200 manatlıqlar inflyasiya, yoxsa büdcə xərci “müjdəçisidir”? – Ekspert şərhi

“Yüksək nominallı əsginasların dövriyyəyə buraxılması təbii ki, inflyasiya basqılarını artırır”.

Bu sözləri Yenicag.az-a yeni 200 manatlıq əsginasların dövriyyəyə buraxılmasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Natiq Cəfərli bildirib ki, dövriyyədə nə qədər çox manat olacaqsa, həcm olaraq manat kütləsi artacaqsa, bu inflyasiya basqılarını artıracaq və inflyasiyanın sürətlənməsinə səbəb olacaq:

“Ancaq Azərbaycanda iqtisadi sistemdə bunun birbaşa əlaqəsi yoxdur. Ona görə də, hər şey hökumətin gələcəkdə bundan sonra atacağı addımlardan asılı olacaq. Çox güman ki, 200 manatlıq əsginasların dövriyyəyə buraxılması büdcə xərclərinin artırılması ilə bağlıdır. İyun ayında büdcəyə yenidən baxılacaq. Azərbaycanda çox pis bir ənənə formalaşıb. Büdcə tez-tez dəyişdirilir. İndi də neftin qiymətinin yüksək olması dövlətə rahatlıq verib və buna görə də, büdcəyə yenidən baxmağı düşünür. Hökumət büdcəyə yenidən baxaraq xərcləri artıracaq. Büdcə xərcələrinin artırılması isə əlavə nəğd pul kütləsinə ehtiyac yaradır. Bütün layihələrin bir çoxu nəğd şəkildə həyata keçirilir, 200 manatlıq əsginasların dövriyyəyə buraxılması həm də buna xidmət edə bilər”.

200 manatlıq əsginasların birbaşa inflyasiyaya təsir etməyəcəyini deyən iqtisadçı ekspert qeyd edib ki, dolayısı ilə bu qiymət artımına, manatın məzənnəsinə ciddi basqı yaradacaq amillərdən biridir:

“Mərkəzin bankın və hökumətin atacağı addımlar çox önəmli olacaq. Bu il neftin qiyməti yüksək, yəni, 75-80 dollar civarında qalsa, devalvasiya təhlükəsi gözlənilmir. Neftin qiymətində enmələr baş versə, il sonunda devalvasiya qaçılmaz olacaq”.

Səxavət Məmməd

COP29