Dağlarda döyüş…

23 noyabr 2013-cü il…

Bu, Qəbələdə keçirilən oyunda jurnalist kimi ilk dəfə iştirak etdiyim tarix idi. 4 il əvvəl hər şey elə maraqlıydı ki… Onda “Qəbələ”nin rəqibi AZAL idi. Sonra isə komandaların sayı AZALdı.

Jurnalist kimi debüt etdiyim mövsümün iştirakçılarından “Bakı”, “Xəzər Lənkəran”, “Simurq”, “Rəvan” kimi klublar artıq tarixin yaddaşına köçüb. İndi hər şey elə adiləşib, elə mənasızlaşıb ki…

Artıq 4 il əvvəl ayaq basdığım Qəbələ şəhər stadionunda məni heç nə təəccübləndirmir. Nə arenanın dağlar qoynunda yerləşməsi, nə fondakı o möhtəşəm mənzərə, nə də “projektor”ların işığına yığışan mığmığalar…

4 il əvvəl “Qəbələ” rəhbərliyi stadiona azarkeş toplamaq üçün müəyyən kampaniyalar təşkil edirdi. Yadıma gəlir ki, yuxarıda qeyd etdiyim oyunun sonunda sonu 303 olan biletin sahibi ütü qazanmışdı. Artıq bu kimi kampaniyaların da bir işə yaramadığı reallığı qəbul edilib. Əsl azarkeş stadiona niyə ütü üçün gəlsin ki? Bəs komandaya sevgi? Doğma şəhərini təmsil edən futbolçulara dəstək? Məgər ingilis fanat “Çelsi”ni hansısa maddi marağı üçünmü dəstəkləyir? Bəlkə Barselonada kataloniyalıların başları xarabdı deyə, hər dəfə biletə 100 avrodan çox pul verirlər?

Bəs türklər, bəs serblər?

Ehhh… Nəyi qoyub, nəyi axtarırıq. Fariz Yusifovun əsas vaxta azı 4 dəqiqə artırmasından sonra tamaşaçılar, bəli, azarkeşlər yox, tamaşaçıların bir-bir arenanı tərk etməsi Qəbələnin futbol şəhəri olmadığını təsdiqlədi. Elə tribunaların yarıdan çoxunun boş qalması da… Problem nə fındıq yığımındadı, nə də dolanışıqda… Sadəcə, biz azərbaycanlıların yarıdan çoxu yaşamağı bilmirik. Bütün ömrümüzü gündəlik dolanışığımızı təmin etməyə, filankəsin toyuna, bəhmənkəsin yasına pul tapmaq üçün çalışırıq, vəssalam. Bir də oğlumuza, qızımıza ali təhsil veririk, diplomun sonrakı taleyi də Allah kərimdir… Belə durumda mənəvi qidalardan məhrum olmağımızda da qeyri-adi heç nə yoxdu. Elə minlərlə kilometr uzaqlıqda yaşayan londonlu, madridli ilə aramızdakı fərq də bundadır. Bəli, biz yaşamağı bacarmırıq – futbolla yaşamağı… Bizimki futbolla tanış olub, onu “fırlatmaqdı”… Məsələn, “Qarabağ”ın “Roma” ilə oyununa satışa çıxarılmış 70 minə yaxın bilet artıq satılıb qurtarıb, amma ağdamlıların Premyer Liqanın növbəti turunda hansı komanda ilə oynayacağı 20-30 nəfərdən başqa heç kimin vecinə belə deyil.

