Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

20 Yanvar hadisələrində canlı yayım edən İlhami: "Zəng elədi ki, mühasirəyə alıblar..."

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilib və 19 yanvar saat 19:30-da televiziya stansiyasının enerji bloku partladıldığı üçün yayım kəsilib. Dərhal sonra Şuşadakı teleötürücü canlı yayımlara başlayıb, hətta Sovet əleyhinə çıxışlar da edilib və Azərbaycanın bir hissəsi Şuşadan canlı yayımla baş verənlərdən xəbərdar olub.

Bu zaman Bakı ilə yanaşı Qarabağa da Sovet Ordusu yeridilib. Xankəndinə göndərilən qüvvələr – Lvov vilayətində yerləşən 39-cu Paraşüt Desant Briqadasının qarşısına qoyulan tapşırıqlardan biri də Şuşadakı teleqülləni tutmaq və canlı yayıma nəzarət etmək olub. Və həmin teleyayıma nəzarət edən hərbçilərin komandiri Qurbanov Əjdərlə reportajı sizə təqdim etmişdik.

Rus hərbçilərinin nəzarəti altında fəaliyyət göstərən şəxslərdən biri də AMEA-nın Tarix institutunun qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri İlhami Cəfərsoy olub.

Yenicag.az İlhami Cəfərsoyla müsahibəni sizə təqdim edir:

Cəfərsoy İlhami Yusif oğlu Şuşa rayonunun Quşçular kəndində 24 iyul 1950-ci ildə anadan olub. 1972-ci ildə Azərbaycan Pedaqoji Universitetinin filalogiya fakültəsini bitirib. Təhsilini davam etdirəm İlhami Cəfərsoy BDU-nun tarix fakültəsini oxuyub. Hazırda AMEA-nın Tarix institutunun qədim dillər və mədəniyyətlər şöbəsinin müdiridir.

– 1990-cı il 20 yanvar ərəfəsində Şuşada hansı proseslər gedirdi?

– 20 Yanvar hadisələrindən 1-2 ay əvvəl Şuşada ağ bayraqlar asılmışdı. Əhali təşviş içində idi. O vaxt Mərkəzi Komitədən, icra hakimiyyətindən adamlar gəldilər. Dedilər ki, hava durumu ilə bağlı ağ bayraqlar qaldırılıb, camaatı aldatdılar. Əslində ermənilər xəbər vermək istəyirdilər ki, Qarabağın erməni əhalisinin hamısı, hətta azərbaycanlılar da Qarabağın Ermənistana birləşməsinə hazırdır. Helikopterlə, təyyarə ilə havadan kağızlar səpirdilər, camaatı Ermənistana birləşməyə səsləyirdilər. Bundan sonra ikinci proses başladı – Ağdamdan Laçından Şuşaya gələn maşınları daşladılar.

– Şuşa televiziyası necə açıldı?

– Şuşa televiziyası işə başlamazdan əvvəl Şuşa ilə Füzuli rayonu arasında Dağdağan kəndi var, ermənilər orada teleqüllə tikdilər. Düşünürdük ki,bunu Ermənistan televiziyasını Qarabağ ərazisində yaymaq üçün ediblər və haqlı çıxdıq. Bu azmış kimi özləri də verilişlər hazırlayıb efirə çıxır və Azərbaycan əleyhinə çıxışlar edirdilər.

– 20 Yanvar hadisəsi ərəfəsində Şuşada nələr baş verdi?

– 20 Yanvar hadisələri ərəfəsində Bakıda idim, evdən mənə zəng elədilər ki, Şuşada vəziyyət qarışıb. Bakıdan yola çıxdıq, Əsgəranda maşını saxladılar, məcbur olub Xocalıya getdik. Orada yemək yeyib, havanın qaralmasını gözlədik. Gecə düşəndə Həsənabaddan çöl yolu ilə Quşçular kəndinə, oradan da Şuşaya gəldik. Şuşaya çatanda xəbər çatdı ki, Bakıda əhalini qırıblar. Həmin vaxt Bakıda teleqüllənin enerji blokunu partlatmışdılar. Biz də Şuşadakı teleötürücüdən istifadə edib efirə çıxdıq. Bu yolla Azərbaycanın demək olar ki, yarısına yayım var idi, xəbərləri çatdırırdıq.

