!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

20 Yanvar hadisələri zamanı Şuşa televiziyasında sovet əleyhinə çıxışlara göz yuman zabitlə MÜSAHİBƏ

!Reklam – Yazi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Bundan sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada, 26-da isə  Lənkəranda daha 8 nəfər qətl edilib. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində paytaxt və rayonlarda ümumilikdə 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları məhv edilib. Bununla yanaşı yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlaka ziyan dəyib.

Fövqəladə vəziyyət elan olunsa da, şəhər sakinləri bu barədə məlumatlandırılmayıblar.   Axşam saat 7:30-da televiziya stansiyasının enerji bloku partladıldığı üçün  yayım kəsilib. Nəticədə dinc əhali sözügedən qərardan xəbərsiz olublar.

AzTV efirə çıxa bilməsə də, Azərbaycanın bir hissəsi Şuşadan canlı yayımla baş verənlərdən xəbərdar olub.  Şuşadan yayımda hətta Sovet əleyhinə çıxışlar da edilib.

1990-cı ildə Bakı ilə yanaşı Qarabağa da Sovet Ordusu yeridilib. Xankəndinə göndərilən qüvvələr Lvov vilayətində yerləşən 309-cu Paraşut Desant Briqadası olub. Sözügedən briqada Gəncəyə təyyarə ilə gəlib, oradan isə Xankəndinə yola düşüb. Briqadanın qarşısına qoyulan tapşırıqlardan biri də Şuşadakı teleqülləni tutmaq və canlı yayıma nəzarət etmək olub.

Burada bir sual ortaya çıxır ki, necə ola bilər ki, desantlar Şuşa teleqülləsini tutub, ancaq oradan Sovet əleyhinə çıxışlar edilib?

Sovet ordusu Bakıya yeridilib və televiziya stansiyasının enerji bloku partladıldıqdan sonra o zamankı hakimiyyət qeyri-rəsmi göstərişlə Şuşadakı teleqüllədən ilk dəfə canlı yayıma göstəriş verir.  Şuşa şəhər icra hakimiyyətinin başçısı Mikayıl Gözəlovun göstərişi ilə yuxarıdan gələn qeyri-rəsmi əmrə əməl edilir. Bakıdan jurnalistlər dəvət olunur və Şuşadan canlı yayımlar başlayır. Şuşadan canlı yayımları təkcə Qarabağda yox, Gəncədə, Gəncəbasarda hətta Göyçayda da izləmək mümkün olub.

Bu hadisədən bir neçə ay əvvəl ermənilər Şuşa ilə Füzuli arasında teleqüllə inşa etdirərək  maarifləndirici verilişlər veriblər.  Şuşa teleqülləsindən yayımlanan verilişlərdə həm  faciə barədə məlumat, həm də ermənilərə cavab verilib.

Şuşa televiziyasına rus ordusu nəzarət etsə də, yayımlanan verilişlərdə Sovet əleyhinə çıxışlar səsləndirildiyini yuxarıda qeyd etmişdik. Bu necə olub? Buna kim icazə verib?

Yenicag.az sizə məsələ ilə bağlı qaranlıq qalan bütün suallara 1990-cı ilin yanvar ayının 20-dən həmin teleqülləni götürən desantlara rəhbərlik edən və çıxışlara göz yuman şəxsin müsahibəsini təqdim edir.

Qurbanov Əjdər Məmməd oğlu 1962-ci ildə Astara rayon Şiyəkəran kəndində anadan olub. 1984-cü ildə Bakı Ali Ümumdiviziyon Komandirlər məktəbini bitirib və 40 illik hərb xidmətinin 8 ilini Sovet ordusunda Hava Desant Qoşunlarında keçirib. 1992-ci ildə Azərbaycana, Gəncə Hava Desant Dviziyasına gəlib. 1992-ci ilin avqustun 5-də Elburus Orucovun komandiri olduğu 704 saylı hərbi hissədə Əlahiddə Motaatıcı Taborun komandiri olub. 1992-ci ilin sentyabrına qədər Pirəbulaq istiqamətində döyüşüb. 1993-cü ilin yaz, yay və payız aylarında 704 saylı hərbi hissənin komandiri vəzifəsini icra edib. 2015-ci il yanvar ayının 16-da Müdafiə Nazirliyi Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsini icra edərkən səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olub. 1993-cü ildə Beyləqan döyüşlərinə görə Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

– Nə zaman Azərbaycana göndərildiniz? O vaxt harada xidmət edirdiniz?

