Sentyabrın 27-dən cəbhəyanı bölgələrdə yerləşən mülki obyektlərlə yanaşı, çoxsaylı sahibkarlıq obyektləri də düşmən zərbələrinə məruz qalıb.
İqtisadiyyat Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, həmin ərazilərdə qeydiyyatda olan bir sıra vergi ödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanıb və ya əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər.
İşğal altında olan rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnzibati icraat haqqında” qanunun müddəalarına uyğun olaraq, müvafiq qərar qəbul edib. Belə ki, bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiqi edilməsi hissəsi ləğv edilib.
Qəbul edilmiş qərarla 2013 vergi ödəyicisinin 6 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1 822 vergi ödəyicisinin 6 milyon 441,4 min manat məbləğində maliyyə sanksiyası ləğv olunub.