!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Deyirlər ki, xalq səni seçsə də, qutudan başqası çıxacaq” – İsmayıl Ağayevdən sensasiyalı müsahibə

!Reklam – Yazi

 

12122447_436897436500117_3418039794445586633_n60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayevin Yenicag.az-a müsahibəsi

– Deputatlığa namizədsiniz, artıq seçkinin son mərhələsinə yaxınlaşmışıq.  Ümumiyyətlə, təbliğat-təşviqat işləri necə gedir?

– Hesab edirəm ki, Azərbaycanda deputat olmaq şərəfli bir işdir. Ona görə ki, burada birmənalı şəkildə dövlətə, vətəndaşlara, xalqa xidmət var. Xalqın səsinin parlament və dünyaya çatdırılmasında deputatın üzərinə böyük bir yük düşür. Düşünürəm bu yükü çəkmək şərəfdir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, özümdə o gücü, qüvvəti tapdım.  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspora mərkəzinin rəhbəri olaraq, Dünya Azərbaycanlıları Konqresində təmsil olunan bir insan kimi artıq diaspor fəaliyyətindən parlament fəaliyyətinə keçməyi düşündüm. Buna əsasən də seçkilərdə namizədliyimi verdim.

– Təbliğat işləri necə gedir? Bölgə insanı ilə qaynayıb-qarışmaq baş tutdu, ya yox?

– Bölgə insanları mənə doğma insanlardır.  Bu insanlar deportasiya, zülm görmüş, uzun illər erməni təcavüzündən əziyyət çəkmiş insanlardır. Onların əksəriyyəti 1948-1953-ci illər arasında Qərbi Azərbaycandan deportasiya olunmuş insanlardır.  Daha çox hissəsi də yerli adamlardır.  20 ildən artıqdır, həmin bölgə ilə olan münasibətlərim, qaynayıb-qarışmağımız, valideyn və dostlarımın həmin bölgədə yaşaması fonunda belə hesab etdim ki, namizədlik şansımı məhz Salyan bölgəsindən sınayım.  Çünki burada bizi istəyən həddən artıq seçicilərimiz var.  Düşündüm ki, yanılmayacağam, elə də oldu. Xalqın mənə olan sevgi və məhəbbəti qısa zamanda qəsəbə və kəndlərə yayıldı.  Keçirdiyim görüşlərə könüllü olaraq yüzlərlə insanlar gəlir. Nəzərinizə çatdırım ki, Salyan-Əli Bayramlı və qəsəbə arası yollar  bərbad vəziyyətdədir.  Əli Bayramlıdan Salyana gedən yol sanki Stalinqrad döyüşündəki yolları xatırladır.  20 dəqiqəyə gediləsi yolu 3-4 saata getmək ancaq mümkün olur. Həmin yolu rayonun daxili imkanları hesabına yüngülvari olsa da düzəltmək mümkündür. Təki, millət vəkili bunu istəsin, həmin məsələ üzərində işləyib, özünü xalqın bir parçası hesab etsin. Həmin millət vəkili heç olmasa ayda bir dəfə bu gölməçəli yollarla getsəydi, problem onu da narahat edərdi.

– Axı yol çəkmək deputatın işi deyil? Bu icra hakimiyyətləri, müvafiq dövlət qurumları, bələdiyyələrin işidir.