– Ukraynada Lvov vilayətində yerləşən 309-cu Paraşüt Desant Briqadasında xidmət edirdim. Vəzifəm bölük komandirinin müavini, paraşüt desant hazırlığından təlimatçı, rütbəm isə baş leytanant idi. 1990-cı il yanvar ayının 19-da həyəcan siqnalı ilə briqada düzüldü.  Bölükdə məndən başqa iki nəfər azərbaycanlı da var idi. Baş leytenant Əliyev Məzahir, bir də səhv xatırlamıramsa Qafarov soyadlı əsgər idi. Azərbaycanlıları sıradan çıxardıb bildirdilər ki, onlar getməyəcək. Bölük komandiri Baqmanyanı da sıradan çıxardılar ki, ermənilər də getməyəcək. Prikarpat hərbi dairəsinin Qərargah rəisinin müavini general-mayor Falin məni şəxsən tanıyırdı. Cərgədən çıxarılanlara izahat verirdi ki, incimək lazım deyil.

Biz də bilmirdik ki, məsələ nə ilə bağlıdır. Mənə “Mamedoğlu” deyirdi. Mənə çatanda komandirə dedi ki, Mamedoğlunu özünlə götür, sənə orada lazım olacaq. Çerliana aeraportundan bizi Gəncəyə gətirdilər. Gecəni burada qaldıq. Səhər təxminən 10:00-da Kəşfiyyat bölüyünün əsgərləri iki aeraport işçisini tutub gətirmişdilər. Bu bölüyün komandiri Kolya Nikolay Tituk idi. Tutulan şəxslərlə söhbət edərkən məlum oldu ki, Bakıda dinc insanları öldürüb, AzTV-nin enerji blokunu da partladıblar ki, informasiya yayılmasın. 132 şəhiddən söhbət gedirdi. Dedim, bu adamları buraxın getsin. Mənə dedilər ki, əks kəşfiyyatın xəbəri olmalıdır. Dedim, o vəzifə mənlikdir. Əks kəşfiyyatın rəisi polkovnik-leytenant milliyətcə tatar, müsəlman olan Qurbanov idi. Çox yaxşı münasibətimiz vardı. Nəticədə onları buraxdılar.

Nahara yaxın Briqada komandiri əmr verdi ki, briqada düzülsün. Saat 15:00-da Xankəndinə gedəcəyimiz deyildi. Briqada komandiri İvan Povliviç Brinov 4 il Gəncədə xidmət etmişdi. Hər il istirahətə Göy-Gölə gəlirdi. Gəncəni çox sevirdi.

Təxminən saat 22:00 olardı gəldik Xankəndinə. Bir hissəmiz 366-cı alayda, digər hissəmiz isə Xankəndində “XİM qaradoq” adlanan ərazidə yerləşdi. Bizi Vilayət komitəsinə çağırdılar . DQMV- nin Xüsusi İdarəetmə rayonunun komendantı general-mayor Vladislav Safonov idi. Safonov bizə dedi ki, Şuşa televiziyası ara qarışdıra, xalqı sovet əleyhinə səsləyə bilər. Mənə dedilər ki, “Azərbaycan dilində bilirsiniz?” “Bəli” deyə cavab verdim. “Milliyətiniz nədir?” sualına isə komandirim cavab verərək bildirdi ki, “çeçendir, Dağıstanda böyüyüb. Azərbaycan dilini oradan bilir”. Safonovun tapşırığına əsasən,  Şuşa televiziyasına getməli, oranı tam nəzarətə götürməli, Sovet əleyhinə bir dənə məlumat sızmamasına çalışmalıydım. O vaxt Şuşada komendant polkovnik-leytenant Maltçev idi.

