinin rəisi X.İsfəndiyarov Kəlbəcərdə təhsil ocağının inşasının ona tapşırılması qürurla qarşılayıb. Belə ki, o beş yaşındaikən Kəlbəcərdən məcburi köçkün düşüb. İnşaatçı orta təhsiliniKəlbəcərdə ala bilməsə də indi yeni nəsil üçün müasir,yaraşıqlı məktəb binası tikməyinə çox sevinir.

Rayonda böyük qayıdışa hazırlıq işləri uğurla davam etdirilir. Dördmərtəbəli 6 yaşayış binasının tikintisi artıq başa çatıb. Binaların dizaynı İsveçrəmemarlarına aiddir. Bu mənzillərə 200 ailənin köçürülməsi nəzərdə tutulur. Növbəti mərhələlərdə isə həm rayon mərkəzində, həm də ətrafdakı yaşayış məntəqələrində müasir üslubda fərdi evlərin inşası həyata keçiriləcək. Artıq Kəlbəcər şəhərinin Baş Planı da hazırdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə yeni qurulan Kəlbəcər şəhərinin ərazisi əvvəlkindən 237 hektara qədər böyük olacaq. Əhalisinin 17 min nəfər təşkil edəcəyi Kəlbəcər şəhərinin Baş Planına əsasən, 2040-cı ilə qədər mərhələli şəkildə şəhərin qurulması davam etdiriləcək. Kəlbəcər şəhərində həmçinin Aşıq Muzeyinin, Memorial Zəfər Muzeyinin yerləşəcəyi böyük, yaraşıqlı mədəniyyət və istirahət parkının yaradılması da nəzərdə tutulub. Bundan başqa yeni inşa ediləcək sanator- kurort kompleksləri Kəlbəcəri həqiqətən möhtəşəm turizm məkanına çevirəcək.

Bəli, Kəlbəcər faydalı qazıntı yataqları, səfalı təbiəti ilə yanaşı istisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə də məşhur olub. Qeyd edək ki,1138-ci ildə baş verən güclü zəlzələ zamanı yerin qabarması və çatlaması nəticəsində ərazidə termal bulaqlar üzə çıxıb. 1928-ci ildə istisu bulaqlarının ətrafında sanatoriya yaradılıb.Kəlbəcərin dünyada məşhur olan istisuyu öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə Karlovi – Vari bulaqları ilə eynidir və bəzi xüsusiyyətlərinə görə, dünyada yeganədir.İstisuyun hərarəti 58.8 C dərəcədir. Cəmi mineralların sayı 6.7 qrama çatan 1 litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Ərazidə olan 12 bulaqdan hər il 3 milyard 963 mln. litr su çıxır. Mineral bulaqların suyundan alınan duzlar xroniki qəbzlik,qaraciyər, öd kisəsi, qastrid, həzm sistemi və s. xəstəliklərin müalicəsində istifadə edilir. Ötən əsrin 80-ci illərində sanatoriyanın tərkibində sudoldurma zavodu da işə düşür. Müalicəvi istisu hər yana səs salır. Lakin 1993-cü ildə Kəlbəcər Ermənistan tərəfindən işğal edilərkən sanatoriya tamamilə dağıdılır. İşğalçılar buradan çıxan müalicəvi mineral suyu isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satıblar.

Artıq Kəlbəcər işğaldan azad edilib. İllərdir suyuna həsrət qaldığımız bulaqlar bizi gözləyir. Bir vaxtlar adı dillər əzbəri olan “İstisu” yun da satışa çıxarılmasına az qalıb. Ölkə Prezidenti İlham Əliyev tərəfindən Kəlbəcər rayonunda “İstisu” sanatariyasının və “İstisu” mineral su zavodunun təməli qoyulub. Yaxın zamanda istisuyun çıxdığı bu ərazi dünya əhalisinin şəfa ocağına çevriləcək.

Kəlbəcər həm də saz- söz diyarıdır. Bu torpaqda doğulub boya – başa çatan söz sərrafı Dədə Şəmşir təkcə ustad aşıq kimi yox, həm də bir şair kimi məşhur olub. Onun yazdığı poeziya inciləri xalqın əsl mənəvi sərvətinə çevrilib. Kəlbəcər uzun illər işğal altında qaldığı dövrdə ustad aşıq Dədə Şəmşirin Ağdabandakı məzarı da digər mədəni irsimiz kimi dağıdılıb. Uzun illər “Yeddi qardaş”ın zirvəsindən boylanan aşığın ruhu indi dinclik tapıb. Çünki vurğunu olduğu bu dağların əsl sahibi qayıdıb. Erməni qəsbkarlarından azad olunan qərib məzar indi daha qəriblik çəkmir. El-oba onun ziyarəıtinə gəlir. Kəlbəcərin havasını udub, suyunuiçən hər kəs Dədə Şəmşirin şeirlərini əzbər bilir, onun nəsihətlərini özlərinə həyat şüarı hesab edirlər.

Sən xalqın işinə, elin nəfinə,

Həmişə bir xeyir xəbər arzula.

Piyadanı atlı, yoxsulu varlı,

Qanadsızı quş tək süzər arzula.

İndi torpaqlarımzın işğaldan azad edilməsi uğrunda rəşadətlə vuruşub canından keçən şəhidlərimizin də ruhu şaddır. Azərbaycanımızın ərazi bütövlüyü təmin edilib. İşğaldan azad edilən tarixi torpaqlarımızda üçrəngli bayrağımız vüqarla dalğalanır. Şuşada, Laçında, Xankəndində, Kəlbəcərdə yeni həyat başlayıb. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevrilməkdədir. Zabil də ana yurdunda həyata keçirilən böyük quruculuq işlərini hələlik televizordan sevinclə izləyir. Kəlbəcərə olacaq böyük qayıdış gününü həyəcanla, səbirsizliklə gözləyir.

Heç vaxt Kəlbəcərdə olmayan, bu cənnət məkanıxəyallarında təsvir edən övladları da həmin günün intizarındadır. O gün isə lap yaxındadır. Budur, Zabil əsirlikdə qoruyub saxladığı bayrağını da götürüb ailəsi ilə birlikdə doğma Kəlbəcər torpağına yenidən qədəm qoyur.

Salam, əziz Kəlbəcər!
Ramiz Ramazanov
                                                              

       

COP29