– Məsələni, işıq, yol çəkmək deputatın işi deyil prizmasında qoysaq, onda sual yaranır, bəs deputatın işi nədən ibarətdir? Deputatin işi yol çəkmək işinin aid olduğu qurumları hərəkətə gətirməkdir. Ona görə də deputat gördüyü problemlərlə bağlı  müvafiq qurumlar qarşısında məsələ qaldırmalıdır.  Parlamentdə təmsil olunsam Salyan-Əli Bayramlı, Kürsəngi-Qarabağlı və qəsəbəarası  yollarla bağlı məsələnin həllinə nail olmaq üçün Nəqliyyat Nazirliyinin iş otağından kənara çəkilməzdim.  O ərazilərdə kifayət qədər torpaq sahəsi var ki, onlara bələdiyyələr sahibdir. Torpaq vergisindən bələdiyyələrə yığılan vəsaitlər kəndlərarası yolların təmir-tikintisinə sərf olunmalıdır.  Amma müşahidə aparıb gördük ki, bir qəsəbədə, bir məhəllədə belə ən azından qrabilin töküldüyü yol belə yoxdur. Yağışlar yağan kimi yarım metrlik palçıq əmələ gəlir və uşaqlar  dərsə getməkdə çətinlik çəkirlər. Bu qəsəbələrdə insanlar sanki ayaqqabı deyil, ancaq rezin çəkmə, qaloş geyinir. Belə yolların olmasına görədir ki, oradakı insanların üzündə bir bədbinlik vardır. Yaranmış vəziyyət heç də insanların ürəyincə deyil.  Baxmayaraq, bölgə sakinləri ölkə prezidentinin bölgələrin inkişafı yolunda atdığı addımları, keçirdiyi islahatları dəstəkləyir, ancaq onlar bununla yanaşı hesab edirlər ki, aydiyyatı qurumlar mövcud problemləri həll etməlidirlər. Bu fonda namizədlərin bir çoxu seçicilərə deputat olsa yolların düzələcəyini vəd edir. Amma problem həll olunmur, həmin deputat yenə gəlib eyni vədi verir. Belədə insanlarda belə bir fikir formalaşır ki, onların deputatı  ancaq bu yolun üzərində qalıb.  Qarabağlı kəndinin 10 mindən artıq əhalisi var.  Bu qədər əhalisi olan kənddə xəstəxana yoxdur. Xəstələr buradan müalicə almaq üçün Salyanın mərkəzinə iki saata qədər yol gedirlər. Onun qəsəbəyə çevrilməsi üçün məsələni parlamentdə qaldırmaq deputatın işi deyilmi?  Bütün bu məsələləri deməmək günahdır. Bu biabırçılığı, icra hakimiyyəti də, aidiyyatı olan qurumlar da, deputat da bilir.Sadəcə ölçü götürmək lazımdır.  Nəqliyyat naziri Ziya Məmmədov Nefçalada sakinlərlə görüşürdü. Qəbula yazılmışdım, təəssüf ki, məni çağırmadılar.  Orada ona Salyan-Əli Bayramlı yolu ilə bağlı  sual veriləndə dedi ki, 2016-cı ildə bu yol çəkiləcək. Eyni sözləri neçə illərdir eşidirik ki, problemin həlli növbəti ilin planına salınıb.  Belə də insanların da inamı itir.  Xalq ancaq cənab prezidentin əmrini gözləyir, ancaq onun sözünə inanır.  Başqa strukturlarda işləyən insanların dediklərinə isə artıq əhali inanmır.

– İsmayıl Ağayev Azərbaycanda kifayət qədər tanınan diaspora fəallarındandır.  Birdən-birə hər zaman xaricdə gördüyümüz İsmayıl Ağayevi indi Salyanda görürük.

– Uzun illərdir beynəlxalq səviyyətə qazandığım təcrübəni Azərbaycanda parlamentdə tətbiq etmək istəyirəm. Çex Respublikasında kənd və qəsəbələrdə gördüyüm infrastrukturun ölkəmizdə də olmasını istəyirəm. İsraildə bir hektar torpaqdan 50 ton kartof götürürlər. Bizdə isə 3-4 ton olur. İstərdim ki, həmin İsrail təcrübəsini ölkəmizə də tətbiq edək. Gənclərin iş yerləri tapması üçün Avropa təcrübəsinə istinad etmək istərdim. Çex Respublikasında reabilitasiya mərkəzləri var.  Xəstə, şikəst uşaqlara baxmaq çətin olur. Bu işlər ancaq dövlət qayğısı ilə həll olunur və orada da bu işləri bacaran təcrübəli insanlar işləyir. Ona görə qayğı göstərmək üçün bu sahənin ölkəmizdə də inkişaf etdirilməsi vacibdir.  Kimsəsiz uşaqların böyüdükdən sonra ordu quruculuğunda fəal iştirakını təmin etməliyik.  Avstriya ordusundakı zabit heyətinin əksəriyyəti məhz kimsəsiz uşaqların dövlət qayğısı ilə böyüdülərək oxudulması və hərbi strukturlarda onların yer alması ilə formalaşıb.  Bu kimi sosial layihələri ölkəmizdə də tətbiq etməliyik. Proqramımda da əsas yerləri məhz sosial məsələlərin həlli tutur.  Ölkəmizdə də elə şərait yaradılmalıdır ki, İsrail təcrübəsinin tətbiq edilməsi, oradan texnologiyaların gətirilməsi ilə fermerin məhsul əkməkdə maraqlı olmasına, ondan qazanc götürməkdə ümidli olmasına nail ola bilək.  Qarabağlı kəndində bir loqistika mərkəzi qurmaq mümkündür.

Bir hektardan 1-2 ton arpa alırıq, amma Kanadadan toxum gətirməklə 4-5 ton məhsul götürmək olar. İndilikdə isə Azərbaycan kəndlisi maya dəyəri baha başa gəldiyindən öz təsərrüfatında əkin-biçinlə məşğul ola bilmir. Belədə o öz torpağını daha böyük biznesmenə icarəyə verir, amma bunun müqabilində ilcə ondan ancaq 100-200 manat qazanc ala bilir.  Bu gün bir ay yaşamaq üçün 300 manat tələb olunduğu halda, 150-160 manata təqaüd alan vətəndaş  həmin vəsaitlə xərclərini necə ödəyə bilsin? Otlaq sahələri də zəbt olunduğundan kəndli mal, qoyun da saxlaya bilmir.  Bu ərazilərdə böyük bir süd-pendir zavodu tikilməlidir ki, vətəndaş südün litrini 30 qəpiyə deyil, 1.50 qəpiyə satsın və xərcləri qazancından artıq çıxmasın.  Bu istiqamətdə geniş təcrübəmiz və proqramımız var. Görüşlərimdə həmin proqramı seçicilərimin diqqətinə çatdırmışam.  Xalq da bunları yüksək səviyyədə qəbul edir. Mən bacarmadığm sözü demirəm, bunları deyirəmsə, deməli onları həyata keçirmək də iqtidarındayam.

– Fəzail Ağamalı artıq 10 ildir ki, siz namizəd olduğunuz dairənin deputatıdır.  İstər-istəməz həmin dairədəki insanlarla o adamın da müəyyən əlaqələri vardır.  Əsas alternativ  namizəd olduğunuz üçün mümkündür ki, sizin seçicilərlə görüşlərinizdə də ən azından təxribat xarakterli suallar yönləndirilsin. Qarşılaşırsınızmı, bu kimi təxribat xarakterli suallarla?

