“18 yaşlı şəxsin prezident seçilməsinə icazə verilir, partiya yaratmaq üçün isə…” – REAKSİYA

“Üzvlərinin sayının on min nəfərə çatdırılması tələbi siyasi partiyaların vəziyyətini ağırlaşdırmaq deməkdir”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin bir sıra vacib müddəalarına münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, Konstitusiyaya əsasən, mövcud vəziyyəti ağırlaşdıran qanunların geriyə qüvvəsi yoxdur:

“Siyasi partiyalar haqqında qüvvədə olan qanun 1992-ci ildə qəbul olunub və bu baxımdan, onun yenilənməsi məqbul hesab edilə bilər. Amma yeni qanun layihəsinin tanış olduğum müddəaları onu göstərir ki, bir sıra məsələlərdə demokratik prinsiplərdən geri çəkilmələr var.

Mən layihə ilə əlaqədar, ilk növbədə, siyasi partiyaların yaradılması və qeydiyyatı ilə bağlı tələblərə toxunmaq istərdim. Partiyanın yaradılması üçün ölkə ərazisində iyirmi il yaşamış və azı iyirmi yaşlı iki yüz nəfərin iştirakının tələb olunması dünya praktikasında rast gəlinməyən haldır.

Ziddiyyətə baxın, deməli, 18 yaşlı şəxsin prezident seçilməsinə icazə verilir, ancaq partiya yaratmaq üçün mütləq azı iyirmi yaşının olması tələb edilir. Seçkili orqanlarda təmsilçilik üçün belə şərt olmasa da, bunun partiyalara şamil edilməsi nəzərdə tutulur. Bira daha deyirəm, bu tələblər ümumi demokratik prinsiplərdən geri çəkilməkdir.

Digər tərəfdən, üzvlərinin sayının on min nəfərə çatdırılması tələbi də siyasi partiyaların vəziyyətini ağırlaşdırmaq deməkdir. Konstitusiyaya əsasən, mövcud vəziyyəti ağırlaşdıran qanunların geriyə qüvvəsi yoxdur. Yəni bu tələb ən azı qeydiyyatdan keçmiş partiyalara aid edilməməlidir. Həmçinin Azərbaycan nisbətində, o cümlədən siyasi fəallığın xeyli azaldığı bir şəraitdə partiyalar üçün on min üzvün olması tələbi çoxdur”.

A.Zeynalov

COP29