2024-cü ildə İqtisadi Şuranın ilk iclası keçirilib.
Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2023-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2024-cü il üzrə Fəaliyyət Planı, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsinin nəticələri və qiymətləndirilmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının suveren kredit reytinqinin artırılması perspektivləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2023-cü il üzrə fəaliyyət hesabatı, İİTKM-nin 2024-cü il üçün Fəaliyyət Planı və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda maliyyə naziri Samir Şərifovun, maliyyə nazirinin müavini Azər Bayramovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.