– Mən necə var elə də görsənirəm. Bütün çıxışlarımda, fəaliyyətimdə heç zaman  apponentlərimlə, bağlı  o cümlədən hazırkı deputat Fəzail Ağamalı haqqında birmənalı şəkildə etikadan kənar heç bir söz işlətməmişəm. Ancaq opponentlərim  bütövlükdə keçmişimi təhlil etməklə məşğuldur, həyatımın hansısa sahəsində baş vermiş hadisələri önə çıxarır, keçirdiyim görüşlərə qara yaxmaqla, təxribatla məşğul olan insanları göndərirlər. Bu hadisələrlə hər gün qarşılaşıram.  Bu kimi hərəkətlərlə bəzi opponentlərim sanki özlərinə divident qazanmaq istəyir. Düşünmürlər ki, bu hərəkətləri ancaq və ancaq onların öz ziyanına işləyəcək.  Xalq hər şeyi gözəl bilir, onlar bu insanlardan illərdir əhali üçün nə etmisən sualına cavab tələb edirlər. Görüşlərimə seçicilər məhəbbətlə gəlirlər. Bu görüşlərdə dövlətçilik və xalqın firavanlığına yönəlik dilimdən  səslənən fikirlər alqışlarla qarşılanır.  İnsanlar yeni fikir, yeni sifət görmək istəyir. Xalq eyni sözləri, eyni fikirləri, eyni adamları görməkdən artıq yorulub.  Qohumlarım deyir ki, belə davam etsə xalq səni dəstəkləsə də, belə görünür ki, qutudan yenə başqa ad çıxacaq.  Artıq insanların psixologiyasında bu düşüncə formalaşır. Gələn adam da platformasını, görəcəyi işləri danışmaq əvəzinə, ancaq qarşıdakı opponentini hədəf götürüb şantaj etməklə məşğuldur. Bölgədəki dövlət qurumlarında çalışanlar  da ayrı-ayrılıqda mənimlə olduqlarını bildirirlər, eyni zamanda  amma nə edək, tapşırıq var ki, belə olacaq  fikirlərini səsləndirirlər.

– Doğrudanmı hökumət üçün o qədər önəmlidir ki, mütləq həmin dairədən Fəzail Ağamalı seçilməlidir?

– Cənab prezidentin seçkilərlə bağlı çıxışlarını dinləmiş və dəfələrlə təhlil etmişəm. Bu insanlara cənab prezident etimad göstərərək bildirib ki,  yerlərdə vətənmdaşlarla işləsinlər. Amma həmin insanlar vətəndaşlarla işləmək, onlarla prezident, dövlət arasında məhəbbət körpüsü yaratmaq əvəzinə, ancaq şəxsi maraqlarını güdməklə məşğuldurlar.  Belədə son anda bütün bu insanların yükünü prezident çəkir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, seçilsəm heç bir zaman utandırıcı hərəkətlərə yol verməyəcəyəm.  Əksinə, hərəkətim, fəaliyyətimlə, davranışımla düşünürəm ki, dövlətimizə, xalqımıza, prezidentimizə  ancaq  başucalığı gətirə bilərəm.

– Oxucu üçün İsmayıl Ağayevin keçmişi də maraqlıdır, İsmayıl Ağayev kimdir?

– İsmayıl Ağayev bir vətən fədaisi, dövlətini sevən, şərəfli gənc həyatı boyu Azərbaycan torpaqlarının  müstəqilliyi uğrunda döyüşən, ərazi bütövlüyümüz uğrunda canından keçməyə hazır olan, bütün imkanlarını, varını, dövlətini dövlətçilik və bu Vətənə sərf edən bir əsgərdir. Ailəmiz deportasiyaya, soyqırıma 3 dəfə məruz qalıb.  Belə bir ağır vaxtda özünü vətəndaş hesab edən heç bir kəs kənarda qalmamalıdır.  Məni sevən insanlar  onların  haqq səsləri olmaları üçün mənə etibar edirlər. Düşünürəm ki, əldə etdiyim təcrübəmdən Azərbaycan xalqının daha da çiçəklənməsi, dövlətimizin güclənməsi üçün istifadə etsəm daha gözəl olar.

– İsmayıl Ağayevi tez-tez Avropanın müxtəlif təşkilatlarının önündə görürük. Onların Azərbaycanla bağlı çıxardıqları qərəzli qanun və bəyanatlara qarşı dəfələrlə etiraz mitinqləri, piketlər təşkil etmisiniz, onun önündə olmusunuz. Deputat seçiləcəyiniz təqdirdə adekvat reaksiyanı Avropa Parlamenti və digər Avropa təşkilatlarında da sərgiləyəcəksinizmi?  Yoxsa mandat aldıqdan sonra məsələ bitəcək?

