161 nömrəli məktəb Xocalı Soyqırımı ilə bağlı “Vətənimizin qəhrəmanları” adlı anım tədbiri KEÇİRDİ – FOTO/VİDEO
Bu gün paytaxtın 161 nömrəli tam orta məktəbinin kollektivi tərəfindən Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Vətənimizin qəhrəmanları” adlı anım tədbiri təşkil olunub.
Yenicag.az xəbər verir ki, tədbir Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutub və iştirakçılar Xocalı faciəsinin dəhşətlərini bir daha xatırlayaraq, şəhidlərimizin qəhrəmanlığını yad ediblər.
Tədbirin təşkilatçısı Yasamal rayon 3 nömrəli kitabxananın müdiri Arzu Xudayarova və məktəbin bədii qiraət dərnəyinin rəhbəri Samirə Abdullayeva olub. Məktəbin müəllim və şagirdləri tədbirdə iştirak edərək, Xocalı soyqırımının 33-cü ildönümündə şəhidlərimizi anıblar.
Tədbirin əsas hissəsində bədii qiraət dərnəyinin üzvləri tərəfindən iki tamaşa təqdim olunub. İlk tamaşa “Vətənimizin qəhrəmanları” adı altında keçirilərək, sinifdə baş verən hadisələri əks etdirib. Tamaşada,şəhid övladlarının və şəhidlərimizin fədakarlığına toxunulub, hər birinin Vətənin azadlığı uğrunda etdiyi şücaət göstərilib.
İkinci tamaşa “Xocalı fəryadı” adlanıb. Bu tamaşa da Xocalı faciəsi zamanı bir ailənin yaşadığı dəhşətli anlar, qaçmağa çalışan uşaqların faciəli sonu və faciə barədə şeirlərin səsləndirilməsi ilə yad edilib. Tamaşa iştirakçılarda dərindən təsir buraxıb faciənin və bu dəhşətlərin təsvirinin gücü ilə hər kəsin ürəyində silinməz izlər qoyub.
Tədbir məktəbin şagirdlərinin ifa etdiyi “Şəhid arzusu” və “Millətəm” mahnıları ilə davam edib. Bu musiqilər, hər birinin arxasında dayanan milli ruhu, xalqın azadlıq və müstəqillik uğrunda verdiyi mübarizəni vurğulayıb.
Bundan əlavə, məktəbin Kimya müəllimi Təranə Əmiraslanlı və 8A sinif şagirdləri 26 fevral Xocalı Soyqırımını anaraq, süni qan reaksiyası nümayiş etdiriblər. Bu nümayiş Xocalı faciəsinin dəhşətlərini bir daha gündəmə gətirərək, şagirdlərin faciənin ağırlığını daha dərindən hiss etmələrini təmin edib.
Tədbirin sonunda məktəbin rəhbəri Rəna Hüseynova və məktəb kollektivinin hazırladığı ipək saplarla toxunmuş Milli Qəhrəman Allahverdi Bağırovun portreti onun ailəsinə təqdim edilib. Milli Qəhrəmanımızın qızı Aynur Bağırova atasının xatirələrini şagirdlərlə bölüşərək, onun Vətənə olan sevgisi və fədakarlığından bəhs edib.
Xocalı faciəsi, yalnız keçmişin deyil, gələcəyin də dərsidir: unutmaq, unutdurmaq isə heç vaxt mümkün olmayacaq.
Məsimə Məmmədova