!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

2 gün komada qalan Dünya Kubokunun sahibi: "Özümü güclü hiss edirəm"

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Portuqaliyanın Kaldas Rehina şəhərində kikboksun WAC versiyası üzrə Dünya Oyunları keçirilib. Həmin turnirdə Azərbaycan Kikboks Federasiyasının 4 idmançısı ölkəmizi təmsil edib. Hər bir idmançımız Dünya Oyunlarının qalibi olub. Həmin qaliblərdən biri də altıqat Dünya çempionu, Dünya Kubokunun sahibi, əməkdar idman ustası Kamil Şərifovdur. Uzun müddətdir görünməyən tanınmış idmançı həm qələbəsi, həm də rəqibləri barədə Yeniçağ.az-a danışıb:

“İki ay idi ki, bu yarışa hazırlaşırdım. Əziyyətimin bəhrəsini gördüm. 3 döyüş keçirtdim. Çəkimi dəyişmədiyim, eyni çəkidə döyüşdüyüm üçün rəqiblərimi tanıyırdım. Stabil məşq etdikcə idmançı formada qalır. Mən də məşqlərimdə ara vermədiyim üçün formamı qorumuşdum. Keçirtdiyim hər bir döyüşü nokautla başa vurdum. Yarımfinalda ikinci, finalda isə birinci raundda qalib oldum”.

K.Şərofov bundan öncəki yarışları haqqında da məlumat verib:

“Ötən il mayın 5-də 12-ci dəfə Azərbaycan çempionu oldum. 2016-cı ilin avqust ayında peşəkarlar arasında keçirilən beynəlxalq turnirin qalibi, “Güclülərin güclüsü” kəmərinin sahibi oldum. Sentyabrda isə İtaliyada keçirilən çempionatda 5-ci dəfə Dünya çempionu adını qazandım”.

Dünya və Avropa çempionu idman karyerasını nə vaxt bitirəcəyindən də danışıb:

“Allah ömür versə 35 yaşına qədər döyüşməyi düşünürəm. Çünki hələ döyüşmək üçün özümü güclü hesab edirəm”.

İdman karyerasından əlavə, polis kapitanı olan Kamil Şərifov uzun müddətdən sonra ilk dəfə olaraq 2015-ci ildə başına gələn hadisədən də (bıçaqlanmasından) söhbət açıb:

“Mən 2015-ci ildə xidməti vəzifəmi yerinə yetirərkən bıçaqlandım. Amma cəmi 5 ay sonra yarışa çıxdım. Azərbaycan çempionatında iştirak edib, qalib adı qazandım. Halbuki, mən xəstəxanada 2 gün koma vəziyyətində qalmışdım”.

Sonda o, iştirak edəcəyi növbəti yarışlardan da danışıb:

“May ayının 28-də bizi daha bir güclü yarış gözləyir. Amerikada Dünya Kuboku təşkil olunacaq. Həmin yarışda mən də ölkəmizi təmsil edəcəm. İkinci dəfədir ki, dünya kuboku yarışında iştirak edirəm. İlk dəfə 2010-cu ildə Macarıstanda keçirilən yarışda qalib oldum. İnşallah, buradan da qələbə ilə qayıtmağı qarşıma məqsəd qoymuşam”.
Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv