183 dövlət əmlakı hərraca çıxarılıb

İyunun 6-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək.
Yeniçağ.Az  Komitəyə istinadən xəbər verir ki, hərrac qurumun İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq. Hərraca ümumilikdə 183 əmlak çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyət, 63-ü kiçik dövlət müəssisə və obyekti, 95-i istifadəsiz qeyri-yaşayış sahəsi, 4 isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər Sabirabad, Zaqatala, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Salya Tərtər, Daşkəsən və digər rayonlarda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Onların nizamnamə kapitalı 69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Sabirabad Mexanikləşdirmə” ASC-dir. Adı çəkilən əmlakın səhminin 30%-i 127 552 manata təklif olunur.

Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” ASC-dir. Həmin əmlakın səhmi isə 125 992 manata iştirakçılara təklif edilir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəmkir, İmişli, Masallı, Xaçmaz, Gəncə, Cəlilabad və digər rayonlarda yerləşir. Özələşdirilən əmlakların bəzilərinin ümumi faydalı sahəsi 14 kv.m ilə 2926 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak Bakının Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaqdır. Adı çəkilən əmlak 216 min manata təklif edilir. Onun torpaq sahəsi 6047 kv.m, ümumi faydalı sahəsi isə 39 kv.m təşkil edir.

Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Qusar Kərpic Sexi 210 min manatlıq, Sumqayıtdakı “Laçın” restoranı isə 205 min manatlıq qiyməti ilə seçilənlər sırasındadır.

 

Yeniçağ.Az

COP29