2010-cu ildə “Azercell Telekom” MMC-nin dəstəyi ilə uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.
Qeyd edək ki, 2018-ci il ərzində quruma 3581 müraciət daxil olub. Onlardan 1909-u təhsil, 426-sı psixoloji, 235-i sosial, 497-si hüquqi, 177-si səhiyyə, 337-si isə digər sahələrdə yaranan sualları əhatə edib. Daxil olan müraciətlərin 1432-si şəhərdaxili, 1995-i mobil telefon, 54-ü isə mobil sms-lə qeydə alınıb.
Zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır. Xüsusilə də uşaqların məktəb həyatının başladığı dövrlərdə onlarda izlənilən həyəcan, özünəqapanıqlıq, qorxu, aqressiya valideynlər tərəfindən böyük narahatlıq və təlaşla qarşılanır, uşaqlara qarşı məhz bu səbəbdən kobud davranılır. Eyni zamanda müraciət edənlər arasında şəxsiyyətlərarası konfliktlərdən əziyyət çəkən yeniyetmələr də üstünlük təşkil edir. Problemin səbəbi isə uşaqların valideyn və yaşıdları ilə münasibətdə yaşadıqları fikir ayrılıqları və buna qarşı özünümüdafiə mexanizmi kimi istifadə etdikləri aqressiya görünür.
Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinin əsas iş prinsipi – məxfilikdir. “Uşaq Qaynar Xətti” xidmətinə daxil olan bütün məlumat məxfi saxlanılır.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək, onun qarşılaşdığı çətinliklərin həllinə dair məsləhətlər vermək, ehtiyac olduğu zaman müraciətlərin digər müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək və təxirəsalınmaz kömək göstərməkdir.
Təklif edilən xidmət dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, fiziki və əqli imkanları məhdud olan, habelə sosial çətinliklər yaşayan ailələrdən olan, hüquqları pozulmuş, qanunla münaqişədə olan, xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan hər bir uşağın probleminin həll edilməsi üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, fəaliyyət göstərdiyi 8 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 36 289 müraciət daxil olub.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.