Maltçev həm də Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı briqadasının komandir müavini idi. Mənə dedi ki, gedək Şuşa Şəhər İcra Hakimiyyətinə. İcra başçısı Mikayıl Gözəlov idi. Onu sonradan öldürdülər. İcra hakimiyətinin qarşısında çoxlu sayda adam var idi. Gözəlov, mən və Maltçev oturmuşduq. Arxadan 3-4 nəfər də gəldi. Birinin əlində təsbeh, başında da milli papaqdan var idi. Maltçev məni göstərib dedi ki, bu şəxs Azərbaycan dilini bilir, Şuşadakı televiziya və radio şəbəkəsi Qurbanovun nəzarətində olacaq. Qurbanovun icazəsi olmadan efirdə heç bir material getməməlidir. Təsbehli adam başladı ermənicə nələrsə danışmağa. Gözəlov soruşdu ki, haralısan?   Astaradan olduğumu, ancaq yanımdakıların bunu bilmədiyini dedim. O dəqiqə Gözəlov ermənicə danışan həmin şəxsin üstünə qışqırdı: “Dur rədd ol buradan”. Maltçev dedi ki, “Gözəlovla nədən danışırsınız?” Dedim, başçı yoxlayır ki, Azərbaycan dilini bilirəm, yoxsa yox.

– Bundan sonra nə baş verdi?

– Gəldik teleqülləyə. Ordunun baş kəşfiyyat idarəsinin polkovnik-leytenantı Sergey orada idi. Əli avtomatlı gəzirdi.  Teleqüllədə Vidadi Bağırov, Nadir, İlhami (Cəfərsoy) adlı iki gənc veriliş aparırdılar. Onlara dedim ki, sakit olun, mən Astaradanam. Onlar mətnləri mənə  göstərir,  mən də öz növbəmdə guya onlara düzəliş edirdim.  7 gün mən onların materiallarını “yoxladım”, onlar da həqiqətləri canlı efirdən xalqa çatdırdı. Şəhidlərin yeddisində məsələnin kluminasiya nöqtəsi oldu. Həmin günü 60 yaşlarında bir kişi gətirdilər (red. Rzayev Hüseyn Şuşa Xəstəxanasında terapiya şöbəsinin müdiri olub). Mətndə “SSRİ qoşunları xalqımıza divan tutub, dinc insanları öldürüb”, yazılmışdı. Yaşlı kişi çıxışında SSRİ-ni faşist rejim, Qorbaçovu da faşist adlandırdı. Verilişi aparan oğlanlardan biri mənə dedi ki, elə edə bilərsinizmi, rus zabitlərdən biri kadra düşsün. Bütün xalq bilsin ki, televiziya nəzarət altındadır.  Pəncərə tərəfə çəkildim. Kameralar elə qurulmuşdu ki, pəncərə tərəfdə duran efirə düşürdü. Hərbçilərdən birinə  işarə elədim ki, gəl yanıma. Gəldi, ondan bir siqaret alıb çəkməyə başladım. O düşdü efirə.

Qeyd: İlham Azərsoyla canlı yayım və o zaman baş verən proseslərlə bağlı geniş reportajı sizə təqdim edəcəyik.

– Dediniz, kluminasiya nöqtəsi şəhidlərin yeddisi gün oldu. Nə baş verdi? Bununla bağlı sizə qarşı hansı tədbir həyata keçirildi?

– Efir qurtarandan sonra getdim sanatoriyaya. Şuşadakı sanatoriyada qalırdım. Axşam saatlarında qapı döyüldü. Qapını açdım ki, kəşfiyyat bölük komandiri Nikolay Tituk və yanında iki əsgər dayanıb. Mənə dedi ki, qardaş, şələ-şüləni yığışdır, tez getdik. Biz yolda bir zabit, dörd əsgər qarşıladı. Onlar Daxili Qoşunların Xüsusi Təyinatlıları idi.  Zabit soruşdu ki, baş leytenant Qurbanov kimdir? Dedim, mən. O, general-mayor Safonovun əmri ilə həbs olunduğumu bildirdi. Kolya Tituk özünü qabağa verib dedi: “Bu sizin yox, bizim zabitdir”. Titukun yanındakı iki əsgər də avtomatı qaldırdı. Onlar başa düşdülər ki, desantla zarafat etmək olmaz. “Heç kəs onu həbs edə bilməz. Qurbanov briqada komandirinin sərəncamına gedəcək” deyə Tituk bildirdi. UAZ-a oturub yola düşdük. Körpünün yanında daxili qoşunların bir BTR-i, 3 əsgəri və çavuşu dururdu. Gördük ki, bizim “QAZ 66” oradadır.  Bizim kəşfiyyat bölüyünün əsgərləri oradakı əsgərlərin əlini-qolun bağlayıb, BTR-in təkərlərinə söykəmişdilər. Səhər saatları idi, Xankəndinə çatdıq. Gəldik ki, komandir və müavinləri yatmayıblar. Komandir dedi: “Mamedoqlu (deyildiyi kimi), sənin həbsinə Safonov əmr verib. Ancaq sən desantın zabiti olduğu üçün icazə vermərik ki, səni həbs etsinlər. De görək, niyə səni həbs etmək istəyir”. Mən briqada komandiri İvan Povloviç Brinova həqiqəti danışdım. Bakıda dinc əhaliyə qarşı qırğın törədildiyini, bir azərbaycanlı kimi Şuşa televiziyasında Sovet əleyhinə gedən çıxışlara göz yumduğumu-hamısını açıb dedim. “Zampalit”imiz isə Yefemenko, əks kəşfiyyatımızın rəisi isə polkovnik-leytenant Qurbanov idi. Onlar Safonovun bizi gözlədiyini bildirdilər. Komandir ciddi tövrlə üzümə baxıb soruşdu “Tapançan haradadır?” Üstümdə olduğunu biləndən sonra dedi ki, getdik görək nə istəyir.

Gəldik vilayət komitəsinə (OB KOM). Gördük ki, binanın ətrafında çoxlu sayda erməni polislər var. Qalxdıq ikinci mərtəbəyə. Koridorda elə bil erməni polislər Fəxri Karovula düzülmüşdülər. Hamısının əlində də AKS SU avtomatlar vardı. Koridorun sağında da, solunda da 5 metrdən bir durmuşdular. Komandir qabaqda, arxasınca da “zampalit”, mən, əks kəşfiyyat rəisi, Kolya Tituk və yanındakı iki əsgərlə girdik Safonovun otağına. Safonov ortada, sağında və solunda mülki geyimli iki nəfər oturmuşdu. İkisi də eyni paltar geyinmişdilər.  Sol cibi “zamok”lu dəri gödəkcə geyinmişdilər Safonov dedi ki, baş leytanant Qurbanov, siz, SSRİ əleyhinə çıxışlara yol vermisiniz. Azərbaycan xalqını qızışdırırsınız, ona görə də, həbs olunursunuz. Düyməni basdı, iki polis içəri girdi. Komandir göz elədi, Kolya Tituk onlara tərəf döndü, iki əsgər də avtomatı çevirdi polislərin üstünə. Safonov hirsləndi: “Brinov, bu nə hərəkətdir?” Briqada komandirinin də cavabı kəskin oldu: “Onu heç kəs həbs edə bilməz. Qurbanov Hava Desant Qoşunlarının zabitidir”.  Ermənistanın Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndəsi mənə baxıb dedi ki, bu həbs edilməlidir . Onda Safonova üzümü tutdum: “Başa düşmədim, yoldaş general, nə vaxtdan Azərbaycan ərazisində Ermənistan xüsusi xidmət orqanları at oynadır? Siz kimsiniz ki, Azərbaycan torpaqlarını Ermənistana verirsiniz?” Safonov qızardı. Komandir qalxıb işarə elədi ki gedək. Safonov “Qurbanovsuz gedəcəksiniz” deyə bildirdi.  Polkovnik-leytenant isə cavabında dedi: “Pəncərəyə baxın, 2 dəqiqə vaxtınız var. Baş leytenant Qurbanov bizimlə çıxmasa briqadanın əsgərləri buranı götürəcəklər”. Pəncərəni açdılar ki, bina mühasirədədir. Briqadanın Paraşüt Desant Bölüyünün əsgərləri bəs edirdi, binanı götürməyə. Oradan çıxıb gəldik.

Həmin gündən Titukun daim yanında olan iki əsgəri – İtayev qardaşlarını mənə cangüdən təyin etdilər. Ehtiyyat bölük yaradıb, məni ora bölük komandiri təyin etdilər.

Yeri gəlmişkən, otaqda söhbət zamanı əks kəşfiyyatın rəisi Qurbanov Safpnova dedi ki, sizin buradakı fəaliyyətinizlə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə məlumat çatdıracağam.

– Polyaniçko Xankəndinə səfər edən zaman bu məsələdən xəbər tutdu?

– Bir həftə sonra Azərbaycan Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko Xankəndinə gəldi. Zabitləri Xankəndindəki Mədəniyyət Evinə yığdı. Polyaniçko daxili qoşunları tənqid edib bildirdi ki, burada avaralanırlar, içki içməklə məşğuldurlar. Erməni polislər haqqında isə Polyaniçko belə dedi, “mən siz erməni qancıqlarını suyun üzərinə çıxararam”. Polyaniçkonun köməkçisi var idi, məni görəndə soruşdu “Baş leytenant Qurbanov?” “Bəli” cavabını verdim. Bildirdi ki, Polyaniçko sizi çağırır. Keçdim yan otağa. Gördüm ki, Polyaniçko oturub. Aramızda belə bir dialoq keçdi.

– Safonov səni həbs edirdi?

-Bəli

– Onun hünəri çatmaz.  Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi bu məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Sovetinin 1-ci sədri Elmira Qafarovaya məlumat verib. Elmira Qafarova bildirib ki, o zabit həbs edilməsin.

– Siz orada olan zaman başqa nələrlə qarşılaşdınız?

– Əsgəranda axtarış aparılan zaman mənim rotam doludağıdan 3 top aşkar elədi. Ermənilər topları ot tayasının içində gizlətmişdilər. Topları 366-cı alaya təhvil verdik.

– Azərbacandan nə zaman getdiniz?

– 1990-cı il, martın 23-də getdik.

– Şuşada etdiyinizlə bağlı sizi cəzalandırdılar?

– Ukraynaya qayıtmışdıq. 9 May qələbə günü hərbi hissə növbətçisinin köməkçisi idim. Bayramla əlaqədar hərbi hissə düzülmüşdü, əmrlər və mükafatlar verilirdi. Mənə dedilər ki, səni tribunaya çağırırlar. Silahımı təhvil verib, ora qaçdım. Polkovnik-leytenantın yanına çıxıb, hərbi salam verdim. O əlində tutduğu sərəncamı oxudu: “Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin təqdimatına əsasən baş leytenant Qurbanov ictimai asayişi qorumağına və əla xidmətlərinə görə medalla təltif olnur”.

– Televiziyada çıxış edənlərin taleyindən xəbəriniz oldu?

– Məni həbs etməyə cəhd etdikləri gün Vidadini həbs etmişdilər. Ancaq İlhami qaça bilmişdi. O yaşlı kişinin taleyindən xəbərsiz oldum. Sonradan eşitdim rəhmətə gedib.

– Sizin şərait yaratmağınızdan əlavə veriliş aparanlara hansı köməyiniz dəydi?

– Əgər istəsəydim bir kəlməmlə həbs olunardılar. Bundan başqa əlimdən bir kömək gəlmirdi.

– Polyaniçko niyə sizi həbs etdirmədi?

– Polyaniçko özü zabitlərlə söhbət zamanı dedi ki, bura Azərbaycan torpaqlarıdır və mənim də azərbaycanlı olduğumu bildirdi. Mən doğru olanı etmişdim.

Növbəti yazıda sağ qalan İlhami Cəfərsoyla ermənilərin o zaman törətdiyi təxribatlar və canlı yayıma çıxmaları ilə bağlı reportajı sizə təqdim edəcəyik.

Səxavət Məmməd

www.yenicag.az

4179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv