Cümhuriyyətimizin fədailəri – “Kafirin gülləsi mənə dəyməz…”- Reportaj

1918-20-ci illərdə rus ordusunun Azərbaycanda törətdiyi qırğınlar ölkəmizin cənub bölgəsindən də yan keçməyib.

Astara rayon Pensər kəndində türk paşası Camal Yusuf bəy basdırılıb. Pensər kəndinin əvvəlki adı Bütəsər olub. 1930-cu ildən sonra kəndin adı dəyişdirilərək Pensər ediblər.

Astara rayon Pensər kəndindən yolumuzu salmağımızın səbəbi də Camal paşanın qəbrinin orada tapılmasıdır.

Yenicag.az Camal paşa haqqında hazırlanmış reportajı təqdim edir:

Cənubi Qafqazda baş verən hadisələr zamanı Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın əmri ilə Qafqaz İslam Ordusu yaradılaraq Qafqaz cəbhəsində döyüşməyə göndərilib. Qafqaz İslam Ordusu Birinci dünya müharibəsi zamanı bu cəbhədə döyüşərək Azərbaycanın müstəqil olmasında və erməni terrorçularından təmizlənməsində fəal iştirak edib. Ordunun rəhbəri Nuru Paşa olub. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusunun Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə sayı təqribən 20 minə çatıb. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərib.

Erməni və ruslar təkcə Bakıda yox, Azərbaycanın digər bölgələrində də qırğınlar törədib. Həmin yerlərdən biri də cənub bölgəsi olub. Qafqaz İslam Ordusuna cənub bölgəsində  komandan Camal paşa – Camal Yusuf bəy rəhbərlik edib.

1918-ci ilin mart soyqırımları vaxtı Lənkəran qəzasında 40-dan artıq kənd yandırılır, yüzlərlə dinc sakin qətlə yetirilir. Gərmətük kəndində bir gün ərzində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30 nəfər, Sütəmurdovda 20-dən çox, Girdəni kəndində 20-dək dinc sakin qətlə yetirilir.

Lənkəran qəzasında və ətrafda Şivkunovun və Əmiryanın törətdiyi qətliamların qarşısı Camal Yusufun Lənkərana gəlişi ilə alınır. Lənkəranda ciddi müqavimətlə qarşılaşan Şivkunovun dəstəsi və ermənilər gəmilərlə Astara istiqamətinə hərəkət ediblər. Camal Yusuf paşanın başçılıq etdiyi ordunun qərargahlarından biri Lənkaranda, biri isə Astarada Bütəsər kəndində olub. Rus və ermənilərin Astaranı gəmidən top atəşinə tutması xəbərini alan Camal Yusuf paşa ordusu ilə Bütəsər kəndinə gəlir.

Pensər kəndinin Xəzər dənizinə məsafəsi 2-3 km-dir. Erməni və rus hərbçilərin Lənkəran qəzası və Astaranın Xəzər dənizinə yaxın kəndlərini top atəşinə tutması erməni və rus hərbçilərinin son çırpınışları olur.

Camal Yusuf paşa və Hacı Osman Pensər kəndindən 2-3 km məsafədəki Kolatan kəndinə gedirlər. Bu zaman kəndə düşən top mərmilərindən biri Camal Yusuf paşa və Hacı Osmanın olduğu yerə düşür və yaralanırlar. Camal Yusuf paşanın son sözü  “Kafirin gülləsi mənə dəyməz…” olur. Bu cümləni deməsinə səbəb isə onların yerinin düşmənə satılması olur.

Camal Yusuf paşanın silahdaşı və türk ordusuna maddi-mənəvi yardım edən Hacı Osman haqqında nəvəsi Pensər kənd sakini Mürsəlov İntizar məlumat verir. O, babası Hacı Teymur Mürsəl oğlunun 1986-cı ildə tikdirdiyi məscidin ikinci imamıdır.

İntizar Mürsəlov bildirir ki, babası Hacı Osman kəndin xeyriyyəçisi olub:

“Hacı Teymur öz puluna kənddəki məscidi tikdirib. Həmçinin, 1912-ci ildə o, öz şəxsi vəsaiti ilə Astarada ilk orta məktəbi tikdirib. Məktəb hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb. Hacı Osman da son sözündə bildirir ki, məni silahdaşım, dostum Camal paşa ilə bir yerdə atamın tikdirdiyi məscidin həyətində dəfn edin”.

Yaralanan Camal Yusuf paşa ilə Hacı Osmanı at arabası ilə başqa bir kəndə aparırlar. 2-3 gün onların meyitlərini gizlədirlər. Ara sakitləşdikdən sonra Hacı Osmanın qohumları Pənsər kəndinin həyətində qəbir qazıb, qəbiri kərpiclə hörərək ikisini də tabuta qoyub basdırırlar. Sovet höküməti qurulandan sonra ruslar məscidin ərazisindəki köhnə qəbirsanlığı dağıdır və burada ölüləri dəfn etməyi qadağan edirlər. Camal Yusuf paşa və Hacı Osmanın qəbirlərinin olduğu yeri isə zibillik edirlər. Hacı Osmanın övladları dövlət düşməni elan edilir və Hacı Osmana məxsus evlər yandırılır. HacıTeymurun tikdirdiyi məscid isə kalxozun ambarı kimi istifadə olunur.

Azərbaycan dövləti müstəqil olduqdan sonra Hacı Osmanın qohumları qəbirlərin üstünün açılmasına qərar verir:

“2000-ci ildən sonra Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etdik. O dövrün canlı şahidi molla Rəhim 2005-ci ildə 125 yaşında rəhmətə gedib, o deyirdi ki, Camal paşanın və Hacı Osmanın qəbirləri məscidin gümbəzindən 30 metr irəlidədir. Qəbirlərin yerləri bilinməsin deyə üstündə adları yazılmayıb, sadəcə dağdan gətirilmiş bir daşda işarə qoyulub. Onun dediyinə görə, gümbəzdən 30 metr irəlini qazsaq, orada iki nəfərin – Hacı Osmanın və Camal paşanın qəbirlərini tapacağıq. Daşın üzərində 5 guşəli ulduz, aypara, arxa hissəsində isə rütbəsi – polkovnik işarəsi olub. 2 dekabr 2016-cı il tarixdə səfirliyin vəsaiti hesabına hər iki məzar bərpa edilib və ətrafında Azərbaycanla Türkiyənin bayraqları ucaldılıb”.

 Qəbirlərin gizlədilməsinə gəldikdə isə, İntizar Mürsəlov qeyd edib ki:

“Heç kim onların adlarını çəkə bilməzdi. Ona görə də, buranı zibilliyə çevirdilər. Qəbirlərin üstündə uzun illər heyvanlar otlayıb”.

Bu qəbirlərin ətrafında çoxlu sayda qəbirlər var və demək olar ki, hamısı torpağa qarışıb. Yalnız daşlardan bilmək olur ki, yeridiyimiz yerin altında qəbirlər var. Ehtimal olunur ki, orada Camal Yusuf bəylə yanaşı başqa türk əsgərləri də dəfn olunub. Türk əsgərlərinin qəbirlərinin Pənsər kəndindən başqa qonşu kəndlərdə və dağlarda da olduğu deyilir. Ancaq qəbirlər tanınmaz halda olduğundan onların kimə məxsus olduğu bilinmir.

Çar Rusiyası Camal paşanı sağ ələ keçirmək istəyib və uzun zaman onun axtarışında olub. Camal paşa və silahdaşı Hacı Osman satqınlıq nəticəsində düşmən tərəfindən öldürülüblər.

2015-ci ildə qəbirlərin yerinin tapılması və bərpası zamanı Hacı Osmanın qəbri çöküb. Bu zaman qəbirlərə baxış keçirilir və orada yan-yana iki nəfərin tabutunun da dəfn olunduğu görülür.

Qəbirlərin bərpası zamanı Camal paşanın qəbrinin üzərində qoyulan işarəli daş hələ də yerində qalır. Araşdırmalar zamanı Camal paşa kimi tanınan şəxsin arxivlərdə adı Camal Yusuf bəy olub.

Camal paşanın qəbrinin tapılması ilə bağlı Türkiyə dövləti araşdırmalar aparır və türk zabitinin, onun silahdaşı Hacı Osmanın qəbrinin üzərində 2016-cı il 12 dekabrda abidə ucaldılıb.

Səxavət Məmməd

 

COP29