2021-ci il üçün BÜDCƏ PROQNOZLARI: “Azərbaycanda ilk dəfə icmal büdcəsinin xərcləri…” – Elşad Məmmədov

“Büdcə kəsirinin idarə edilməsi ilə bağlı adekvat tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var”.

2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır. Eyni zamanda, 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir ki, gəlirlərin 57,3 faizi və ya 13 milyard 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür.

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında gələn ilin dövlət büdcəsi ilə bağlı proqnozların mövcud reallığa uyğunluğunu dəyərləndirib.

Onun sözlərinə görə, qeyd olunan proqnozda müsbət hallar müşahidə olunsa da, gələn il ərzində büdcənin gəlirlərinə və xərclərinə yenidən baxılacağı labüddür:

“Parlamentə təqdim olunan 2021-ci ilin dövlət büdcəsi layihəsində bir sıra səciyyəvi amillər var. Öncəliklə vurğulayım ki, Azərbaycanda ilk dəfə icmal büdcəsinin xərcləri 30 milyard manatı üstələyəcək.

Bu göstərici büdcənin inkişafı ilə yanaşı, iqtisadi dayanıqlılığa xidmət edən amillərin mövcudluğuna da şərait yaradır. Eyni zamanda, büdcə gəlirlərində artım gözlənilir və büdcə kəsirləri kifayət qədər önəmli rəqəmlərlə ifadə olunur.

Büdcə kəsirinin idarə edilməsi ilə bağlı adekvat tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var. Bu baxımdan, Mərkəzi Bankın pul kütləsinin artımı ilə bağlı addımları mütləq şəkildə reallaşdırılmalıdır.

Büdcə xərcləri ilə bağlı ən önəmli məqamlardan biri təribən 2 milyard 200 milyon manat vəsaitin işğaldan azad olunmuş ərazilərin bərpasına yönləndirilməsidir. Bu vəsaitə infrastruktur layihələri, kapital təmir və digər istiqamətlər daxil olacaq. Həmin ərazilərə dövlət kapital qoyuluşunun bir sıra sosial və iqtisadi layihələrin icrasına töhfə verəcəyi gözləniləndir.

Pandemiya dövrü ilə əlaqədar səhiyyə işçilərinə xərclərin ayrılması da adekvat yanaşmanın təzahürüdür. Bütün hallarda 2021-ci il ərzində büdcəyə korreksiya və dəyişikliklər ediləcək. Çünki dünya və eyni zamanda, ölkə iqtisadiyyatında yaranmış vəziyyət cari xərclər və gəlirlə bağlı proseslərə yeni yanaşmaların tətbiqinə ehtiyac yaradacaq”.

Gülşən Şərif