“2019-cu ildə dünyada ciddi dağıdıcı proseslər gözlənilir” – Ekspertdən xəbərdarlıq

“Sabit iqtisadiyyata malik ABŞ, Çin və Avropa İttifaqı ölkələrində də ciddi dağıdıcı proseslərin şahidi olacağıq”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiyalı jurnalist, politoloq Mehman Qafarlı deyib.

Mehman Qafarlının sözlərinə görə, kataklizmlər tək qeyri-sabit regionlarda deyil, inkişaf etmiş ölkələrdə də baş verə bilər:
“2019-cu ildə sadəcə, Ukrayna və Yaxın Şərq kimi gərginliyin yüksək olduğu bölgələrdə yox, sabit iqtisadiyyata malik ABŞ, Çin və Avropa İttifaqı ölkələrində də ciddi dağıdıcı proseslərin şahidi olacağıq.

Rusiyada isə daxili və xarici sosial-iqtisadi, hərbi-siyasi uğursuzluq mərhələsi başlayıb. Hazırda Rusiya, Türkiyə və İran bir araya gəlsələr də, onlar xilas olmaq əvəzinə, bir-birilərini Yaxın Şərq “bataqlığı”na çəkirlər. Oradan çıxmaq isə çox çətindir.

Eyni zamanda, bu il ABŞ-da da kəskin siyasi böhran gözlənilir. Robert Sven Müllerin ABŞ Ədliyyə Nazirliyi tərəfindən Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror vəzifəsinə təyin olunması da göstərir ki, Kremlin seçki prosesinə müdaxiləsini isbatlayan yetərli sübutlar əldə edilib və Donald Trampa qarşı ittiham irəli sürmək üçün əsas yaranıb.

Ona görə də, Trampa qarşı impiçment prosedurunun başladılması və ABŞ-ın Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” tətbiq etmək ehtimalı çox yüksəkdir”.

Qafqaz Ömərov

COP29