!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2020-ci ildə Azərbaycanın XARİCİ SİYASƏTİ: “Fəaliyyətin uğurlu adlandırılması üçün...” - Politoloqdan ANALİZ

!Reklam – Yazi

“Başa çatmaqda olan il ərzində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb”.

Bu sözləri 2020-ci il üzrə Azərbaycanın beynəlxalq aləmdəki fəaliyyətini dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Politoloq hesab edir ki, Azərbaycanın beynəlxalq miqyasda irəli sürdüyü təşəbbüslərə göstərilən münasibət müsbət olub və bu, ölkəmizin nüfuzunun artmasından xəbər verir:

“Bunun başlıca səbəbi prezident İlham Əliyevin apardığı uğurlu siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Dövlət başçısının koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər Azərbaycanın dünyadakı çəkisini daha da artırıb. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan prezidenti qlobal çağırış edərək dövlətləri vahid “düşmən”ə qarşı birlikdə mübarizə aparmağa səsləyib. 2020-ci ilin aprelin 10-da Azərbaycan prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş onlayn Zirvə görüşü təşkil edilib.

Daha sonra mayın 4-də yenə Azərbaycan prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib və çox vacib qərarlar qəbul olunub. Bu tədbirin özü də Azərbaycanın beynəlxalq arenadakı uğuru kimi qiymətləndirilə bilər.

Elə Qoşulmama Hərəkatının son Zirvə görüşündə Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təklif Qoşulmama Hərəkatına üzv 120 ölkə arasında yekdilliklə razılaşdırıldı və xüsusi sessiyanın keçirilməsi ilə bağlı Baş katib Antonio Quterreşə müraciət ünvanlandı. BMT-nin 130-dək üzv ölkəsinin Azərbaycan Prezidentinin təşəbbüsünə rəsmi şəkildə dəstək verməsi və dekabrın 3-də BMT-nin Xüsusi Sessiyasının keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzu ilə bağlı dediklərimizi bir daha təsdiq edir”.

Yusif Bağırzadə qeyd edib ki, bu il həmçinin iki beynəlxalq qurumun Azərbaycanla bağlı hesabatları yayımlanıb və göstəricilər təqdirəlayiqdir:

“Dünyanın ən böyük “beyin mərkəzləri”ndən biri olan “Heritage Foundation” tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2020” hesabatında Azərbaycan 16 pillə irəliləyərək 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Azərbaycan bu ilki hesabatda Asiya-Sakit Okean regionu ölkələri sırasından çıxarılaraq Avropa regionuna daxil edilib, iqtisadi azadlıq dərəcəsinə görə dünya üzrə orta göstəricidən (61,6) yuxarı, regional göstəricidən isə cəmi 0,5 bal ilə geri nəticə göstərib. Həmçinin, İqtisadi Azadlıq İndeksi 2020 üzrə Avropa regionunda 45 ölkə arasında 24-cü yerdə qərarlaşıb və regionda ən çox irəliləyən ölkələr arasında birinci yerdədir.

Digər bir uğur isə Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən “Doing Business” hesabatı ilə bağlıdır. Azərbaycanın həmin reytinqdə mövqeyi 6 pillə yaxşılaşıb və ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub. Bununla da ölkələrin qlobal reytinq sıralamasında Azərbaycan 191 ölkə arasında 34-dən 28-ə yüksəlib.

Başqa bir uğur kimi sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclası göstərmək olar. Belə ki, iclasda ümumilikdə 182 ölkənin dövlət və hökümət başçısının çıxışı olduğu halda, prezidenti İlham Əliyevə sayca altıncı olaraq çıxış imkanı yaradılıb. Bu isə şübhəsiz ki, prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür. Prezidentin həmin toplantıda çıxış edərək Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırması sonrakı mərhələdə torpaqlarımızın işğaldan azad olunması üçün keçirdiyimiz əməliyyatlarda Azərbaycana qarşı ola biləcək təzyiqlərin qarşısını aldı və bu çox böyük diplomatik uğur kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi də 2020-ci ildə əldə etdiyimiz uğurlar sırasındadır.

Bu il Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri də heç şübhəsiz ki, Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olub. Prezidenin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində Azərbaycanın mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilib.

2020-ci ildə Azərbaycanın beynəlxalq uğurları haqda danışarkən sonda onu qeyd etmək lazımdır ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurub. Bu prinsipləri rəhbər tutan rəsmi Bakının yürütdüyü xarici siyasət Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli məqsədə xidmət edir. Məhz bu məqsədlər uğrunda fəaliyyət göstərən ölkəmiz üçün 2020-ci il heç şübhəsiz ki, kifayət qədər uğurlu il olub”.

Gülşən Şərif

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv