Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” işə başlayıb.
Yenicag.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa Birliyinin təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Bakı Elektron Ticarət Forumunun keçirilməsində başlıca məqsəd daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir.
Qeyd edək ki, ölkəmizdə artıq ikinci dəfədir keçirilən tədbir elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib.
“Hökumət və hökumətlərarası yanaşmada elektron ticarətin tənzimləmə siyasəti” adlı sessiyada milli strategiyalar, elektron ticarətin asanlaşdırılması, elektron idarəetmənin təsiri və beynəlxalq əməkdaşlıq müzakirə olunub.
“Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” sessiyası kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn mövzularını əhatə edib.
Saxtakarlıqdan qorunma, kriptovalyuta, bank köçürmələri, elektron cüzdan məsələləri isə “Onlayn ödəmə sistemləri və rəqəmsal həllər” sessiyasının müzakirə mövzuları olub.
“Ağıllı sərhədlər: ticarət, turizm və logistika üçün imkanlar” sessiyasında logistika və ticarət siyasəti, rəqəmsal nəqliyyat dəhlizləri, gömrük məsələləri üzrə təcrübə mübadiləsi aparılıb.
Forumun ikinci günündə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların qorunması, marketinq davranışı və tendensiyaları üzrə təlimlər təşkil olunacaq.