Məsələni bu qədər uzatmağımın səbəbi futbolumuza biganə olanlara qarşı içimdəki aqressiyadır. Bəli, büruzə verməməliyəm, amma özümdən də asılı deyil. Təbii ki, problem hərtərəflidir. Məsələn, “Qəbələ” – “Neftçi” matçından təxminən 40 dəqiqə əvvəl bakılıların icraçı direktoru Elnur Eyvazovu görəndə özümdən asılı olmayaraq, istər-istəməz “Niyə futbolumuzun başına daş düşmür?” sualını qeyri-ixtiyari, amma eşidiləcək tonda səsləndirdim. Təskinliyi təcrübəli həmkarlarımızdan birinin “düşüb də” sözündə tapdım. Ölkə futbolunun problemləri ondan ibarətdir ki, futbol klublarımızda Elnur Eyvazov kimi idarəçilər var. Kluba təyin olduğu vaxt oğluna “fahişə” sözünü əzbərlətməsi videosu ilə gündəmə gələn, futbolun yalnız hərfi tərcüməsini bilən icraçı direktor Qəbələ şəhər stadionunda lüks avtomobilindən düşüb, elə həmin söyüşü əzbərlətdiyi övladı ilə VİP-yə qalxanadək “alçaq dağları mən yaratmışam” ab-havasında idi. Eqosuna baxanda adam heç deməz ki, 6 turdan sonra cəmi 1 xalı olan ən veteran klubumuzun icraçı direktorudur.

Klub rəsmilərindən söz düşmüşkən, oyundan öncə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovla PFL başqanı Ramin Musayevin də dialoqu maraqlı alındı. Qonağı səmimi qarşılayan Nəcəfov zarafatından da qalmadı. Fariz bəyin “Tərlanı “Neftçi”yə baş məşqçi gətirən kimi, özün də oyunlara getməyə başlamısan” zarafatına Musayev “Neftçi” sevgisi içimdədi də” cavabını verdi və rəsmilər oyunu izləmək üçün VİP lojaya yollandılar.

Oyuna gəldikdə isə, “Qəbələ”nin 4-cü dəqiqədə Stiven Monrozla hesabda önə keçməsi, biranlıq “Masazır faciəsi”nin təkrarlana biləcəyi ehtimalını yaratdı. Əslində, hesab daha da arta bilərdi. Lakin gah qapı tiri, gah Rəşad Əzizli, gah da “Qəbələ” futbolçularının qeyri-dəqiqliyi buna imkan vermədi. Yalnız Baqali Dabo 40-cı dəqiqədə hesabı iki topa çatdırdı.

İkinci 45 dəqiqədə isə hücumlara daha çox atılan tərəf “Neftçi” idi. Xoşbəxtliyi uzaqdan zərbələrdə axtaran bakılılar, bunun məntiqi nəticəsi kimi 48-ci dəqiqədə istəyinə çatdı. Namiq Ələsgərov uzun reyddən sonra Dmitri Bezotosnının qapısına elə bir zərbə vurdu ki, ukraynalı qapıçı bunu yalnız seyr etməklə qaldı – 2:1.

Qoldan sonra qapıya zərbələr olsa da, bunların heç biri nəticəni dəyişmədi. Oyun o qədər gərgin keçdi ki, final fitindən sonra da “zərbələr” oldu. Söhbət “Qəbələ”nin futbolçuları Ruslan Qurbanovla Stiven Monroz arasındakı əlbəyaxa davadan gedir. Ötürmə vermədiyi üçün komanda yoldaşının üzərinə yeriyən Qurbanovun “mükafatı” yumruq zərbəsi oldu. Nəticədə, 4 il əvvəlki oyunda da baş hakim olan Fariz Yusifov legioner futbolçuya qırmızı vərəqə göstərdi.
Görünür, son vaxtlar “Qəbələ”nin daxili intizamında problemlər var. Futbolçuların publika önündə yumruq davasına çıxması biabırçılıqdan başqa bir şey deyil. Təbii ki, Ruslan Qurbanov da bir az peşəkarlaşsa, yaxşı olar -“Qalik”də gəzməklə deyil ki… Adam dava olsa belə, “Qəbələ”nin imici naminə açıqlamasında öz komanda yoldaşını “məni vurdu deyə” satmaz. Bunu da biz öyrədəsi deyilik ki…

Emin Səfərov
Bakı – Qəbələ – Bakı

COP29