!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Özünü tankın altına ataraq düşməni məhv edib, şəhid oldu" - Polkovnik Qurbanovla MÜSAHİBƏ

!Reklam – Yazi

Qarabağ müharibəsi ilə bağlı silsilə yazılara davam edirik.

Beyləqan, Ağcabədi, Xocavənd istiqamətinin müdafiəsinə Lənkəran batalyonu adı ilə tanınan 704 saylı hərbi hissə cavabdeh olub.

Həmin istiqamətdə gedən döyüşləri, qaranlıq qalan məsələlərlə bağlı suallarımızı o dövrdə 704 saylı hərbi hissə komandiri vəzifəsini icra etmiş, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş, ehtiyatda olan polkovnik Əjdər Qurbanov cavablandırıb.

Yenicag.az Əjdər Qurbanovla müsahibəni sizə təqdim edir:

Qısa arayış:

Qurbanov Əjdər Məmməd oğlu 1962-ci ildə Astara rayon Seləkəran kəndində anadan olub. 1984-cü ildə Bakı Ali Ümumdiviziyon Komandirlər məktəbini bitirib və 40 illik hərb xidmətinin 8 ilini Sovet ordusunda Hava Desant Qoşunlarında keçirib. 1992-ci ildə Azərbaycana, Gəncə Hava Desant Dviziyasına gəlib. 1992-ci ilin avqustun 5-də Elburus Orucovun komandiri olduğu 704 saylı hərbi hissədə Əlahiddə Motaatıcı Taborun komandiri olub. 1992-ci ilin sentyabrına qədər Pirəbulaq istiqamətində döyüşüb. 1993-cü ilin yaz, yay və payız aylarında 704 saylı hərbi hissənin cəbhə bölgəsindəki qüvvələrinin komandiri vəzifəsini icra edib. 2015-ci il yanvar ayının 16-da Müdafiə Nazirliyi Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsini icra edərkən səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olub. 1993-cü ildə Beyləqan döyüşlərinə görə Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

– Sovet ordusunda Hava Desant Qoşunlarında (mavi beretlər) xidmət edirdiniz. Sizin xidmət etdiyiniz sahə elə idi ki, Azərbaycan ordusunda belə qoşun növü yox idi.

– Bu gün də yoxdur.

– Gəldiniz Gəncəyə.

– Hava -Desant Qoşunları komandanının müavini general-mayor Çindarova müraciət etdim ki, məni Azərbaycana köçürsünlər. Aprel ayında gəldim Gəncə şəhərinə. 2 gün sonra Gəncə şəhər icra hakimiyyətinin Vahid adlı hərbi məsələlər üzrə müavini vardı. Ona dedim ki, Azərbaycan ordusunda xidmət etmək istəyirəm. Cavabı belə oldu: “Siz gözləyin, biz sizə məlumat verəcəyik”. Ondan bir səs çıxmadı. Bir müddət sonra Gəncəyə Hava- Desant Qoşunları Komandanının müavini general- mayor Zimin gəldi. O məni qulluq etdiyim 224-cü təlim mərkəzindən tanıyırdı. Hava- Desant Qoşunları üçün çavuşlar hazırlayırdıq. Ona müraciət edib, icazə istədim: “Öz ordumda xidmət etmək istəyirəm”.  ” Onların saqqalına bir bax”,- dedi. “Onların saqqalını kimsə qırxmalıdır axı…” cavabım xoşuna gəldi.  104-cü Hava-Desant Diviziyasının komandiri general- mayor Şerbaka tapşırdı ki, onu burax getsin, onsuz da saxlaya bilməzsən.  Bildirdim ki, mənə fərari verməyin, istənilən bir maddə ilə tərxis edin, ancaq mən zabitəm. Zimin Şerbaka göstəriş verdi ki, sənədlərimi hazırlayıb tərxisə göndərsinlər. 23-cü Diviziyanın qərargahına getdim. Orada polkovnik-leytenant vardı. Soyadı, səhv etmirəmsə, Babaxanov idi. Ona müraciət etdim. Mənə dedi ki, səni tağım komandiri göndərə bilərik. Mənim isə Sovet ordusunda vəzifəm bölük komandirinin müavini, hava- desant hazırlığı üzrə təlimatçı idim.

