Tənzilə Rüstəmxanlıdan sensasiyalı PARALEL yazısı

Dekabrın 16-da Türkiyədən işgüzar səfərdən döndüm. Müxtəlif şəhərlərdə konfranslarım vardı. Oradakı dostlardan Allah razı olsun, səfər çox yüksək səviyyədə keçdi. Kütahya şəhərində, Dumlupınar Universitetində “Bir Millət, İki Dövlət: Azərbaycan-Türkiyə” adlı konfrans çox önəmliydi. Bugünkü Ermənistan dövlətinin yerləşdiyi ərazilərin Azərbaycan türklərinin dədə-baba torpağı olduğunu, ermənilərin Qafqaza gəlmə olduqlarını, çar Rusiyasının erməniləri Qarabağa yerləşdirməsinin pərdəarxası üzünü, Rusiyanın “Dənizdən – dənizə Ermənistan” xəyalı ilə ermənilərdən maşa olarak istifadə etməsini, bugünkü Qarabağın işğalının gerçək aktyorlarını, Xocalını, bir milyon qaçqın Azərbaycan türkünün taleyini, erməni əsirliyində olan soydaşlarımızı və onlara edilən zülmü, işgəncəni faktlarla anlatdım. Çıxışımın sonunda yüzlərlə tələbə ayağa qalxaraq “Qarabağ bizimdir, bizim olacaq” deyə hayqırdı.

Axşam 18:00-da yenə Kütahyada, “Hilton” otelinin toplantı salonunda ikinci bir konfrasım var idi. Təşkilatçı rəhbəri olduğum Azəri-Türk Qadınlar Birliyinin ortaq iş gördüyü “Türk Eğitim Sen”in Kütahya şöbəsi idi. Bu dəfə dinləyicilərim müəllimlər oldu. Çıxışımda Azərbaycan və Türkiyənin yalançı erməni soyqırımını ifşa etməkdə bərabər hərəkət etməkdən, Xocalı soyqırımını tanıtmaqdan, tarixi gerçəkləri tələbələrinə anlatmaqdan və ortaq problemlərimizin həllində birlikdə hərəkət etməyin vacibliyindən danışdım. Ankara və Antalyadakı konfranslar da eyni coşqu ilə, çox yüksək səviyyədə keçdi.

Beş gündə Türkiyənin üç böyük şəhərində dörd elmi konfrans. Bəlkə kənardan baxana asan gələr, amma həqiqətən çox ağır işdir millət və vətən davası. Bu iş ürək istər, ağıl və bilgi istər, fədakarlıq istər. Bütün bunları bu ölkədə heç kimdən bir quruş almadan, həyat yoldaşımın və özümün şəxsi imkanlarımız hesabına edirəm. Çünki bu ölkədə çox az adam Azərbaycanın Qarabağ məsələsinə pul xərclər…

Təəssüf ki, istər Qarabağ, istərsə də Azərbaycan bir çox imkanlı insanımızı çox az maraqlandırır. Biz isə Türkiyə də daxil olmaqla heç bir xarici ölkədən maliyyə yardımı almadan, sadəcə 20 illik fəaliyyətimiz boyu üç dəfə QHT Şurasından yardım alaraq işlərimizi davam etdirib, bu haqlı davanın əsgərləri olmuşuq. Çünki biz bu vətəni qarşılıqsız sevdik. Mən dədə yurdu erməni işğalı altında inləyən torpağın, Qərbi Azərbaycanın övladı olaraq, gücümün yetdiyi qədər düşmənlə ideoloji mübarizə aparmışam və aparacağam. Mən Azərbaycanın parlament kürsülərini işğal edən bəzi millət vəkilləri kimi əlimdəki imkanları qohumum, qardaşım üçün xərcləməmişəm. Azərbaycan dövlətini yıxmaq istəyən, “Sadval”a ideoloji vəkillik edən, ipləri ABŞ-ın əlində olan Gülən camaatına hamilik edən, yalançı türkçü maskası altında türk düşmənlərinə xidmət edənlərdən fərqli olaraq, biz vətənimizi heç nəyə satmadıq. Leyla Yunuslardan fərqli olaraq biz Avropada Qarabağı müdafiə etdik.

Bəziləri ruhunu şeytana satanda mən onlara qarşı mübarizənin önündə oldum. Bu yolda çox təhqirlərə, haqsızlıqlara məruz qaldım.

Bunları niyə xatırladım? Hamısını bildirəcəyəm. 2008-ci ilin avqust ayında yenə Sabir bəylə Türkiyədən dönürdük. Təyyarədən enər-enməz jurnalistlər bizi aradılar: “Sizin isminiz “Ergenekon terror örgütü”ü ilə əlaqəli keçir”. Yəni, Zəkəriyə Özün o məşhur iddianaməsində. O zaman açıqlama verdik ki, tutulan insanlar Azərbaycanın dostlarıdır və suçlu olduqlarına inanmırıq. Dərdimizi anlayan anladı, anlamayan da öz maraqları çərçivəsində yorumladı. “Gülən camaatı dövlət üçün təhləkədir” dedik, səsimizi kimsə duymadı. Gülən camaatının Azərbaycanda çox güclü olduğunu o zaman daha aydın gördüm. Az qala bizi mühakiməsiz edam edəcəkdilər. Yəqin ki, Türkiyə vətəndaşı olsaydım məni çoxdan həbs etmişdilər. O zaman Türkiyə hökumətinin də işinə gəlirdi. Gülən şəbəkəsinin Azərbaycan ayağı, xüsusilə, “Zaman” qəzetinin Azərbaycan qanadı bizi qəzetlərində manşetdən verirdilər, camaatın köləsi olmuş jurnalistlər – hansı ki, heç bir əzizinin həbsdə olmasına könlümün razı olmadıqları- bizim həbs olunacağımız anı səbirsizliklə gözləyirdilər. Gülənin maliyyəsinin işıltısına kor olan millət vəkilləri bizə salam verməyə belə qorxurdular ki, onlara da “ergenekonçu” deyərlər. Türkiyəli Türklərin çox gözəl bir sözü var : “Kəsər dönər, sap dönər, gün gələr hesab dönər”.

Ədoğan höküməti 17 dekabr olaylarından sonra ayıldı ki, bunlar burunlarının ucuna qədər gəliblər.

Dövlətin bütün strukturları onların əlinə keçib. Polis, məhkəmə, parlament, media, məktəb, universitet tamamilə onların əlindədir və Әrdoğanı həbs etmələri an məsələsidir. Çünki ABŞ belə istəmişdi… Biz nə deyirdik? Deyirdik ki, bunları təmizləyin, bunlara bu qədər imkan verməyin, bunlar Azərbaycan dövlətinin başına bəla olacaq. Hətta iş o yerə çatmışdı ki, burada belə bizi hədələyirdilər. Bunların necə bir təhlükə olduğunu mən Xocalı soyqırımının 20 illiyində İstanbulda, “Taksim”də bir daha gördüm. Elnur Aslanovun dəstəsinin Xocalını Hama və Humusla eyni sıraya qoymaları, Sabir bəyin və mənim etirazımıza baxmayaraq yenə də eyni afişi yazmaları və xərclənən pulların qaranlıq taleyi… Biz nələrə şahid olmadıq ki… Bir də bunların kulislərdə “Azərbaycanda 2015-ci il parlament seçkilərini biz keçirəcəyik” havaları…

Allah Prezidentimiz İlham Əliyevdən razı olsun, zamanında bu məsələyə əl qoydu və tədbir gördü, yoxsa sabah “Amerika istəyir” deyə, Azərbaycanda dövlət çevrilişini göz qırpmadan edərdilər.

Necə də olsa,Türkiyədə yaratdıqları “Xəzər” Strateji İnstitutunun göbəyi də Amerikada kəsilib. Nə olsun ki, maliyyəsi bizim cibimizdən gedir. Neftimizin pulları Amerikanın regiondakı maraqları üçün sərf olunur… SOCAR-ın rəhbərliyi bunu bilmirsə, araşdırıb öyrənsin ki, nə üçün HASEN-in bütün proyektlərində Elnur Aslanov və komandası ön sırada olub? Rövnəq müəllim Xalik Məmmədovu sırf müavinidir deyə müdafiə etmək yerinə, qapalı qapılar ardında gedən oyunları araşdırsın. Görsün, SOCAR-da İlham Əliyevə qarşı xəyanətin içində kimlər var…

Biz bu dövləti küçələrdə, rus imperiyasına qarşı dik duraraq qurmuşuq… Bunu çoxları anlamaz. O gün meydanlarda olmayanlar məni çətin anlayar. Anlamaqlarını da istəmirəm, sizi çox yüksək məqamlara gətirən Prezidentimizə gündə yüz dəfə şükür edin və sədaqətli olun, yetər.
***
Bu gün yenə qəzetlərin maşetindəyik, yenə də bizi hansısa terror örgütünə bağlayırlar. Amma bu dəfə hədəf çaşdırmaq istəyirlər, Türkiyədə həbs olunan “paralelçilər”in, yəni “gülənçilər”in ələ keçirilən sənədlərinin içindən bizim də ismimiz çıxıb. Biz onların düşməniymişik və bizi həbs etmək istəyiblər…

Əlbəttə, mənim adım onların dosyelərindən çıxacaq. O dosyelərdən onların millət vəkili dostlarının, ana-oğul imamların adları çıxmayacaq ki… Mən onların əzəli düşməniyəm, çünki…
Bu gün qınlarına çəkilsələr də fürsət gözləyirlər ki, imkan tapan kimi baş qaldırsınlar…

Mənim bunlarla heç bir şəxsi davam yoxdur… Mənim əndişəm dövlətimin, gənclərimizin gələcəyi ilə bağlıdır. Biz bu dövləti ona görə qurmamışıq ki, Amerikanın, Avropanın və “Soros”un nökərləri gəlib əl qoysunlar… Bu vətən də, millət də bizimdir, onlar uğrunda ölmək də… Sizlər bunu anlaya bilməzsiniz.

Sevgili jurnalistlər, son sözüm sizədir. Məni sevməyə bilərsiniz, amma haqqımı yeməyin, çünki “qul haqqı yeyilməz”. Bu aralar “paralelçilər” yenə Azərbaycanda fəallaşıb, onlar haqqında gerçəkləri yazan yetim jurnalist Aqil Ələsgəri məhkəməyə verib, iki milyon manat istəyirlər… Yazıqlar hər kəsi öz arşınları ilə ölçürlər… Vətənsevərlərin HASEN və “paralelçilər”ə verəcək pulu yoxdur… Dövlətin pulunu bunlara xərcləyib, havaya sovurduğunuz kimi, bu dövləti qələmi ilə müdafiə edənləri də boğmağa çalışmayın. Zatən bir sürü satın aldığınız yazarlar var ki, dərisi beş para etməz. Aqil Ələsgər onlardan fərqli olaraq Dövlətini qarşılığında heç nə almadan müdafiə edir. Onlar isə bu dövlətin qaymağını yeyərək, onu yıxmaq istəyənlərin yanında yer alırlar… Çalışın, onlardan olmayın…

İnterpress.az

COP29