2017-ci ilin böyük hissəsi dünya bazarlarında ciddi böhranla yadda qalacaq.
“Report”un analitik qrupu bildirir ki, gələn ilin ilk yarısında dünya fond birjalarında kəskin azalma nəticəsində böhran yaranacaq. ABŞ-ın fond birjasında başlayacaq satışlar dünyanın inkişaf etmiş ölkələri ilə bərabər inkişaf etməkdə olan ölkələrə də sıçrayacaq. Belə ki, son bir ayda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın fiskal ekspansiya və vergilərin azaldılması ilə bağlı fikirləri ölkənin fond birjası indekslərinin 10% artmasına səbəb olub.
Xatırladaq ki, Tramp yanvarın 20-də rəsmən prezident kimi işə başlayacaq. Onun yuxarıda sadalanan qərarları isə artıq fond birjalarının qiymətində, yəni şirkətlərin səhmlərinin bahalaşmasında əksini tapıb. Analitiklər ABŞ prezidentinin daha öncə söylədiyi qədər investisiya xərclərini artırması və vergiləri azaltması fikrinin reallaşmasına da tam əminliklə yanaşmırlar. Yəni, Tramp daha yumşaq addımlar atarsa, o zaman fond birjalarında azalma daha sərt ola bilər. Bununla yanaşı fond birjaları ABŞ-da uçot dərəcəsinin artması amilinin təzyiqi ilə üzləşəcək. Qlobal iqtisadi artımın yavaşladığı bir dönəmdə investorlar daha çox ABŞ dövlət istiqrazlarına üstünlük verəcəklər. Sabahkı iclasda uçot dərəcəsinin artırılacağı gözlənilir və Federal Ehtiyat Sistemi (FES) mart iclasında bunu təkrarlayarsa, o zaman kapital bazarında ciddi böhran yarana bilər.
Qeyd edək ki, OPEC və ona üzv olmayan ölkələrin Vyanada qəbul etdiyi qərar nəticəsində yüksələn neft qiymətləri ABŞ-da inflyasiyanın artmasına və işsizliyin azalmasına gətirib çıxararaq FES-i daha sürətli addımlarla faizləri qaldırmağa məcbur edəcək.
2017-ci ilin ikinci yarısı isə qlobal iqtisadi böhran və dolların möhkəmlənməsi nəticəsində neftin qiymətinin yenidən azalması neft hasil edən ölkələrdə maliyyə problemlərini yenidən qabardacaq. İlin ikinci yarısında neftin qiymətinin yenidən 30 dollar/barel səviyyəsinə qədər geriləməsi istisna edilmir. Ancaq ilin sonu yaxınlaşdıqca dünya maliyyə bazarlarında sabitliyin bərpa ediləcəyi gözlənilir. 2018-ci ilin isə maliyyə bazarlarının sakit tempdə davam edəcəyi proqnozlaşdırılır.
Yenicag.az