“20 Yanvar Azərbaycanın dövlət müstəqilliyinin xəbərçisi idi” – Qənirə Paşayeva

“O gün soyuq Bakıya Günəş doğmadısa da, istiqlal günəşi üfüqdə göründü”.

Yenicag.az xəbər verir ki, bunu 1990-cı 20 Yanvar hadisələrinə münasibət bildirən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputatın sözlərinə görə, 20 yanvardan 31 il keçsə də, xalqın yaddaşı, hər gələn nəsil o günü unudan deyil:

“Şübhə yoxdur ki, SSRİ imperiyasının çöküşünün əcəl zəngi məhz Bakıda, yanvarın 19-dan 20-ə keçən gecə çalınıb. O gecə bir imperiya üçün çalınan əcəl zəngi, bir respublika üçün dövlət müstəqilliyinə gedən yolun xəbərçisi idi.

20 yanvar 1990-cı ildə soyuq Bakıya Günəş doğmadısa da, istiqlal günəşi üfüqdə göründü. 20 yanvar xalqın əzmini sındıra bilmədi, xalq öz iqtilal arzusundan əl çəkmədi.

Hər xalq 20 yanvardan, o dövrün acı gerçəkliklərindən keçib dirçələ bilməz, yaxud uzun illər diçələ bilməz. O illərdə bir yandan Qorbaçov Kremlinin, SSRİ siyasi-hərbi rəhbərliyinin ədalətsizliyi ilə, digər yandan onların və başqalarının himayəsinə sığınmış Ermənistanın torpaq iddiaları ilə – faktiki iki cəbhədə və faktiki əliyalın mübarizə aparan xalq idik.

Azərbaycan xalqı böyük xalqdır, dirçəldi, dövlət müstəqilliyini qazandı, şəhidlərin ruhu şad oldu. Şəhidlər Xiyabanında 20 yanvardan sonra, 20 Yanvar şəhidlərinin müqəddəs yolunu davam etdirərək, suverenlik və ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən oğul-qızları da torpağa tapşırılıb.

Ölkəmizin elə şəhəri, rayonu, el-obası yoxdur orada şəhid məzarı olmasın. Şair demiş, torpağımız hər yerdə şəhid məzarı ilə möhürlənib. Elə ona görə də, müstəqilliyimiz əbədidir. Bu əminliyi 44 günlük Vətən Müharibəsində bir daha yaşadıq, gördük, inandıq. Xalqımız böyük xalqdır, vəfalı xalqdır, dönməz xalqdı”.

Gülşən Şərif