Şəki rayonunda bir neçə gün öncə intihar edən 20 yaşlı Gülər Mehdiyevanı (şərti) şantaj etməkdə təqsirli bilinən sevgilisi İ. M. həbs edilib.
Yenicag.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Gülər və həmkəndlisi, 2001-ci il təvəllüdlü İ. M.-lə bir müddət sevgili olublar və həmin zaman qız özünün şəxsi fotolarını mesaj vasitəsilə sevgilisinə göndərib. Müəyyən vaxtdan sonra isə Gülər 20 yaşlı sevgilisindən ayrılmaq istəyib.
İ. M. isə ayrılacağı təqdirdə qızı həmin fotolarını yaymaqla şantaj edib. Gülər bu təhdidlərə dözməyərək özünü öldürəcəyini bildirib. Sevgilisi ona “get, öldür” tərzində cavab verib.
Bütün bunlardan və şantajdan sonra G.Mehdiyeva mayın 12-də yaşadıqları evin həyətində özünü ağacdan asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı onu sevgilisi İ. M.-ın şantaj edərək intihar etməsinə səbəb olduğu məlum olub.
İ. M. saxlanılaraq ifadəsi alınıb və dünən, mayın 18-də istintaqın təqdimatı ilə Şəki rayon məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib, o, istintaq təcridxanasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir./Qafqazinfo/