17 yaşlı oğlan atasını öldürdü – Dəhşətli qətlin TƏFƏRRÜATI

Abşeron rayonunda yeniyetmə oğlanın atasını qətlə yetirməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Oğlu tərəfindən öldürülmüş şəxs narkotik aludəçisi olub. 1981-ci il təvəllüdlü həmin şəxs əvvəllər dəfələrlə narkotik vasitələrin aludəçisi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi məhkumluq həyatı yaşayıb. Atanın azyaşlı oğlu tərəfindən bıçaqlanması məhz bu səbəbdən baş verib.

Məlumata görə, narkotik aludəçisi olan bu şəxs narkotik almaq və istifadə etməklə bağlı evində mütəmadi mübahisələr yaradıb. Növbəti dəfə də o ailə üzvləri ilə bu məqsədlə mübahisə edib və nəticədə 2004-cü il təvəllüdlü oğlu tərəfindən bıçaqlanıb.

Xatırladaq ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü ata evində bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

***

Abşeron rayonunda oğul atasını qətlə yetirib.

Bu barədə Yenicag.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadıqları evdə oğlu tərəfindən bıçaqlanan 1981–ci il təvəllüdlü atanın müalicə aldığı xəstəxanada ölməsi barədə 29 yanvar 2021-ci il tarixdə, saat 22 radələrində rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual normalara uyğun olaraq rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü İlkin Quliyevin (ad şərti olaraq qeyd olunmuşdur) həmin gün saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atasına bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

COP29