– Millət və Vətən sevgisi, Vətənə, torpağa xidmət  hər məsələdən yüksəkdə duran bir məsələdir. Mandat isə bu məsələlərin həllinə nail olmaq üçün sadəcə bir vasitədir.  Avropa  Azərbaycana qarşı ikili standartdan yanaşır.  Avropanın erməni lobbisi tərəfindən idarə olunan gücləri ölkəmizi sevmir, Azərbaycanı özlərindən asılı hala salmaq istəyirlər. Azərbaycan prezidenti isə qətiyyətli mövqe nümayiş etdirərək, birmənalı şəkildə müstəqil dövlətin müstəqil siyasətini aparır.  Belə olan halda diaspora olaraq biz də  həmişə cənab prezidentin arxasındayıq.  Parlamentdə təmsil olunsam indikindən də artıq formada dövlətimə, xalqıma xidmət etmiş olaram. Çünki bu  halda söz demək imkanlarım  və qabiliyyətim daha da artacaq. Heç bir zaman heç bir qüvvə məni dövlətim, prezidentim və xalqımdan kənarda saxlaya bilməz.  Xalqıma xidmət etməkdən yorulmaram.

– Seçiləcəyiniz halda, digər fəaliyyətlərinizi dayandıracaqsınız?

– Seçilib-seçilməməyimdən asılı olmayaraq Beynəlxalq Diaspora Mərkəzinin fəaliyyəti davam edəcək, seçilməsəm bu qurumda fəaliyyətimi daha da gücləndirəcəyəm.  Amma son dövrlər topladığımız təcrübə, əldə etdiyimiz nailiyyətlərə söykənərək  və dövlətimizə dəstək olmaq üçün bu addımı atdım.  Azərbaycanın haqq səsinin dünyaya çatdırılnması vətəndaşlıq borcumdur.  Heç bir zaman Azərbaycan xalqı və dövlətindən üz çevirə bilmərəm, bu nə tərbiyyəmə, nə də apardığım ictimai-siyasi xəttə uyğun deyil.  Seçilmərəmsə yenə də birmənalı şəkildə Vətənimə, xalqıma xidmət etməkdə davam edəcəyəm.

– Son dönəmdə prezidentin sahibkarlarla bağlı müvafiq qərarları oldu.  Ardınca MTN və gömrüklə bağlı ölkəni silkələyən addımlar oldu. Bütün bunları keçmiş polis zabiti olaraq necə dəyərləndirirsiniz?

– Prezidentin iş adamlarının işinə yersiz müdaxilələr və onlara son qoymaqla bağlı dəfələrlə çıxışları olub. Amma təəssüf ki, buna baxmayaraq yerli icra strukturları və aydiyyatı dövlət qurumları həmin çıxışdan nəticə çıxartmaq əvəzinə, yenə də iş adamlarının üzərinə getməkdə davam edirdilər.  Yəni onlar prezidentin bu çağırışına qoşulmadılar.  Xızı rayonunda yanacaqdoldurma məntəsinə sahib idim.  Amma iki ilə yaxındır ki, həmin yanacaqdoldurma məntəqəsi işləmir. İcra hakimiyyəti  məhkəmə çəkişmələri ilə bizi işdən diksindirdi. Nəticədə bu obyekti bağladım.  Sonda prezident məcburiyyət qarşısında qalaraq iki il müddətinə sahibkarlıq subyektlərinin yoxlanılmasını dayandırmaq haqqında sərəncam verdi.  Azərbaycana 10 min manatadək gətirilən bütün malların gömrük rüsumundan azad edilməsi isə kiçik biznesin güclənməsinə şərait yaradacaq.  Ona görə də prezident tərəfindən atılan  bu addımlar alqışlanası bir məsələdir.  Prezident yenə də ortaya mövqe  qoyaraq,  yoxsul və orta təbəqənin yanında olduğunu göstərdi.  Azərbaycan dövlətinin təhlükəsizliyinə təminat verən bir qurumda  illərdir baş alıb gedən özbaşınalıq, güc strukturlarından öz şəxsi məqsədləri üçün istifadə edən insanların cəzalanması ölkə vətəndaşlarının ürəyincə oldu. Vətəndaşlar harınlamış məmurları qəbul etmir.  Prezident bu məsələdə də düzgün qərar verdi, vətəndaşla dövlət arasında bir körpü rolunu oynadı.  Qeyri-hökumət təşkilatları da Azərbaycan prezidenti ətrafında sıx birləşir, onu alqışlayır, dəstəkləyir və beynəlxalq arenada ölkəmizin imicinə vurulan bu zərbənin təmizlənməsi istiqamətində  bütün gücünü, varlığını qoyacaq.

Qeyd edim ki, həmin qurumda işləyən bəzi məmurlar bir çox dostumun əlindən əmlakını,  torpağını zorla, məhkəmə yolu ilə alıb. İnsanlar bu fonda ümidlə baxırdılar ki, prezident nə vaxtsa bu məsələyə qayıdacaq.  Sözün həqiqi mənasında mütəşəkkil cinayətkarlıq və banditizmə qarşı mübarizə aparan bir insan kimi istəməzdim ki, Azərbaycanın yetişdirdiyi sayılı generallar həbsdə qalsın. Ancaq təəssüf edirəm ki, onlar göstərilən etimadı ayaqları altına atdılar. Yəni zabit şərəfini özlərinin yüngül əməllərindən aşağıda tutdular.  Bu məni narahat etdi, sarsıtdı.  Ancaq maləsəf ki, bu günahları onlar özləri qazanmışdılar.  Sonda prezidentin məsələyə müdaxilə etməsindən başqa heç bir yol qalmamışdı.  Ona görə prezidenti atdığı bu qətiyyətli addımına görə də alqışlayıram.

– Bu fonda ölkədə təhlükəsizlik məsələsində bir boşluğun yarana biləcəyini düşünmürsünüzmü?

– İnanmıram ki, boşluq yaransın.  Bir hüquqşünas kimi deyə bilərəm ki, daxili işlər orqanları, xüsusi xidmət orqanları, Prezidentin Xüsusi Mühafizə İdarəsi, Milli Təhlükəsizlik Nazirliyinin  ayrı-ayrı sektorları, Müdafiə Nazirliyi strukturları çox güclüdür. Bir necə generalın işdən azad olunması və həbsi dövlətin bərkimiş sütununa heç bir ziyan vura bilməz. Bu strukturlar artlq formalaşıb, dövlətçilik möhkəmlənib, idarəetmə üsulları həddən artıq güclüdür.  Azərbaycanın güclü və milli çekistləri var. Onların fəaliyyəti nəticəsində bu çətinlikləri aradan qaldıracağıq. Ona görə də burada narahatçılığa əsas yoxdur.

– Millət vəkili seçilsəniz təhlükəsizliyimizlə bağlı hər hansı qanun layihəsi, təkliflərlə çıxış etmək barədə nə düşünürsünüz?

– Əsas xəttim məhz Azərbaycanın təhlükıəsizliyi, müdafiə və hücum məsələsidir.  Deputat seçilsəm özümü məhz bu məsələlərlə bağlı olan komissiyada görmək istərdim.  Ölkəmizin müdafiə və hücum xəttinin həyata keçməsi üçün həyatda və dünyada qazandığım praktika, təcrübə var. Parlamentdə vaxt gələndə bu praktika və təcrübəmi lazımı yerlərə təbii ki, çatdıracağam.

Elçin

Yenicag.az

 

www.yenicag.az

1182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv