18+ reklamlar olacaq

82923“Telefon vasitəsilə satış, abonentlərin telefonlarına göndərilən reklamlar, qumar tipli reklamlara məhdudiyyətlər qoyulacaq”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov məlumat verib.

O bildirib ki, hazırda “Reklam haqqında qanun” müzakirə olunur. Deputatın sözlərinə görə, insanların mobil telefonuna sms vasitəsilə gələn reklam xarakterli məlumatların qarşısı alınacaq. Müqavilə olmadan heç bir şirkət, firma sms vasitəsilə bu şəkildə reklam apara və ticarətlə məşğul ola bilməz. Hazırlanmış “Reklam haqqında” qanunda bu məsələ ilə bağlı müddəa yer alıb:

“Qanun layihəsi hazırda komitədə müzakirə olunur. Telefonlarla reklam, satış, qumar tipli oyunların reklamı, ümumiyyətlə bu məsələlərin hamısı “Reklam haqqında qanun”da öz əksini tapacaq. Çox güman ki, qanun Milli Məclisin gündəliyinə salınacaq”, – deyə Vahid Əhmədov əlavə edib.

Millət vəkili onu da qeyd edib ki, yeni qanun həm KİV, o cümlədən televiziya, həm də nəqliyyat vasitələrində reklamları tənzimləyəcək. Qanun layihəsində ilkin olaraq dilə üstünlük veriləcək. Belə ki, reklam yalnız Azərbaycan dilində yayımlanacaq. Əgər başqa dildə də verilməsi lazımdırsa, əvvəlcə öz dilimizdə yazılmalı, sonra başqa dillərə də tərcümə olunmalıdır. Qanun layihəsində reklamın harada və necə yerləşdirilməsi, o cümlədən, nəqliyyat vasitələrində reklam, reklamın verilmə qaydaları, bundan əlavə, gizli reklam, haqsız reklamlarla bağlı məsələlər də qanunla tənzimlənir.

Onu da qeyd edək ki, bununla bağlı yeni layihədə gizli reklamın qarşısı alınacaq. Reklamlar verilərkən vaxt məsələsi də həll olunacaq. Reklamlar verilərkən yaşın nəzərə alınması da vacibdir. Yetkinlik yaşına çatmayanlara dair təqdim olunan reklamlara dair tələblər sərtləşdiriləcək. Həmçinin reklamların üzərində 18+ simvolunun qoyulması təklif olunub. Hərbi sənaye komplekslərilə, silah-sursatla bağlı reklamlar qadağan olunacaq. Spirtli içkilər, tütün məmulatlarının yalnız gecə saatlarında, yəni saat 12:00-dan səhər saat 6:00-a qədər verilə bilə biləcək.

Əldə etdiyimiz məlumata görə, yeni qanun layihəsində avtomobil yollarında olan reklamlarla bağlı da bir sıra dəyişikliklər var. Belə ki, layihədə reklamların harada yerləşdirilməsi, hansı məsafədə olması müəyyən edilib. Nəqliyyat vastələrində təhlükəsizliyi təmin etmək üçün avtomobilin qabaq və arxa şüşələrinə reklamın vurulması tamamilə qadağan olunacaq. Onu da deyək ki, bu günə kimi reklamlara nəzarət mexanizmi olmayıb.Yeni qanun layihəsində ictimai nəzarət və dövlət nəzarəti ilə bağlı ayrı-ayrı maddəalar mövcuddur. Layihədə, həmçinin reklama nəzarətin də necə həyata keçirilməsi qaydaları öz əksini tapıb. (aznews.az)