Gördüm alınmayacaq Astaraya, evimizə gəldim. Atam II Dünya müharibəsinin I qrup əlili idi. Tank taborunun komandiri olmuşdu, rütbəsi mayor idi. Dedi ki, Astaradakı hərbi hissəyə zabitlər gəlib, polkovnik Elbrus Orucov başda olmaqla Astara şəhərciyini təhvil alırlar. Şəhərciyə gəldim və Elbrus Orucovla görüşdüm. Məni həmin, 742 saylı hərbi hissəyə komandir təyin etdi. Ondan sonra çağırışçılar gəldi. Vətəni könüllə qorumazlar, əlinə silah aldın ümumqoşun və döyüş nizamnamələri sənin üçün qanun olmalıdır, bu könüllülərə də aiddir. Mənə şəxsi heyət verdilər, Elbrus Orucov dedi ki, sənin işinə qarışmıram, 1 aya batalyonu döyüşə hazırlamalısan. Elə alındı ki, 20 gün sonra batalyon Ağdama çıxmalı oldu. Döyüş yolumuz Pirəbulaqdan başladı. İlk Qarakəndə hücum etdik.

– Yeri gəlmişkən, Qarakənddəki Ana heykəlinin vurulmaması ilə bağlı çoxlu fikirlər var, ancaq məntiqli bir cavab hələ də yoxdur.

– Qarakənddəki “Ana” heykəlini özümüz vurdurmurduq. Çünki, o heykəl bölmələri və atəşi idarə etmək üçün istiqamətverici idi. Artileriya atəşini o heykəl vasitəsi ilə nizamlayırdıq. Oktyabrın 2-də Beyləqan batalyonu Əmralılar, Muğanlı, Kurapatkini müdafiə edirdi. Onlar bizim sol cinahımızda idi. Düşmən hücumuna tab gətirə bilmirdi. Onların köməyinə 2 MİQ 24 helikoteri gəldi, erməniləri vurmağa başladı. Lakin onlar geri çəkildilər. Oktyabrın 6-da əmr verildi ki, mövqeləri 708 saylı hərbi hissəyə təhvil verək. Təhvil verdikdən sonra Astaraya qayıtdıq. Astarada olanda mənə Dağ Şığıcı tabor hazırlamağı həvalə etdilər. Çuxanlıdan bir tabor gəldi. Onun da komandiri bizim çox hörmətli döyüşçü yoldaşımız Ağayev Hikmət idi. Hazırda ehtiyatda olan polkovnikdir. O taboru Astara dağ təlim mərkəzində hazırladıq. Sonradan 704-saylı briqadanı Çuxanlıdan Lənkəran şəhərinə köçürdülər və 820 saylı Lənkəran diviziyası ilə birləşdirdilər. 1993-cü il fevral ayının 9-u gecə saat 1-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Nurəddin Sadıqov şəxsən özü mənə zəng elədi. Həmin vaxt 704-saylı briqadanın komandiri polkovnik İsa Qasımov idi. O da həmin anda mənim iş otağıma gəlib çıxdı. General-leytenant Nurəddin Sadıqov mənə dedi ki, taboru öz vasitələrinlə Ağcabədi istiqamətinə çıxart. Əlavə elədi ki, cəbhədə vəziyyət gərgindir, ermənilər Ağcabədini götürə bilər. Fevralın 9-u səhər saat 9 radələrində Ağcəbədiyə gəlib çatdıq. Meşə Təsərrüfat İdarəsində 704 saylı hərbi hissənin qərargahı yerləşirdi.

O vaxt bu hərbi hissənin döyüş bölgəsində olan hissələrinə polkovnik-leytenant Hacıyev Mikayıl rəhbərlik edirdi. O, bizə mövqelərimizi göstərdi. Mövqelərimizi tutduqdan sonra səngər qazmağa başladıq. Təsəvvür edin, hamı bizə təəccüblə baxırdı. Könüllü gələnlər soruşurdu ki, niyə səngər qazırsınız? Dedim, müdafiə olunmaq üçün əvvəl səngər olmalıdır. Onlar etiraz etdi ki, biz qabağa gedəcəyik. Başa saldım ki, qabaqda idiniz də, niyə bura gəlmisiniz? Əmr elədim lapatkaları çıxardılar, səngər qazmağa başladılar. Bizim o istiqamətdə döyüş yolumuz fevral ayının 9-dan başladı. Elə alındı ki, yazın əvvələrində hərbi hissə komandiri Mikayıl Hacıyev Lənkərana getdi.

– Mikayıl Hacıyev Lənkərana getməmişdən əvvəl Şişqaya əməliyyatı olub.

– Şişqaya əməliyyatı Mikayıl Hacıyevin təklifi ilə hazırlandı. Qərar qəbul olundu ki, şığıyıcı dəstə hücuma keçəcək. O dəstəyə plemyotçuları, snayperləri və qumbaraatanları mən verdim, əksəriyyəti isə Beyləqan batalyonundan idi. Şığıyıcı dəstə Şişqayanı götürdü və geri qayıtdılar. Bəziləri deyir ki, Beyləqan batalyonuna 704 saylı hərbi hissə kömək etmədi. Onların xahişi ilə əməliyyatdan qabaq “Qrad “qurğusu onların taborunun mövqeyində yerləşdirildi. Orada 340.0 yüksəkliyi var, “Qrad” qurğusu həmin yüksəkliyin arxasına yerləşdirildi. “Qradın” komandiri baş gizir Abdullayev Miramin idi.

Qradı orada yerləşdirəndə Mikayıl Hacıyevə dedim ki, olmaz, Qradın qalxma bucağı imkan vermir Şişqayanı atəşə tutmağa. Qradı geri çəkmək lazımdır. Beyləqan batalonunun komandiri dedi ki, bura yaxındır. Qısası mənim sözümə qulaq asmadılar. Onları “Qrad” qurğusu dəstəkləyirdi, üstəgəl 5 topdan ibarət Məhərrəm İsmayılovun (1996-cı ildə infarktdan rəhmətə gedib) batareyası dəstəkləyirdi. Xocavənddən də Şişqayaya gələn yolu Ağayev Namiqin tank əlehinə batareyasının 4 ədəd MT-12 topu vururdu. Peşəkar hərbçi olmayanlar əməliyyatdan elə danışır ki, adamın gülməyi gəlir. Deyirlər, həmin əməliyyatdan iki gün sonra Astara batalyonu Şişqayaya hücum edib. Astara batalyonu nə iki gün sonra, nə iki ay sonra oraya hücum etməyib. Edib, ancaq başqa vaxt, bu barədə danışacağam.

– Füzuli rayonu işğal edildikdən sonra ermənilər Şvartu dərəsi ilə hücuma keçib. Bu barədə danışardınız.

– Doğrudur. Füzuli rayonu işğal edildikdən sonra ermənilər Şvartu dərəsi ilə arxamıza keçdilər. Beyləqan batalyonu Şvartudan yuxarıda idi. Birinci döyüş günü ermənilər 6 tankla gəldi. Onları Qrad atəşi ilə geri oturtduq. Beylaqan batalyonunda 1 ədəd MT 12 topu var idi. Onlar da o topdan atırdılar. Erməniləri geri oturdandan sonra bildim ki, ermənilər yenə gələcəklər. Dərəni bağlamaq üçün 2 ədəd D 30 topu, 1 ədəd MT-12 topu və Qradı da oraya yaxın çəkdim. Elə də oldu, ermənilər yenidən hücuma keçdilər. Ancaq onları geri qaytardıq. Orada tank taborunun qərargah rəisi Mehman Qafarov şəhid oldu. Verdiyev Sakit Tank taborunun komandiri idi. Beyləqan batalyonuna Mikayıl Hacıyev BMP 2 vermişdi. Hər dəfə deyirdim ki, texnikaları paylamaqdansa, hamısını bir yerə yığmaq lazımdır. Hərb elmində belə bir bölmə var: ərazi böyük olduqda, atəşlə manevr etmək və atəşi kiməsə çatdırmaq üçün zirehli qruplar yaradılır. Ancaq taborların çoxu deyirdi ki, yanımızda tank, BMP olmasa biz verilən ərazidə durmayacağıq.

Erməniləri geri oturduqdan sonra, Şvartu dərəsini bağlamaq üçün orada ferma vardı, fermadan solda isə 179 nömrəli yüksəkliyi, Beyləqan batalyonunu orada yerləşdirdik. Sentyabrda Ermənilər onların sol cinahından hücum etdilər, onlar geri çəkildilər. Mənim qərargah rəisim kapitan Abışov Şəmsəddin və müavinim leytenant Elçin Kərimov ehtiyatla cinahdan ermənilərə hücum etdi. Ermənilər hücuma tab gətirməyərək, tutduqları yeri tərk etdilər. Həmin ərazi boş qaldığı üçün polkovnik Məhərrəm Cahangirovun qərarı ilə (Məhərrəm Cahangirov Qarabağ cəbhəsi komandanının döyüş əməliyyatları üzrə müavini olub) 181 saylı hərbi hissə bu boşluğu doldurdu.

Oktyabr ayının ortalarında Müdafiə Nazirliyindən əmr gəldi ki, 179-la 223(Ağdaş) yüksəkliyi bizim cavabdehliyə verilsin. Əvvəl ora 741 saylı Prişib batalyonu yerləşdirilmişdi. Astara batalyonu, Prişib batalyonu deyirlər, ancaq orada Azərbaycanın hər yerindən zabitlər, əsgərlər xidmət edirdi, döyüşürdülər.

– Çoxları bəlkə də bilmir, ancaq Beyləqan uğrunda da çox ciddi döyüşlər gedib.

– Bəli. Beyləqan uğrunda ciddi döyüşlər gedirdi. Beyləqanın qorunmasında 704 və 181 saylı hərbi hissənin çox böyük rolu olub. 181 saylı hərbi hissədən solda 777,706 saylı hərbi hissələr, Daxili qoşunlar döyüşüb.

Füzuli işğal olunandan sonra ermənilər Qarqulu təpəsində oturmuşdular. Biz əməliyyatları davam elətdirdik. Ermənilər Beyləqanı atəşə tutdular. Bizə əmr gəldi ki, imkan verməyin Beyləqan atəşə tutulsun, irəli gedin. Biz irəli gedib Qarqulu təpəsini götürdük. Şişqayanı Astara batalyonu 1994-cü il yanvar ayının 26-da götürüb. Oradan bir əsir də gətirdilər, adı Arsen idi. Astara batalyonu Şişqayaya sızıb qalxmışdı.

Orada bələdçilik edən rəhmətlik Vahid Abdullayev idi. Onun oğlu Namik Abdullayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Sağ və sol cinah döyüş tapşırığını yerinə yetirmədiyi üçün Astara batalyonu orada mühasirəyə düşdü. Mühasirədən çıxmaq üçün tank taborunun komandiri kapitan Verdiyev Sakitə əmr verdim ki, qoyma koridor bağlansın. Tankların atəşi ilə əsgərləri koridorla çıxardıq. Astara batalyonu həmin əməliyyatda 22 şəhid verdi.

– Özünü müdafiə batalyonların komandirlərinin bir çoxu ilə söhbət etmişik, ancaq heç vaxt indi deyəcəyim məsələni işıqlandırmamışam. Məsələn, bir batalyonun şəxsi heyətinin sayı sənəddə yüzdən çox olub, ancaq posta az sayda hərbçi çıxıb. Peşəkar zabit kimi bu barədə danışmağınızı istəyirəm.

– (Gülür) Dəfələrlə öz şahidi olmuşam, şəxsi heyətin siyahısında bir neçə yüz adam yazırdılar, posta baxanda 50-60 nəfər görürdük. Çoxları da gecə evində yatırdı. Elə bil idarədə işə gəlirdilər. O batalyonlara tank verilirdi, onların tankla toya getdiyinin şahidi olmuşuq. Təsəvvür edin, Pirəvbulaqda döyüşürdük. Qərargaha gəlirdim, gördüm bizim mövqelərdən 5 kilometr arxada 1 ədəd BMP -1 durub, üstündə də 6-7 saqqalı. Deyirəm kimsiniz? Dedilər, burada post qurmuşuq. Dedim, postu gəlin erməni ilə üzbəüz qurun, burada erməni yoxdur axı.

– 704 saylı hərbi hissənin 2 dəfə geriyə çəkilməsi deyilir. Bunlar həqiqətdir?

– Füzuli rayonu işğal edildikdən sonra bizim sol cinahımız tam boş idi. O vaxt Şvartsu dərəsi istiqamətində 179 saylı yüksəkliyə Beyləqan batalyonu çəkdik, bu taktiki gediş idi. Məhərrəm Cahangirov sağdır. O vaxt dedi ki, irəli gedək. Dedim ki, cənab polkovnik gedək Qarabağ cəbhəsinin qərargah rəisi general-mayor Nəcməddin Sadıqovun yanına, baxsın mənim xəritəmə rəy versin. O vaxt general-mayor Nəcməddin Sadıqov Beyləqanda qonaq evində idi. Mənə dedi xəritəni aç. Xəritəni açdım, bildirdi ki, kombriq, belə də dur, tərpənmə, sol cinah Füzuli tərəfdən asfalta qədər boşdur. İrəli getsən, mühasirəyə düşəcəksən. Ermənilərin Ağburunu bizim geriyə çəkildiyimizə görə tutduqlarını deyirlər. Həmin Ağburunu oktyabrın əvvəlində itkisiz geriyə qaytardım.

– Tərkisilah məsələsinə gələk.

– 704 saylı hərbi hissənin komandiri polkovnik Bayramovun əmri ilə hərbi hissədən döyüş bölgəsini tərk etmiş Beyləqan Ərazi Özünü Müdafiə Batalyonuna verilən silahlar yığılmalı idi. O batalyona bir neçə əsgərlə getmişəm. Batalyonun qalıqları Beyləqan avtovağzalının yaxınlığında hərbi polisin binası deyilən yerdə yerləşmişdi. Silahları odun qalağı kimi bir otağa yığmışdılar. Silahların təhvil verilməsi əmrini etdim. 4 əsgər silahları yığıb gətirib RAS xidməti rəisi leytenant Sücayevə təhvil verdik. Bəziləri indi deyir, vətən uğrunda canımı verərdim. Verərdilər, niyə vermədilər? Ondan gözəl şans var idi? 831 sayli Ağcabədi ərazi özünü müdafiə batalyonunun könüllü döyüşçüsü Azərbaycanın Milli Qəhrəmani Etibar İsmayılov geri çəkilmədi, özünü düşmən tankının altına ataraq şəhid oldu, amma düşməni də məhv etdi. Bu gün əsl könüllü döyüşçülər özlərini reklam etmirlər, lakin döyüşlərdə onların arxasında gizlənənlər döyüşdən danışırlar.

– Sizə Azərbaycan bayrağı ordeni hansı xidmətinizə görə verildi?

– 1993-cü il dekabrın 9-da Mikayıl Bayramov dedi:”Müavinim Hüseyn Qasımovu göndərdim Prişibə, özüm də gedirəm Bakıya. Mənim yerimdə isə arxa cəbhə üzrə müavinim polkovnik- leytenant Səmədzadə qalır”. Səmədzadə etiraz elədi: “Mən “zampatılam”, mən hara komandir olmaq hara? Əjdər buradadır, komandir o olsun”. Bayramov dedi ki, sən mənim müavinimsən, rütbəcə də böyüksən, komandirəvəzi sən olacaqsan. Bir gün sonra, dekabrın 10-da, kəşfiyyatçılar məruzə elədilər ki, Binəqədi Batalyonunun sol cinahında döyüş gedir və onlar geri qaçır. Ədalət naminə qeyd etməliyəm ki, Binəqədi batalyonunun sağ cinahı öz mövqeyini tərk etmədi. Onlara tapşırıq verdim ki, tez araşdırıb, mənə məruzə etsinlər. Tabor komandirlərinə ratsiya ilə çıxdım və dedim ki, briqada komandiri mənəm, Səmədzadə “zampatıl”dı. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Həmin anda Səmədzadə çiynində qumbaraatanla gəldi.

Dedim, cənab polkovnik (Məndən yaşca böyük olduğu üçün hörmət əlaməti olaraq polkovnik kimi müraciət edirdim) bu nədir? Dedi, gedirəm önə, bir erməni tankı vuram, ölsəm də elə ölüm. Briqada komandiri olmaq mənlik deyil. Dedim, narahat olmayın, bütün məsuliyyəti öz üzərimə götürmüşəm. Heydər Əliyev o zaman bilmişdi ki, komandanlıq məndə olub. Ona görə də, məni “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdi. Heydər Əliyev Beyləqana gələndə Elbrus Orucovdan soruşub ki, atışma səsi yaxından gəlir. Erməni cəbhəni yarıb gələ bilməz? Elbrus Orucov deyib, orada kapitan Qurbanov var, mümkün deyil. Bu söhbəti mənə general Elbrus Orucov bu yaxınlarda danışıb.

– Biz Qarabağ müharibəsini niyə uduzduq? Peşəkar hərbçi kimi fikriniz maraqlıdır. 

– Vahid komandanlığa tabeçilik olmadı. Özünü müdafiə batalyonları Müdafiə Nazirliyinə tabe olmurdu. Gəlin belə bir misal çəkim. Bir rayonu bir briqada müdafiə edir. Həmin briqadanın tərkibində 2-3 yerli Özünü Müdafiə Batalyonu var. Briqadanın 70%-i sağdır, ancaq rayon işğal olub. Belə ola bilərmi? Briqada döyüş qabiliyətini o zaman itirə bilər ki, onun 50%-dən çoxu şəhid olsun, ya da yaralansın, sıradan çıxsın. Ola bilərmi ki, briqada döyüş qabiliyətli olsun, ancaq rayon işğal edilsin? Demək, lazım olduğu kimi döyüşməyiblər.

Beyləqan- Ağcabədi zonasına gələndə hərbçi kimi taborun müdafiə olunması üçün səngər qazdırdım. Arxada ikinci səngər qazdırdım. Təpəni təlim mərkəzi elədim. Təlimlər keçirdim. Əsgər təkcə səngərdə oturub gözləməli deyil. Hərb elmi elə şeydir ki, daim təkminləşməli, təlim olmalıdır.

– Sizin briqadanın adı bir məsələyə görə neqativ hallanır – Əlikram Hümbətovun etdiyini nəzərdə tuturam.

– Birincisi, qeyd etmək istəyirəm ki, 1993-cü il Gəncədə hərbi kollegiyada müdafiə naziri vəzifəsinin icra edən Səfər Əbiyevə demişəm, 704 heç vaxt Əlikram Hümbətova qoşulmayıb. Əlikram Hümbətovun ətrafında toplananlar onun keçmiş könüllülələri və ona sadiq olan bir neçə hərbçi idi. Həmin vaxt polkovnik- leytenant Mikayıl Hacıyev briqada komandirinin vəzifələrini icra edirdi və Lənkəranda idi. Mikayıl Hacıyev 704 demək deyil, 50 nəfər 704 demək deyil.

Əlikram məsələsindən sonra yayda Zaur Rzayev bizi müşavirəyə yığdı. Artıq Ağdam işğal edilmişdi. Ağdamda döyüşən 708 saylı hərbi hissənin də komandiri Talib Məmmədov idi. Sənin sözündə həqiqət var, bizi elə qələmə vermişdilər ki, 704 “Talış Muğan Respubilkası” yaradıb. Hətta Heydər Əliyevə də belə məlumat vermişdilər. Bizə Müdafiə Nazirliyi, korpus komandiri mərmi vermirdi. Mənim tanklarımdan 3 mərmi, Qradda 20, D 30 toplarında 2-3 mərmi qalmışdı. Zaur Rzayevə müraciət etdim ki, Ağdam gedib, mənim mərmim yoxdur. Mənə mərmi verin. Adını demək istəmirəm, bir nəfər dedi ki, Əlikram Hümbətov mərmi versin bunlara.

Bunu deyəndə Talib Məmmədov yerdən qayıtdı ki, danışığına fikir ver, Beyləqan, Ağcabədini Əlikram Hümbətov qoruyur? Bizə mərmi vermədilər. İyul ayının əvvəlində Gəncə şəhərində hərbi kollegiya oldu. Onda Sürət Hüseynovu Heydər Əliyev müvəqqəti olaraq Ali baş komandan təyin etmişdi, baş nazir idi. Səfər Əbiyev Müdafiə Nazirinin vəzifəsinin icraçısı idi. Dadaş Rzayevlə, Nurəddin Sadıqovu kənarlaşdırmışdılar. Surət Hüseynov kollegiyada soruşdu kimin sualı var? Dedim, mənim. Mənim qabağımda Zail Rzayev və Nəcməddin Sadıqov oturmuşdu. Dedim mənim sualım cənab nazir Səfər Əbiyevədir. “Cənab nazir, siz televizora baxırsınız?”sualıma cavabı “Bəli, baxıram” oldu. Onda Səfər Əbiyev Azərbaycan dilində zəif danışırdı.

Soruşdum ki, “Heydər Əliyevə kim məruzə edib ki, “talışlar cəbhədən qaçıblar, 704 cəbhədə yoxdur, gedib Əlikram Hümbətovu qoruyur”?” Dillənmədi. Davam etdim: “Siz görmürsünüz ki, Ağdam gedib, Beyləqan, Ağcabədini kim, hansı briqada qoruyur ? 704-ün komandiri mənəm”. Bildirdi ki, mənə belə məruzə ediblər. Yenidən soruşdum: “Kim? Sizə məruzə edən cəbhə komandanı və ya onun qərargah rəisi ola bilər”. Səfər Əbiyev dillənmədi. Dedim, həmin şəxslər buradadır. Onlardan soruşun. Sonra davam edərək bildirdim ki, Müdafiə Nazirliyi əlindən gələni edir ki, 704 həqiqətən cəbhədən qaçıb getsin: “Siz Heydər Əliyevə yalan məlumat vermisiniz, Milli Məclisdə danışırlar ki, talışlar cəbhədə yoxdur, gediblər Əlikramın yanına. Bundan başqa 704-ü Beyləqan, Ağcabədidən qovmaq üçün 4 aydır maaş vermirsiniz”.

O dedi ki, sizin maliyə rəisiniz gəlmir. Etiraz etdim ki, maliyə xidmət rəisi kapitan Rəhimov Şəmil dəfələrlə gəlib. Onu qovurlar ki, get sizə Əlikram Hümbətov maaş versin. Dedi, mən araşdıracağam. Hirslə “araşdırmaq lazım deyil, Heydər Əliyevə məruzə edin ki, 704 cəbhədədir və biz Əlikram Hümbətova tabe deyilik. Əlikram Hümbətovun başına onun könüllüləri və bir neçə şəxs yığışıb, 704 Azərbaycan ordusunun hərbi hissələrindən biridir, döyüş tapşırığını yerinə yetirib və axıra kimi də yerinə yetirəcək”,- deyə cavab verdim.

Həqiqətən də 704-ün zabit və əsgərləri mənə etiraz edirdilər. Deyirdilər, hər yerdə deyirlər biz cəbhədə yoxuq, biz şəhid olsaq, yaralansaq kim bizə pensiya verəcək, ailələrimizə yiyə duracaq?

Hərbi kollegiyadan çıxdıqdan sonra gəlib zabit və əsgərləri yığdım. Dedim ki, hər şeyi məruzə etmişəm, rəhbərlik bilir ki, 704 burada döyüşür. 1 sutka ərzində xəbər çıxmadı. Sonra gəldim Ağcabədinin icra başçısı Saday müəllimin yanına. Ona vəziyyəti izah etdim. Ondan poçt müdirini çağırmağını istədim. Heydər Əliyevə teleqram vurdurdum. Teleqramda bildirdim ki, biz qaçmamışıq. Biz Əlikramın ətrafında yığışmamışıq. Ağcabədi və Beyləqanda tapşırıqları yerinə yetirib, rayonları qoruyuruq. Axıra kimi də qoruyacağıq. Daha sonra ratsiya ilə bütün komandirləri yığdım, dedim, kimdə radio varsa açsın, əsgərləri başınıza yığın, mütləq teleqramdan sonra Heydər Əliyev bu məsələ ilə bağlı bir söz deyəcək. Özüm qərargahda bir neçə zabitlə televizorun qabağında oturmuşdum. İki saat keçdi Ümummilli Liderimiz Heydər Əliyev Milli Məclisdə tribunaya çıxdı, kağız tutduğu əlini qaldıraraq dedi ki, hamısı yalandır. Talışlar cəbhədədir.704 cəbhədədir. Kapitan Qurbanov geri dönmür. Ondan sonra sakitləşdilər.
Əlikram Hümbətovun 704 saylı hərbi hissəyə aidiyyatı yoxdur.

Tutaq ki, Rəhim Qaziyev pisdir, Şəki taboru günahkardı burada? Hesab edək ki, Sürət Hüseynov pisdir, 181 saylı hərbi hissənin hamısı pisdir? Axı mənim gözümün qabağında 181 saylı hərbi hissə Beyləqanda döyüşlər aparıb, qəhrəmanlıq göstəriblər. Hərbi hissələri kiminsə adına bağlamağa heç kimin haqqı yoxdur. Buna deyirlər, tarixi saxtalaşdırmaq.

Əlikram Hümbətovun məlum hərəkətlər etdiyi zaman Fətullah Hüseynovla görüşdüm. Mənə dedi ki, komanda versələr, briqadanı çıxarıb Lənkərana aparsalar nə edərsən? Gülüb cavab verdim ki, briqada buradan çıxa bilməz:”Bu briqada mənə tabedir, mənə heç kəs komanda verə bilməz. Mənə yalnız Müdafiə Nazirliyi və korpus komandiri komanda verə bilər. Onlar belə komanda versə briqadanı Lənkərana aparmaram. Əgər mən çıxıramsa mənim döyüş tapşırığımı kim yerinə yetirəcək? Mümkün deyil”. Onda Fətullah Hüseynov mənə təşəkkür etdi. Briqadada bir müşavirə keçirdim və çıxışımda hər kəsə səsləndim:”Bəzi zabitlər gedib Əlikrama qoşulub. Bizim birinci vəzifəmiz vətəni qorumaqdır. Hərbçilər siyasətə qarışmamalıdırlar”.

1994-cü ilin yanvarında müddətdən əvvəl mayor rütbəsi aldım. Təqdimatımda yazılıb, döyüş əməliyyatlarını uğurla apardığına görə, vaxtından əvvəl mayor rütbəsi verilsin. Həmin rütbə Nəcməddin Sadıqovun imzası ilə verilib, buna şübhələri var? Müdafiə Nazirliyinin əmri ilə hərbi hissə komandiri idim, başqaları kimi icra hakimiyyətinin əmri ilə yox. Özümdən batalyon yaradan komandir olmamışam.

– Nərgiztəpənin işğalı və sonradan geri qaytarılmasından danışın.

– 1993-cü il fevralın 8-dən 9-na keçən gecə Avşar bölüyünü ermənilər mühasirəyə almışdılar. Nurəddin Sadıqov mənə zəng elədi ki, təcili taborunu götür çıx, Ağcabədi istiqamətində vəziyyət pisdir. Biz oraya gələndə ermənilər Nərgiztəpəni almışdılar. Gələn kimi oranı atəşə tutduq, sonra kəşfiyyatçılar irəli getdilər. Avşar bölüyündən iki nəfərin cəsədini gətirdilər. Gəlib oraya baxdım, dedim, Nərgiztəpəyə niyə adam yerləşdirmisiniz? Nərgiztəpə Daş təpənin altındadır. Oradan Nərgiztəpəyə nəzarət etmək olur. Ondan sonra Nərgiztəpəyə erməni gələ bilmədi. 831 saylı Ağcabədi ərazi Özünü Müdafiə Batalyonu (onda 704-ün tərkibində idi) Daştəpədən oraya nəzarət edirdi, həm də, açığı, adam da çatmırdı.

– Hərbi hissənin qərargahı Avşar kəndində idi?

– Ərazi isə çox geniş idi. 1993-cü ilin oktyabr ayında mənim qərargahın Beyləqanın rayonunda Xaçınstroyda idi. Bizim komanda məntəqəmiz 179-cu yüksəkliyin yanındakı fermada idi.

Müharibə eləmək üçün təkcə avtomat lazım deyil. Planlaşdırmaq lazımdır. Komandir tabeliyində olan silahların döyüş xassəsini bilmirsə, atəşi düzgün planlaşdıra  bilməz. Atəş düşmənin məhv edilməsinin əsasıdır. Əgər komandir döyüş, arxa və texniki təminat baxımından savadı yoxdursa, şəxsi heyətin hazırlıq səviyyəsini bilmirsə, döyüşü planlaşdıra bilməz.

Səxavət Məmməd

www.yenicag.az

6871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv