24 yanvar 2018-ci il tarixində şahmat üzrə kişilər arasında yeni Azərbaycan çempionunun adı bəlli olub.
Yenicag.az xəbər verir ki, müxtəlif yaş qruplarından 18 idmançının mübarizə apardığı yarış gərgin mübarizə şəraitində keçib. Son tura qədər liderlər arasında olan Abdulla Qədimbəyli, turnirin sonunda 7 xal toplayaraq bütün rəqiblərini üstələməyi bacarıb.
Qeyd edək ki, Abdulla Azər oğlu Qədimbəyli 2002-ci ildə Bakı şəhərində anadan olub. 5 yaşından etibarən şahmatla məşğul olan Abdullanın aktivində daha böyük titullar var. Belə ki, o, 2009, 2010-cu ildə 2 qat Avropa çempionu, 2009, 2010, 2011, 2014-cü illərdə 4 qat Azərbaycan çempionu, 2011-ci ildə Avropa çempionatında I-II yer, 2012-ci ildə Dünya çempionatında III-IV yer kimi nailiyyətlər qazanıb. Onun əldə etdiyi ən böyük uğurlardan biri 2010-cu ildə Yunanıstanın Halkidiki şəhərində yeniyetmə şahmatçılar arasında 34-cü dünya çempionatında olub. Belə ki, 179 ölkənin şahmatçıları arasında keçirilən dünya birincilyində Azərbaycanın yeganə təmsilçisi olan Abdulla Qədimbəyli 8 yaşlı şahmatçılar arasında 11 oyundan 9.5 xal toplayaraq dünya çempionatının qalibi elan olunub.
Yeniyetmə şahmatçının uğurları bununla bitmir. 2010-cu ildə FİDE ustası, 2014-cü ildə isə Beynəlxalq usta norması adına layiq görülmüş Abdulla 2012-ci ildə Avropa kubokunda II yer, 2013-cü ildə Dünya çempionatında II yer, 2014-cü ildə Dubay Open beynəlxalq şahmat turnirində III yer, 2015-ci ildə isə Al-Ain Beynəlxalq Çempionatında öz həmyaşıdlarını məğlub edərək I yeri qazanıb.