– Necə oldu ki, Şuşadakı canlı yayıma çıxdınız?

– Hadisələr qızışanda Bakıdan Vidadi Bağırov ilə Nadir (soyadın unutmuşam) gəldilər. Çox adam cəsarət etmirdi çıxıb danışsın. Hüseyn Rzayevlə getdik teleqülləyə. Hüseyn Rzayev Şuşa xəstəxanasında terapiya şöbəsinin müdiri idi, onun 2 oğlundan biri  Əfqanıstan müharibəsində şəhid olmuşdu. Hüseyn Rzayev Sovet əleyhinə çox kəskin çıxış etdi.

– Verilişlər necə hazırlanırdı?

– Bizə qeyri-rəsmi Bakıdan göstəriş gəlirdi ki, ermənilər Azərbaycan əleyhinə hansı çıxışlar etsələr, biz də onlara cavab verməliyik. Onlar ilk dəfə Qarabağın adının Arsax olduğunu televiziyadan səsləndirdilər. Həmin axşam Arsax nəsli haqqında material hazırladım və canlı yayımda sübut etdim ki, arsaxların ermənilərə heç bir aidiyyatı yoxdur. Yadıma gəlir, o zaman verilişdə dedim ki, Arsax ermənilərin atası deyil, analarının oynaşıdır. Söz müharibəsi gedirdi. Onlar nə deyirdilər, faktlarla onların qarşısına qoyurduq.

– Çəkilişlər hansı şəraitdə gedirdi?

– Çəkiliş olmurdu, birbaşa yayım olurdu.

– Rus hərbçilər teleqülləyə nəzarət edirdi. O şəraitdə necə fəaliyyət göstərirdiniz?

– Rus hərbçiləri teleqülləni tutmuşdu. Canlı efir zamanı nəzarət edirdilər. Çıxışlarımız barədə soruşurdular, əvvəlcədən onlara məlumat verirdik, yazıları oxuyurdular. Düzünü deyim, orada bir komandir var idi, bütün yazıları o yoxlayırdı, o, Azərbaycan dilini bilirdi, çıxışlarımıza etiraz etmirdi. Bütün mətnlərə baxırdı, ancaq Sovet və erməni əleyhinə olan heç nəyə qadağa qoymurdu. Gücümüz çatanı edirdik. O zabitin azərbaycanlı olduğunu heç bilmirdik. Düzünü deyim, o çıxışlar zamanı bizi həbs edə bilərdilər, sadəcə göz yumdular. Hüseyn həkim də, mən də çıxışlarımızda deyirdik ki, ruslara, ermənilərə qarşı çıxmaq lazımdır. Düzünü deyim, reallığı düşünmürdük, hislərə qapılırdıq.

– Canlı yayımda kimlər çıxış edirdi?

– Namiq müəllim, Hüseyn həkim, mən, Vidadi isə aparıcı idi. Sonradan bildim ki, Vidadini həbs edib Rusiyaya aparıblar, ancaq onun taleyi barədə heç bir informasiyam olmadı.

– Necə oldu ki, həbs olunmadınız?

– İş yerimə çatmışdım. Həyat yoldaşım iş yerimə zəng elədi ki, mühasirəyə alıblar, evə gəlmə. Gecə gəldim Quşçulara, oradan da gecə ilə Gədik kəndinə getdim, sonra da Ağdamın Abdal, Gülablı kəndinə. Avtobusla Ağdama gedəndə hərbçilər yoxlama aparırdılar, Ağdamdan Şuşada oxuyan tələblər, qarışıqlıq saldılar, elə oldu ki, həbs olunmadım.

– Hərbçilər təzyiq göstərirdilər?

– Silahları vardı, bizə nəzarət edirdilər. Ancaq nə çıxış edənlər, nə də aparıcılar qorxmurdu. Məsələnin pik nöqtəsi şəhidlərin yeddisi günü baş verdi. Həmin gün çıxışlar daha sərt oldu, Hüseyn həkim Soveti “faşist rejimi”, Qorbaçovu da “faşist” adlandırdı. Bizim sözlərimiz də çox kəskin oldu. Sonradan xəbər gəldi ki, teleqüllədə bizə nəzarət edən zabiti Xankəndinə aparıblar, onun da taleyindən xəbərim olmadı. Hüseyn həkim hadisələrdən çox keçmədi ki, rəhmətə getdi.

Haşiyədən çıxıram, bəziləri deyir ki, ermənilərlə bir yerdə yaşaya bilərik. Alim kimi yox, onların psixologiyasını bilən adam kimi yox, o günləri görən bir adam kimi deyirəm ki, onlarla bir yerdə yaşaya biləmərik. 5 kiloluq erməninin belə içində türkə qarşı 50 kiloluq nifrət var.

– Ermənilər Şuşaya yaxın başqa teleötürücü açmışdılar. Buna kim icazə vermişdi, pərdəarxasında kimlər var idi?

– Həmin teleqüllənin açıldığı yer ərazi cəhətdən Əsgərana, coğrafi cəhətdən Şuşa ilə həmsərhəd idi. Ermənistana ayrılan büdcə ilə bu işi görmüşdülər.

– Hadisə nə zaman baş verib?

– 20 Yanvar hadisələrindən 6-7 ay əvvəl bu proses gedirdi. Əvvəl təbliğata başladılar, ancaq 20 Yanvar hadisələri zamanı açıqdan-açığa fəaliyyətə keçdilər. Ekran müharibəsi gedirdi: onlar bizim, biz onların əleyhinə verilişlər yayımlayırdıq. Bizim gördüyümüz iş kortəbii idi. Gah sovet əleyhinə çıxış edirdik, gah erməni, gah da baş verənləri pisləyirdik. Ancaq ermənilər planlı şəkildə iş aparırdılar. Bizdə isə kortəbii vətənpərvərlik idi.

– Bu hadisələr vaxtı Mikayıl Gözəlov necə davranırdı?

– Açığı Gözəlov vəzifədə olsa da, daim yanımızda olduğunu hiss etdirirdi. Bizə hansı işlər görmək lazım olduğunu yaxın adamları vasitəsi ilə çatdırırdı. O, öldürüləndə elə bildim qardaşımı itirmişəm.

– Televiziyanın yayımı nə qədər davam etdi?

– Çox uzun çəkmədi. Yayımları iki yerə bölərdim: aqressiv və liberal. Şəhidlərin yeddisinə qədər ermənilər də, biz də kəskin çıxışlar etdik, sonra isə ruslar gördü vəziyyət qəlizləşir, ermənilərə qulaqburması verdi, bizə də tapşırdılar ki, artıq sakit davranaq. İkinci mərhələdə nə mən, nə də Hüseyn həkim verilişlərə çıxmadıq.

– Yayımlar vaxtı Bakıdan dəstək olurdu?

– Düzü, Bakıda telestudiyanın enerji blokunun partladılmasından sonra, oradan qeyri-rəsmi göstəriş gəlmişdi.  Gözəlov bir dəfə bizimlə görüş zamanı dedi ki, Bakı arxamızdadır.

– Çıxışlardan başqa nələr edirdiniz?

– Bakıda qırğın baş verən günü çıxış etdim, sonra qərar verdik ki, sabah aksiya edək. Şuşada Bazar başı meydanı vardı. Ora toplaşdıq, mədəniyyət evinin qarşısında ocaq qalayıb partiya biletlərimizi yandırdıq.

Universiteti qurtarandan sonra birinci təyinatım Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı oldu. Getdim ora, rektor mənimlə birgə bir neçə erməni qızını qəbul etdi. Sual verdi ki, birinci 5-i nədən almısınız? Erməni qızları hansı fənlərdən 5 aldıqların dedi. Mən də fəxrlə dedim ki, birinci 5-i partiya tarixindən almışam. Rektor hansı sual düşdüyünü soruşdu. Dedim, Leninin aprel tezisləri idi. 12 maddəni əzbərdən demişdim. Erməni qızları mənə güldü. Biri dedi ki: “Oğlan, mən partiya-martiya öyrənməmişəm, Urartu mixi yazılarını öyrənmişəm”. Rektorun yanından çıxanda xəcalət təri məni basdı. Mən nəyi öyrənmişdim, erməni nəyi öyrənmişdi. Ermənidə partiya, hökümət hamısı şərti olub. Bizim bir müəllimimiz var idi, Aydın Hacıyev, o deyirdi: “Ermənidən komunist olmaz, erməni anadan olanda daşnaq doğulur, öləndə də daşnaq ölür”. Biz öz ideologiyamız üzərində çox ciddi işləməliyik.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

3506
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100