2 güləşçimiz dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Azərbaycanın iki güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal görüşünə çıxacaq.

Yenicag.az xəbər verir ki, Tural Əhmədov (60 kiloqram) ispaniyalı David Sançesə 4:3 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlsə də, bu mərhələdə iranlı Mohammadmehdi Qulampura məğlub olub – 1:5. Rəqibin finala yüksəlməsi Tural üçün üçüncü yeri tutmaq şansı verib. Ancaq Əhmədov bunun üçün sabah əvvəlcə təsəlliverici görüşdə polşalı Dominik Partikaya qalib gəlməlidir.

Ruslan Nurullayev (72 kiloqram) ilk mərhələdə moldovalı Vasile Zabikaya tam üstünlüklə (9:1) qalib gəlib. Həmyerlimiz daha sonra hindistanlı Akaş Puniaya (5:3) gücünü göstərib. 1/4 finalda xorvatiyalı Luka İvançiçə də heç bir şans buraxmayan (8:0) Nurullayev yarımfinalda ermənistanlı Aşot Xaçatryana məğlub olub – 1:4. Ruslan sabah bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Qunhi Li (Koreya), Rokas Çepauskas (Litva) və ya Venhao Hu (Çin) olacaq.

Qeyd edək ki, sentyabrın 2-dən başlayan dünya çempionatı ayın 8-dək davam edəcək.

COP29