Qusar rayonu ərazisində Köhnə Xudat-Həzrə marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən və 21 km uzunluğa malik avtomobil yolu yenidən qurulur.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, Köhnə Xudat-Həzrə avtomobil yolu 4-cü texniki dərəcəlidir. Uzun müddət təmir olunmadan istismarı və təii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.
Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu deformasiyaya uğramış hissələr 1400 min kub.m həcmdə qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 3100 kub.m həcmdə yolun torpaq yatağının təmiri və bərpası işləri aparılıb, yolun normativ eninin alınması üçün dağ yamacları kəsilib, yolun torpaq yatağı genişləndirilib.
Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 170 min kv.m sahədə yol əsasın alt və üst layının 22 sm qalınlıqda karxana çınqılı və optimal-çınqıl qaışığı ilə tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 124 min kv.m sahəni əhatə edəcək. 42 min kv.m sahədə isə optimal çınqıl qarışığından 10 sm qalınlığında bərkidilməsi, həmçinin 180 kv.m giriş-çıxış yolunun təmiri işləri aparılacaq.
Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 3 km uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb.
Yol boyu mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranmışdı. Bu səbəbdən 60 paqon-metr uzunluğunda və diametri 0.7 metr olan yeni dəmir-beton boruların quraşdırılması işləri də aparılır.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu 76 ədəd yol nişanı və məlumatverici lövhə, 21 km göstəricisi, 680 ədəd siqnal dirəkləri quraşdırılacaq, 63 km uzunluqda üfiqi nişanlanma xətləri çəkiləcək.
Köhnə Xudat-Həzrə avtomobil yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 21.5 min əhainin yaşadığı 21 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.